Əqidə yolçusunun “Azərbaycannaməsi”

post-img

Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyi ictimaiyyətə təqdim olunub

Xəbər verildiyi kimi, Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyi nəşr edilib. 1970-ci ildə “Gənclik” nəşriyyatında “Tanımaq istəsən” adlı 40 səhifəlik ilk kitabı 4500 tirajla çıxan müəllif bu gün ölkənin ən ünlü qələm sahiblərindəndir. 

Sabir müəllimin ilk kitabı ilə bağlı maraqlı xatirəsi var: “Bu, şəhərli bir qıza sevgi ünvanı idi. 24 yaşım vardı. Deyirdim ki, əgər məni tanımaq istəyirsənsə, doğulduğum kəndə, dağlara gəlməlisən, böyüdüyüm mühiti görməlisən. Onda məni duya bilərsən. Şeirin məzmunu budur. Kitabın ümumi məzmunu isə bir vətəndaşlıq səciyyəsi daşıyır. Cavan söz adamı, şeir həvəskarı kimi gəlmişəm bu meydana. Əgər məni tanı­maq istəyirsənsə, bu kitabı oxu – kitabın qayəsi budur. Bu kitab şeirə bir vəsiqəm, ədəbiyyata bir vətəndaşlıq pasportum idi”.

Gəl tutub əl-ələ qaçaq bu gündən,
Qayıdaq öz uşaq keçmişimizə.
Utancaq, mehriban, dəli, qüssəli,
Yolları dolaşıq keçmişimizə...

Ardınca şairin bir neçə il fərqlə “Sevgim, sevin­cim”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı” kitabları çıxıb. Sonra Sabir Rüstəmxanlı “Ömür kitabı”nı vərəqləyib, “Bütövlük həsrəti” ilə qovrulub, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana dilim” söyləyib, “Atamın ru­hu”na, “Göy tanrı”ya üz tutub, “Tanrının elçisi” Oğuz xanla ucalıb, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşub, “Difai fədailəri”nə qoşulub, taleyimizin “As­tar”ını üzünə çevirib və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı kimi tanınıb, sevi­lib. Bu yolda “Sunami”yə də düşüb, “Sənsizliyi yaşa­maq” da yazılıb qismətinə. Və nə xoş ki, Azərbaycanın Müstəqillik Aktına imza atanlardan olub, 44 günlük Vətən müharibəsindən sonra “Qarabağa dönüş” (poe­ma) edib. 

Çoxcildliyinin çapı ilə əlaqədar redaksiyamızın qo­nağı olan görkəmli ziyalı ilə söhbəti oxuculara təqdim edirik.

– Sabir müəllim, 60 illik bədii, elmi-publisistik yaradıcılığınızın yekunu olan çoxcildliyin işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında da sanballı bir təqdi­mat oldu. “Akademikin son əsəri” adlı maraqlı ro­manı olan müəllifin külliyatının məhz orada təqdim edilməsi, bəlkə də bir qanunauyğunluq idi. Tədbirə akademiklər, professorlar, şair və yazıçılar toplaş­mışdı. Hamı da ürəkdən danışırdı... 

– Çox sağ olun. 15 cildlik əsərlərimin çapından sonra sanki çiynimdən bir yük götürülüb. O mənada yox ki, daha yazı-pozu işlərinə nöqtə qoydum. Əksinə, iş daha da artıb. Sadəcə olaraq, 2021-ci ildə seçilmiş əsərlərimin nəşrinə başlayanda bunun belə ağır bir iş olduğunu bilmirdim. Yazıların tarixini müəyyənləş­dirmək, xronologiya üzrə düzmək, yenidən gözdən keçirmək xeyli vaxt və qüvvə istəyir. Nəşr prosesinə də gərək nəzarət edəsən. Bu mənada, sonda dərindən bir nəfəs aldım. Hələ də yarımçıq yazılarım qalır, ta­mamlaya bilməmişəm. İndi buna bir qədər imkan var. Düşünürəm ki, şükür, bir iş başa çatdı, amma yol hələ başa çatmayıb, qüvvə də tükənməyib. Mərkəzi Elmi Kitabxanadakı təqdimat isə unudulmaz oldu. Düzdür, bütün yaradıcılıq gecələrim gur keçib, amma bu təqdi­mat – alim, yazıçı dostlarımın çıxışları, ordakı insanla­rın münasibəti məni çox sevindirdi.

