Nəfəs niyə qəfəs olur?

post-img

Öskürək varsa, həkim nəzarəti də mütləqdir

Qışın bitməsinə, yazın yarılanmasına baxmayaraq, insanlar arasında öskürək, allergiyaya bağlı nəfəs daralmaları yenə müşahidə olunur. Bəzən öskürək davamlı olur və hətta boğulmaya qədər şiddətlənir. Bronxların soyuqlaması təkrarlananda isə bu, artıq xroniki hala keçir. Nəinki havalar soyuyanda və yaxud külək zamanı, hətta dondurma, soyuq su qəbulunda da öskürək yenidən başlayır, sağalma uzun müddət çəkir. Səbəblərini anlamaqda çətinlik çəkdiyimiz bu öskürəklərin fərqi nədədir? Bu nəfəs daralmaları hansı xəstəliklərdən xəbər verir? ATU-nun ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, ftiziatr-pulmonoloq Rafiq Bayramov XQ-yə müsahibəsində bu suallara aydınlıq gətirdi.

– Doktor, öskürəklə müşahidə olu­nan hər əlaməti ağciyər xəstəliyinə aid etmək olarmı?

– Son illər insanlar arasında müxtə­lif xəstəliklərin, o cümlədən öskürəklə müşahidə olunan bronx-ağciyər xəstə­liklərinin artması müşahidə olunur. Ümu­milikdə, bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi var ki, bunların da 200-ə qədəri ağciyərlərin səpələnmiş xəstəlik­ləridir. Bronx-ağciyər xəstəliklərinə tutu­lan şəxslərin yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət olmur. Tənəffüs orqanla­rının xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti isə xəstələrin bir qismin­də uzun müddət, ümumiyyətlə, müşahidə olunmur. 

Öskürək orqanizmin müdafiə refleksi olub, hava axınının ağciyərlərdən sürətlə xaric olması və bununla da tənəffüs yol­larının yad hissəciklərdən təmizlənməsi prosesidir. Öskürək əsasən, tənəffüs orqanlarının patologiyaları üçün xas olan əlamət sayılsa da, tənəffüs orqanlarında heç bir problem olmayan şəxslərdə də müşahidə oluna bilər. 

– Öskürəyin yaranma səbəbləri hansılardır?

– Öskürək tənəffüs sistemi orqanla­rının patologiyaları zamanı, kəskin res­pirator virus infeksiyaları – KRVİ, bronx və ağciyər parenximasının zədələnməsi ilə gedən xəstəliklər – bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, vərəm və s. zamanı müşahidə olunur. LOR orqanların patologiyalarında – rinit, postnazal drip sindromu, sinusit, laringit, dilçəyin uzun olması, müxtəlif qıcıqlan­dırıcı maddələrlə nəfəsalma zamanı – qazlar, toz, siqaret tüstüsü, ürək damar sisteminin ürək çatışmazlığı ilə müşahidə olunan xəstəliklərində, hətta mədə-ba­ğırsaq xəstəlikləri zamanı – əsasən, qastroezofaqial refluks zamanı da baş verir. Onu da qeyd etmək yerinə düşər ki, dərmanların arzuolunmaz effekti kimi və bəzi toz formasında olan preparatların istifadəsi zamanı, bununla yanaşı, psixo­emosional və metabolik pozğunluqlarda, hətta podaqra, respirator alkaloz, Şeqren sindromu, hiperteriozda öskürək yaranır.

– Müxtəlif səbəblərdən baş verən öskürəklərin gedişi də fərqli olurmu?

– Bəli, öskürək quru və yaş (bəlğəm­li) olur, davam etmə müddətinə görə isə kəskin (əgər 3 həftəyədək davam edər­sə), yarımkəskin (3 həftədən – 3 ayadək davam edərsə) və xroniki (əgər 3 aydan çox davam edərsə) olmaqla 3 qrupa bölünür. Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərinin başlanğıc mər­hələsində, qastroezofaqial reflüks, bəzi dərman preparatlarının qəbulu, ağciyər­lərin peşə-toz xəstəlikləri (pnevmokoni­ozlar), plevrit zamanı və s. hallarda daha çox müşahidə olunur. Bəlğəmli öskürək isə əsasən bronx-ağciyər aparatının il­tihabi xəstəlikləri, o cümlədən ağciyər vərəmi zamanı yaranır. 

