Türkiyə Cümhuriyyəti Oftalmoloji Dərnəyi Bayburt Universitetində Azərbaycan, Qırğızıstan və Özbəkistan mütəxəssislərinin də iştirakı ilə konfrans keçirib. Elmi məclisdə türk dünyası ölkələrində oftalmologiya sahəsində əldə edilən nailiyyətlər, tədqiqatların nəticələri və innovasiyalar müzakirə edilib.
Azərbaycandan həkim-oftalmoloq Yazgül Abdıyeva, Türkiyədən professor Süleyman Kaynak və həkim Bekir Sitkinin moderatorluğu ilə aparılan müzakirələrdə giriş nitqləri ilə Türkiyə Cümhuriyyəti Oftalmoloji Dərnəyin rəhbəri Önər Gelişkən, dərnəyin fəxri sədri Sunay Duman, baş katibi Züleyxa Yalnız Akkaya, tədbirin ev sahibi, millət vəkili Orxan Atəş, TOD-un baş katibi Kıvanç Güngör və Bayburt Universitetinin rektor köməkçisi Əli Savaş Bülbül çıxış ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, TCOD-un fəxri üzvü Yazgül Abdıyeva konfransda məruzə ilə də çıxış edib. O, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin inkişaf tarixi, dünəni və bu günündən söz açıb, Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən, səyyar klinikanın köməyi ilə görülən işlərdən geniş bəhs edib.
Sonda iştrakçılara sertifikatlar təqdim olunub və Bayburt şəhərində yerləşən Bakı muzeyinə səyahət təşkil edilib.
Zərifə HÜSEYNOVA
XQ