– Bu görüşümüz həm də Şairlər Gününə (5 iyun) təsadüf edir. Buna görə də təbriklərimizi qəbul edin. Bu günlər, eyni zamanda, Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun dünyaya gəldikləri tarixlə əlamətdardır. Bir qədər də bu barədə danışardınız.

– Deyirlər ki, dünyada əvəzolunmaz adam yoxdur, amma mənə görə, heç kim heç kimi əvəz eləmir. Hər kəsin öz yeri var. Dünya elə qəribə yaranıb ki, 2 qum dənəsi də, iki insan da bir-birinə oxşamır və gedənin yerini gələn doldurmur. Hər kəs öz həyatını, öz taleyi­ni yaşayır. Müşfiq Azərbaycan şeirində qeyri-adi, sel kimi bir ilham sahibi olan şair olub, acı tale yaşayıb – 29 yaş nədir ki... Onun haqqında görkəmli bəstəkar Cavanşir Quliyev bir oratoriya yazıb, sözləri mənə aid­dir. O zaman Müşfiqin həyatını daha dərindən öyrən­məyə çalışdım, sonda baxdım ki, yazdığım, əslində, bir pyesdir: Müşfiq, dostları, onun sevgisi, Səməd Vurğun, Gəncəyə getmələri, taleyinin sonrakı günləri... Düşün­düm ki, teatrların birinə təqdim edim, amma Dövlət Akademik Milli Teatrında Müşfiq haqqında bir tamaşa getdiyini bilincə fikrimdən daşındım. Hər halda, ora­toriyanın sözlərinin müəllifi olmağım məni sevindirir. 

O gün böyük şairimiz Rəsul Rzanın ev-muzeyinin açılışında da dedim ki, Müşfiqin adına layiq bir muzey yaradılmalıdır. Bəzən bizdə belə məkanların açılması­na qısqanc yanaşılır, deyirlər çoxdur. Amma nə edək ki, istedadlı adamlarımız da çoxdur. Ulu öndər Heydər Əliyev azərbaycanlı şairlərə Sosialist Əməyi Qəhrə­manı adları veriləndə Moskvada deyiblər ki, çoxdur. Cavab verib ki, neyləyək, parlaq istedadı olanlarımız çoxdur. Ev-muzeyləri həm tarix üçündür, həm də yeni nəsil, məktəblilər ev-muzeylərinə getməklə yarım ildə, bir ildə oxuduqlarından daha çox bilgi əldə edirlər. Bu mənada ev-muzeyləri vacibdir. 

Bir daha deyirəm, Müşfiqin Xızı yolundakı mu­zeyinə baxanda ürəyim ağrıyır. Orda balaca bir ev ti­kiblər. Yalnız sırf Müşfiqə aid olan əşyalar qoyulub. Amma, axı, bu, çox azdır. Nə masası qalıb, nə qələ­mi. Bununla belə, Müşfiq muzeyinin olması vacibdir. Yadıma Qabdulla Tukayın Tatarıstandakı ev muzeyi düşür. 24 il yaşayıb, buna baxmayaraq, muzeyi üçün 3 mərtəbəli gözəl bir buna ayrılıb. Onun dövrünə aid, onunla bir vaxtda yaşamış qələm dostlarına, tatar ziya­lılarına aid şəkillər, hətta Qabdulla Tukayın oxumuş olduğu “Molla Nəsrəddin” jurnalının da şəkli var orda. Yaxud, Almaniyada “Höte Evi”ni görmüşəm. 18–19-cu əsrlər alman mədəniyyətinin bütün görkəmli sima­ları orda təqdim olunur. Əslində, Müşfiq muzeyi rep­ressiya dövrünün muzeyi olmalıdır. Müşfiqlə yanaşı, acı tale yaşamış insanların tale yadigarları orda toplan­malıdır. Adamlar tez-tez ora getməlidirlər. Unudulmuş, cığırlarını kol-kos, ətrafını toz basmış o yeri görəndə adam utanır. Yəqin ki, Rəsul Rza muzeyinin açılışında dediklərim nəzərə alınar.

Vaqif Səmədoğlu isə dostumuz, əzizimiz idi. Azərbaycan şeirinin ayrı bir hadisəsi idi. Atasına bən­zəməyən, fərqli və öz dövrünün ruhunun ifadəçisi idi. Bilirsinizmi, sanki Vaqif öz yaradıcılığı ilə, sovet dövrünə düşdüyü üçün kimlərə isə mədhiyyə yazmağa məcbur olan Səməd Vurğunun qisasını alıb. Elə “Qətl günü”nün müəllifi olan Yusif Səmədoğlu da. Onlar öz varlıqları ilə həm də Səməd Vurğunun tale qoruyucusu olublar, onun deyə bilmədiklərini demələri, meydanda milli azadlıq hərəkatına qoşulub hayqırmaları, ataları­nın çəkdiyi mənəvi əzabların intiqamını almaları üçün Allah bu 2 övladı yaratmışdı. 

– Sabir müəllim, qayıdaq akademiyanın mərkəzi elmi kitabxanasındakı çoxcildlik təqdimatına. Mən də orda idim. Tədbiri akademik İsa Həbibbəyli aça­raq sizin çoxşaxəli bədii-publisistik yaradıcılığını­zı geniş təhlil etdi və dedi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, inkişafında rolunuz, xidmətiniz böyük olub və canlı korifeysiniz. Sitat: “Sabir Rüstəmxanlının poeziyası ilə bərabər, pub­lisistikası milli fikir müstəvisində xüsusi istiqamət açıb, nəsri də yetərincə güclüdür. Ötən əsrin son onilliyində onun təsis etdiyi ilk müstəqil mətbu nəşr – “Azərbaycan” qəzeti 100 minlərlə tirajla çıxırdı. Sabir Rüstəmxanlı bir alim kimi də nümunə sayıla bilər. Onun namizədlik dissertasiyası olan “Molla Nəsrəddin və folklor” mövzusu bu gün də aktualdır. Şairin əsərlərinin cildlərinə görkəmli alimlərin geniş ürəklə “Ön sözlər” yazması da onun yaradıcılığına necə yüksək dəyər verildiyinin bariz göstəricisidir”. Bəs, nədən doktorluq dissertasiyası yazmadınız? 

– Macalım, imkanım olmadı. Hey işləyirdim, vaxt çatdıra bilmirdim. Amma bir maraqlı psixoloji məqam da var. 1971-ci ildə Vyetnam birləşəndə mən “Bütöv­lük” adlı poema yazmışdım. Vyetnam xalqının müba­rizliyinin qələbəsi idi o birləşmə. Vyetnamlıları təbrik edirdim, amma içimdə Azərbaycanı nəzərdə tutub yaz­mışdım: 

Müstəqillik ilk inamım, ilk həsrətim,
Müstəqillik xalqın qeyrət bayrağıdır.
Müstəqillik hər ölkənin, məmləkətin
Zülm, əsarət orbitindən çıxmağıdır.