Kəskin öskürək, adətən, yuxarı tənəf­füs yollarının virus və bakterial infeksiya­ları, pnevmoniya, yad cismin aspirasiya­sı, bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin (AXOX) kəskin­ləşməsi zamanı müşahidə olunur. Ya­rım kəskin öskürək isə keçirilmiş kəskin tənəffüs infeksiyalarından sonra, LOR (qulaq-burun-boğaz) orqanların xəstə­liklərində, ağciyərlərin interstisial pato­logiyalarında, vərəm, plevrit, bronxial astma, AXOX, tənəffüs orqanlarının yeni törəmələri, tütünçəkmə və s. zamanı baş verir.

ÜST-nın tövsiyyələrində qeyd olunur ki, əgər xəstə 3 həftədən çox öskürər­sə, onun mütləq ağciyər vərəminə görə müayinə olunması məsləhətdir. Xroniki öskürək isə daha çox ürək qan-damar sistemi (ürək çatışmazlığı), mədə-bağır­saq sistemi patologiyaları (qastroezofaqi­al refluks), birləşdirici toxumanın diffuz xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu (AÇF inhibitorları), tütünçəkmə, vərəm və s. zamanı müşahidə olunur.

– Ağciyərlərdəki “qalıq dəyişiklik­lər”lə bağlı məlumat verərdiniz. Bu də­yişiklik həmişə olub, yaxud son illərdə yaranıb?

– Son zamanlar, əsasən də koronavi­rus pandemiyasından sonra müxtəlif müa­yinələrin, xüsusilə də, döş qəfəsi orqanla­rının kompüter tomoqrafik müayinələrinin nəticələrində “ağciyərlərdə müxtəlif ölçülü düyünlər, fibroz dəyişikliklər və s. müəy­yən edilir” kimi qeydlərlə tez-tez rastla­şırıq. Bu dəyişikliklər aşkar edilən pasi­yentlərin bəziləri müxtəlif bronx-ağciyər şikayətləri (öskürək, bəlğəm ifrazı, təng­nəfəslik və s.) olanlar, bəziləri isə heç bir ciddi bronx-ağciyər narahatlığı olmadan, koronavirus pandemiyası dönəmindən, hətta həkim təyinatı olmadan çox istifadə edilən kompüter tomoqrafik müayinədən keçənlərdə müşahidə edilir.

Qeyd etmək istəyirəm ki, bronx-ağ­ciyər patologiyalarının əksəriyyətində sağaldıqdan sonra müxtəlif ölçülü qalıq dəyişikliklər (çapıq, fibroz, kalsinat, dü­yün və s.) qala bilər. Ancaq bəzi hallarda pasiyentlərdən keçirdiyi ağciyər xəstəlik­ləri haqqında dolğun məlumat toplamaq mümkün olmur və buna görə də kompü­ter tomoqrafik müayinədə aşkar edilən “qalıq dəyişikliklər”in mənşəyini təyin et­mək çətin olur. Dəyişiklik, bəzi hallarda xəstəliyin dərmansız, öz-özünə sağalma­sı nəticəsində də baş verə bilər. 

– “Qalıq dəyişikliklər”in təhlükəsi varmı?

– Ancaq bəzi “qalıq dəyişikliklər”in diqqətdən qaçırılmaması və nəzarətdə saxlanılması lazımdır. Xüsusilə “düyün” formasında olan “qalıq dəyişiklikllər” bir sıra ağciyər patologiyalarının sağalması nəticəsində qalan qeyri-aktiv dəyişiklik olsa da, bəzi hallarda müxtəlif patologi­yaların başlanğıc və ya kiçik mərhələsi də ola bilər. Bu qalıq dəyişikliklərin sa­yından və xüsusilə də ölçüsündən asılı olaraq yanaşma taktikası haqqında pro­tokollar mövcuddur.

Ona görə də, qeyd edilən dəyişiklər aşkar edilən pasiyentlər təşvişə düşmə­sinlər. Yalnız kompüter tomoqrafiya müa­yinəsi deyil, kompleks klinik-laborator müayinə olunaraq dəyişikliyin mənşəyini təyin etməyə və ya nəzarətdə saxlanıl­masına gərək olduğunu qeyd etmək istə­yirəm.

Sonda onu demək istəyirəm ki, bütün xəstəliklərin müalicəsində uğurlu nəticə əldə etmək üçün həkim nəzarəti mühüm amildir. Öskürəyin qarşısının alınması və müalicə olunmasında onun hansı səbəb­dən yaranmasının müəyyən olunması və həmin səbəbə qarşı müalicə və profilakti­ka tədbirlərinin aparılması önəmlidir.

Müsahibəni apardı:
Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə