Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST müfəttiş" layihəsinin təqdimatı” mövzusunda sahibkarlarla görüş keçirilib. Toplantıda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün işçi icazələrinin alınması sahəsində görülən işlər müzakirə edilib. “Əmək və məşğulluq” altsisteminin yenilikləri təqdim olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Böyük qayıdış proqramı üzrə öz torpaqlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsində özəl sektorun xüsusi rolunu vurğulayıb, iş adamlarını dövlət-özəl dialoqu çərçivəsində yaradılan yeni e-platformanın imkanlarından yararlanmağa dəvət edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər əmək və məşğulluq sahələrində aparılan islahatları, bu islahatlar prosesində sosial tərəfdaş olaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, altsistemin əmək sahəsində bütün münasibətlərin e-platformaya keçidinə imkan verdiyini, yeni “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, ƏMAS-da tətbiq edilən yeniliklər barədə mütəmadi olaraq işəgötürənlərə onlayn və offlayn olaraq təlimlər keçirilir, habelə işəgötürənlərin ƏMAS-ın təkmilləşdirilməsi ilə bağlı təklifləri də operativ şəkildə nəzərə alınaraq diqqətdə saxlanılır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxışlarında qeyd ediblər ki, layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır.
“E-sosial.az” portalı beynəlxalq mükafat alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı “Communitas” beynəlxalq təşkilatının (ABŞ) təşkil etdiyi “Communitas Awards” müsabiqəsində yüksək qiymət alıb.
Müsabiqənin saytında bu barədə, habelə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat verilib. Həmçinin saytda portala və pensiya kalkulyatoruna dair posterlər də təqdim edilir. Bundan əvvəl də e-sosial.az portalı bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Bu il 400-dən çox imtiyazlı şəxs müalicəyə göndərilib
Sosial Xidmətlər Agentliyi bu il 417 imtiyazlı şəxsi sanator-kurort və müalicə mərkəzlərinə göndərib.
Onlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanası, “Duzdağ” Fizioterapiya Mərkəzi və Naxçıvan Sağlamlıq Mərkəzində, “Ulusu” Sanatoriyasında, “Belvedere Baku” Hotel və Şahdağ Guba & Truskavets müalicə mərkəzlərində müalicə kursu keçiblər. Həmin şəxslər sırasına əlillər, həmçinin müharibə ilə əlaqədar əlil olanlar, şəhid ailələrinin üzvləri daxildir.
Azadlığa çıxmış məhkumlara diqqət və qayğı
Sosial Xidmətlər Agentliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti görüş keçirib.
Ədliyyə Nazirliyi ilə 17 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilən tədbirdə agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib. Sosial xidmətə ehtiyacı olan, habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlərin təşkil olunduğu, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb olunduqları bildirilib, sosial-psixoloji reabilitasiyanın təşkilinə dair təqdimatlar edilib.
Tədbirdə məhkumluqdan azad olunmasına üç ay qalmış daha bir qrup şəxsin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.
Zərifə HÜSEYNOVA
XQ