Yəni tam öz dərdimizi dilə gətirmişdim. Poema­mı “Ədəbiyyat” qəzeti qoşa səhifədə çap elədi. Onda cəmi 20 günə yazdığım namizədliyimi yenicə müdafiə etmişdim. Dissertasiyam yüksək qarşılanmışdı. İnsti­tuta gedəndə gözəl ailm, akademik Məmməd Cəfərlə rastlaşdım. Məni otağına dəvət elədi. Orada gördüm ki, həmin “Ədəbiyyat” qəzeti stolunun üstündədir. Özü də qırmızı karandaşla haşiyəyə aldığı yerləri, qeydləri var. Dedi ki, bu poemanı yazan adamın ədəbiyyatşü­naslıqla məşğul olmağa vaxt sərf etməyinə dəyməz. Get, şairliyi davam elətdir. O kişi sanki mənim yolumu kəsdi (gülür). Amma sonra institutun direktoru Yaşar Qarayev dedi ki, namizədlik dissertasiyan elə doktor­luq səviyyəsindədir, bir az da artır, elmi hesabat yaz və biz kitablarını da nəzərə alıb, ona əsasən sənə elmlər doktoru adı verək. O vaxt attestasiya komissiyasının sədri Azad Mirzəcanzadə artıq həmin formada doktor­luq müdafiələrini ləğv etdiyi üçün daha arxasınca get­mədim. Düzdür, sonra Əlyazmalar İnstitutu mənə fəxri doktor adı verdi. Bir qeyri-dövlət Milli Elmlər Aka­demiyası da vardı, oranın da fəxri akademiki idim və sair. Yarımca il vaxt ayırsaydım, elmlər doktoru olar­dım, amma nəsə, etmədim. Sonra siyasət, Milli Məc­lisdə deputatlıq oldu. Nə isə... 1984-cü ildə mən pol­yak Adam Mitskeviçi tərcümə edəndə dəfələrlə vaxtilə yaşamış olduğu Litvaya getdim, litvaşünasların dünya qurultayında, oranın diasporu ilə görüşlərdə SSRİ-nin dağılmasının qaçılmaz olduğu qənaətim gücləndi. Qa­yıdandan sonra dərnəklərdə daha cəsarətli çıxışlar elə­dim, artıq biz özümüzü müstəqilliyə hazırlayırdıq və mən də elmi yox, ayrı yol seçdim.

– Siz, əslində, doktor olmayan böyük alimsiniz. O qədər elmi titullu tanınmayan alimlər var ki...

– O vaxt akademiya yarananda Səməd Vurğu­na, Mirzə İbrahimova (düzdür, Mirzə müəllim Cəlil Məmmədquluzadə haqqında “Böyük demokrat” adlı bir elmi iş yazmışdı), digər ədəbiyyatçılara, görkəm­li qələm sahiblərinə akademik adı verilmişdi. Hesab edirəm ki, indi də bunu edə bilərlər. Ədəbiyyatşünas­lar öz yerində, ədəbiyyatın özünün də akademikləri ola bilər. Özüm üçün demirəm. Məsələn, Anar hansı cəhəti ilə akademiklərdən, ədəbiyyatşünaslardan geri­dir? Yaxud da Elçin. Kifayət qədər yüksək elmi sayılan əsərləri var. 

– Elə sizin 15 cildliyinizin 2 cildi tam ədəbiyyat­şünaslıqdır, 3 cildi publisistikadır. Ədəbiyyatşünas­lıqla bağlı külliyata düşməyən digər əsərləriniz də var. Məsələn, “Hüseyin Arifin lirikası”, “Aşıq po­eziyasında realizm”, “Ədəbiyyatımız müstəqillik yollarında” və bu tipli çoxlu araşdırma yazılarınızı yada sala bilərik. Sabir müəllim, Anarın adını çək­diniz, 15 cildliyinizin təqdimatında o sizin “Ömür kitabı”nızı ədəbiyyatımızın inkişafında yeni bir mərhələ kimi dəyərləndirdi və dedi ki, istedad, iradə və zəhmətlə hasilə yetirdiyiniz bu külliyatın təqdimatı Azərbaycan mədəni aləmində əlamətdar hadisədir. Anar həmişə sizinlə sarsılmaz dostluğunu da qeyd edib. Şahidəm ki, Yardımlıda, doğma kən­diniz Hamarkənddə olan 50 illik yubileyinizdə də bu barədə ürəkdən danışıb.

– Mənim üçün Anar Azərbaycanın bir dəyəridir. Qələmi ilə, sözü ilə, həyatı ilə bir dəyərdir. Rəsul Rza və Nigar Rəfibəylinin ocağından çıxıb. Artıq özü də mənim təsəvvürümdə bir klassikdir. Təkcə “Dədə Qorqud dünyası” adlı yazısı Azərbaycan tarixşünaslığı üçün bir örnəkdir. “Molla Nəsrəddin – 66” satirik he­kayələrini oxuyandan Anarı sevməyə başlamışam. 

Yadıma gəlir, AYB-nin qurultaylarından birində məruzəçi idim. Sədr Anara dedim ki, bu dəfə güzəşt­siz danışacağam, kim nəyi haqq edir, onu deyəcəyəm. Dedi, bir-iki nəfər var, onları çox incitməyək. Düzdür, misallarım qaldı, amma adları çıxardım. Bütövlükdə ədəbiyyat haqqında fikirlərimi sonadək düzgün dedim. 

Xatırladaq ki, istiqlal şairimiz Xəlil Rza bununla bağlı bir poema da yazmışdı:

...Min dəfə gördüyümüz adicə yoldaşımız, 
İndi söz kürsüsündə ucalmışdır dağ kimi. 
Fikrinin alovundan neçin od tutmur kağız? 
Fikir-dəmir sərkərdə, qəlbimizin hakimi. 
Salonda sənət əhli-şairlər, tənqidçilər, 
Cərrah kimi doğrayır, yarır tənqidimizi. 
Doğru söz yanar qəlbə bəlkə sərin su çilər, 
Büllur, cəsur sözüylə ovsunlayar o bizi. 
...Kürsüdə bir gül qomu, - yoxsa Vətən gülzarı, 
Nura dözməyib qaçan bəlkə bir yarasaydı. 
Tahirzadə Sabirin od tutardı məzarı, 
Yeni, kişi Sabirlər əgər yaranmasaydı.

Sabir Rüstəmxanlı sözünə davam edərək dedi:

– Həmin axşam Anarla Yusif Səmədoğlu mənə zəng vurdular. Anar dedi ki, təbrik edirəm, o divarlar arasında çox çıxışlar dinlənilib, sənin məruzən ən yax­şılardan biri oldu. Yusif isə özünəməxsus şəkildə dedi ki, sən bundan sonra mənim qardaşımsan. Yəni belə əhvalatlar çox olub. Anara qarşı bəzi kobud tənqidləri, yersiz ittihamları qeyri-etik və gərəksiz sayıram. Bu barədə fikirlərimi bir neçə dəfə açıq yazmışam. Yadı­nıza gəlirsə, Bəxtiyar Vahabzadəyə də hücumlar vardı, onda da mən susmamış, cavab yazmışdım. Bax, indi Bəxtiyar yoxdur, min tərinamə yazsan da, qaytara bil­məzsən. Qədirşünas olmaq lazımdır...

– Siz həmişə həqiqəti demisiniz. Elə təqdimat­da akademik Nizami Cəfərov da vurğuladı ki, sizin yazdıqlarınız milli təəssübkeşlik örnəyidir, ədəbi və əbədi səciyyəlidir. O sizi cəmiyyətin ruhunu bilən, qələmə alan cəsarət sahibi kimi xarakterizə etdi. Dedi ki, yazılarınızla zəkalarımıza, ürəklərimizə impuls verirsiniz, fundamentallığı qoruyub saxlaya bilirsiniz. Ana dilinin müqəddəsliyini, yaddaşı, milli ideya spektrlərini xalqa yaxın intonasiya ilə çatdı­ransınız.

– Nizami Cəfərov ciddi alimdir, ondan belə sözlər eşitmək xoşdur. Onunla birlikdə işləmişik. Güclü ədə­biyyatşünas, alimdir. Dəb dalınca qaçmır, sözün ma­hiyyətini deməyə çalışır, türkologiya və digər sahələrdə dəyərli alim kimi tanınır. Düzdür, fikir ayrılıqlarımız, mübahisələrimiz də olub. Qısası, təqdimatda dostla­rımızın hamısının çıxışları dəyərli idi və söylənənləri bir növ avans kimi qəbul edirəm. Baxmayaraq ki, bu yaşda avans olmaz, amma yenə də məclisin gətirdiyi hava adamı ruhlandırır. Mən 13 yaşımda ikən kənd­dən çıxmışam. Rayon mərkəzində oxuyub yataqxana­da qalmışam. Sonra 17 yaşımda Bakıya gəlmişəm. O vaxtdan ömrüm Bakıda keçib. Amma bugünün özündə də hələ kənddən ayrılmamışam. Yəni sosial mənşəcə kəndliyəm. Ziyalıyam, amma o kənd ruhundan ayrı düşməmişəm.

O gün Dilçilik İnstitutunun 15 cildliyimin lüğəti ilə bağlı apardığı bir araşdırmanı çap ediblər. Bu, bir növ dil lüğətidir. Qeyd olunduğuna görə, orda 1 milyon 800 min söz var, ən çox işlənən sözlərin “Azərbaycan”, “ana”, torpaq”, “millət”, “vətən”, “ruh” olduğu qeyd edilib. Kəndin unudulmaqda olan həyat tərzi haqqın­da yazdığım silsilə də qeyd olunub. Məsələn, “Qoca­lar payızda taxıl əkərdi”, əl ilə elə səpərdilər ki, sanki günəşin şəfəqlərini yayardılar. Sonra ot yığardıq, biçin, xırman nəğməsi oxuyardıq, xırman qarovulçusunu an­mışam, yaylaq yolu, el yolu ilə, sellərlə bağlı xatirələ­rim, at haqqında 2 əfsanə-şeirim lazımınca dəyərlən­dirilib: 

At cildində, quş cildində, ağac cildində,
Bu dünyada hərəmizin bir sehrimiz var.
Əgər tale qismətisə, qoymayın itə,
Bilmək olmaz, min il sonra gərəyin olar...

Bir dəfə atımızı satmışdıq. Gecə şimşək çaxan ya­ğışlı havada ikigünlük yolu qayıdıb gəlmişdi. O, bir uşaqlıq xatirəsi idi. Bəlkə də Nizami Cəfərov “yaddaş” deyəndə bunu nəzərdə tuturdu ki, gərək yaddaşımızı qoruyaq. Dilçilik İnstituna da təşəkkür edirəm.

– Təqdimatda akademik Rafael Hüseynov da dəyərli bir ürək sözü dedi: “Sabir Rüstəmxanlı­nın çoxcildliyini “Azərbaycannamə” adlandırmaq olar”. O, “Qan yaddaşı”nı da xatırlatdı. Bildirdi ki, unudulmaz Xudu Məmmədov “Qan yaddaşı” adını möcüzəli ad hesab edirdi (Çünki ona qədər yabançı “gen yaddaşı” ifadəsi işlənirdi). Sabirin əsərlərinin bütün cildləri məhz milli yaddaşın diqtə­si, duyğulu illüstrasiyalarıdır, janr və formasından asılı olmayaraq, sırf azərbaycançılıq məfkurəsinə xidmət edir. O, istedadı millətə necə sərf etməyi bilən ziyalıdır. Xalq hərəkatı dövründə “Azadlıq” meydanında şairin alovlu çıxışları yaxın tariximizin işıqlı anlarını təşkil edir. 

– Mən “Ədəbiyyat” qəzetində işləyəndə bugünün böyük ailmi Rafael Hüseynovun ilk yazılarını, Baba Tahirdən tərcümələrini çap eləmişik, dostlaşmışıq. Birgə səfərlərimiz olub. Mən haqqımda yüksək söz­lər deyənlərin hamısına təşəkkür edirəm. İndiyədək haqqımda 12 kitab yazılıb, bunun 4-ü Türkiyəyə aiddir. 

İlk dəfə Bakıdan çıxanda mənim getdiyim yer Başqırdıstan olmuşdu. Sonra dünyanın hər tərəfinə get­dim, türk dünyasını bütöv gəzdim. Doğu Türküstanda oldum, Mahmud Kaşğarinin məzarını ziyarət elədim. Altaylardan üzübəri bütün türk ellərinə yolum düşdü, qədim mədəniyyət abidələrinə baş əydim. Bütün bun­lar adamın içinə elə bir ruh doldurur ki, bu xalqın dün­yanın sahibi olduğunu görürsən. Bizi ayırıblar, əziblər. Əvəzində biz də güclənməli olmuşuq. Buna görə də mən heç vaxt çəkinmədən, tərəddüd etmədən millətin sözünü cəsarətlə danışmışam. İçimdə bir azadlıq olub həmişə. 

“Qan yaddaşı”na gəlincə, bir gün Bərdədə Nüşabə qalasının yanında gördüm ki, 6–7 yaşlı bir uşaq zoğal budaqlarını kəsib ox-yay düzəldə-düzəldə maraqlı tərzdə nəsə oxuyur. Əslində, o heç bilmirdi ki, bu, nə qalasıdır, burda nə zamansa savaş olub. Sadəcə, qanı­nın diktəsi ilə orda ox-yay düzəldirdi. Görünür, tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından. Və hə­min vaxt o şeirimi yazdım:

Nüşabə qalasının yarıuçuq bürcündə,
Boy atıb qalınlaşan zoğallığın içində
Bir uşaq oxuyurdu bu dünyadan ayrılıb...
...Soruşdum:”Oxuduğun mahnının adı nədir?”
Güldü, gözü qıyıldı, gülüşü də nəğməydi -
Yayıldıqca yayıldı...
Dedi bilmirəm, əmi, təkəm də, oxuyuram,
Heç sözünü bilmirəm, özümdən toxuyuram.
Özündən “toxuyurdu”, mahnısını o uşaq.
İçəridən gələn səs ona “oxu” deyirdi.
Qəhrəman bir torpaqdan gələn qəhrəman həvəs
Al əlinə bu yayı, at bu oxu deyirdi...

Xudu müəllimin çox xoşuna gəlmişdi. O vaxt bil­gisayarlar təzə çıxmışdı, üzünü köçürtdürüb divardan asmışdı. Demişdi, gedək, gör. Gedə bilməmişdim. Amma 1971-ci ildə, günün birində dedi ki, sən Yar­dımlıda doğulmusan, mənsə oranı görməmişəm, sizə getmək istəyirəm. Ona bildirdim ki, ay Xudu müəllim, kasıb bir evimiz var, sən orda gedib əziyyət çəkərsən, filan. Qayıtdı ki, sənin atanın da adı Xududur, mən ge­dib onunla tanış olmaq istəyirəm, ona deyəsi sözlərim var. Nə isə, getdik. O, Bakıdan bizim evə gedən ilk zi­yalı dostlardan idi. Sonra çox dostlarım gedib bizim Hamarkəndə, amma Xudu müəllim birincisi idi. Ətrafa baxıb, söhbətlərə qulaq asıb soruşurdu ki, gen deyilən o qan yaddaşı budur?.. İndi Azərbaycan dilində, lüğəti­mizdə bu ifadə daha çox işlənir.

– Sabir müəllim, suallar çoxdur, amma gələn dəfəyə də qalsın. Çünki gələn il sizin 80 yaşınız ta­mam olacaq. Allah ömür versin. Yubileyiniz Yar­dımlıda da keçirilsə, Savalan dağı da verdiklərinin itmədiyinə görə baxıb fərəhlənər. 

– İnşallah! Həmişə dostlarla Yardımlıya gedəndə onları elə bir yerə aparıram ki, ordan sərhədin yaxınlı­ğından Savalan görünür. “Ömür kitabı”nda da Savalanla bağlı yer var – “Zərdüştlə söhbət”də. Orda torpaq şırımı var, indi də qalır, Azərbaycanın o tayı ilə bu tayını kəsib ayırıb. Əl uzatsan, çatar. İndi o tərəfə yol çəkilib, həmin yolla gedirəm. Yəqin ki, sən də getmisən, o yol ordan ta Cəlilabada qədər gəlir. Bizdən asılı deyil, orda doğulan uşaqlar hamısının içinə bütöv vətən ruhu dolub. Ayrı­lıq, üsyan ruhu hopub. “Sənə ucqar söylədilər” adlı şeir yazmışdım... Bir yandan itirmişik, kasıblıq, orta təhsilin çətinlikləri olub. Məsələn, mən musiqi təhsili almaq, xa­rici dillərdən bir-ikisini yaxşı öyrənmək istəmişəm, Yar­dımlıda mümkün olmayıb. Amma əvəzində o torpaqrda doğulmaq ayrı keyfiyyətlər verib bizə. Harda uduzmu­şuq, harda qazanmışıq, bunu zaman deyər. 

Əli NƏCƏFXANLI
XQ

Müsahibə