Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının 2-ci günü açıq səma altında qurulmuş səhnələr növbəti konsert proqramları ilə davam edib. Xan qızı Natəvanın Sarayı qarşısında ICESCO-ya üzv ölkələrin – Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti maraqla qarşılanıb.
Konsertdən əvvəl Mərakeş Krallığı Mədəniyyət Nazirliyinin nümayəndəsi xanım Nada Mxatr “Tizwit”in buna qədər dünyanın bir çox ölkələrində beynəlxalq festivallarda uğurla çıxış etdiyini söyləyib: “Şuşada keçirilən musiqi bayramı da bizim üçün önəmli və çox maraqlıdır. Qrup bu gün “Gül” kompozisiyasını təqdim edəcək. Yaradıcı heyət bu festivala ciddi hazırlaşıb və öz repertuarında olan ən maraqlı musiqi nömrələrindən ibarət “çələng” düzəldib. İnanıram ki, qrupun çıxışı hər kəsin ürəyincə olacaq. İlk dəfə gördüyümzü Şuşa isə çox gözəldir. Sizin çox qədim mədəniyyətiniz və bənzərsiz musiqiniz var. Qonaqpərvərliyinizi, dadlı mətbəxinizi sözlə ifadə etmək çox çətindir. Burada olmaqdan, belə gözəl ənənələrə malik festivalda iştirak etməkdən məmnunuq”.
Sonra “Tizwit” və “Almazyood” musiqi qrupları yaddaqalan musiqi nömrələri təqdim ediblər. Onların təqdimatında nümayiş olunan rəqslərdə və təqdim edilən ifalarda özlərinə məxsus milli adət-ənənələr, folklor nümunələri və müasir rəqs üslubları yer alıb. Çıxışlar alqışlarla qarşılanıb.
***
Festival çərçivəsində mayın 12-də “Qarabağnamə” adlı sərgi nümayiş olunub. Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan ekspozisiyada 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri təqdim edilib.
Təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərləri xüsusilə bəyənilib. Seyrçilər Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları və dərələrinin ustalıqla kətana köçürüldüyünə şahid olublar. Rəsmlərin səciyyəvi cəhəti kimi rəng–forma cəlbediciliyi, tarixi yurd yerlərimizin təbiətinə sevgi, adət-ənənələrimizə peşəkar maraq diqqət çəkib.
Əsərləri nümayiş etdirilən rəssamlar sevinc hisslərini bölüşərək, bundan sonra da yaradıcılıqlarında Qarabağ və Şuşaya mövzusuna məxsusi yer ayıracaqlarını bildiriblər.
***
İslam dünyasının mədəniyyət paytaxtında Azərbaycan, Özbəkistan və Qvineyanın peşəkar ritm ustalarının virtuoz çıxışları festivalın proqramına xüsusi rəng qatıb. Əvvəlcə ölkəmizin məşhur “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun və Özbəkistan “Abbos” qrupuna başçılıq edən Əməkdar artist Abbos Qasımovun təqdimatında xalqlarımızın dostluğunu tərənnüm edən musiqi nömrələri səsləndirilib.
Ardınca “Natiq” ritm qrupu yüksək peşəkar performans sərgiləyib. Zərb və nəfəsli musiqi alətlərinin ustaları “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh”, eləcə də digər kompozisiyalarla yanaşı, məhz bu konsert üçün hazırlanmış yeni nömrələri ifa ediblər.
Konsertdə özbəkistanlı sənətçilər və Qvineyadan gəlmiş məşhur ritm ustası Abubakar Silla da heyrətamiz çıxışları ilə yadda qalıblar. Şux, oynaq mahnılar bir-birini əvəz edib. Günün son konsertinin yekun nömrəsi isə peşəkar ritm ustalarının təqdimatında milli “Yallı” rəqsi olub. Bu ifanın sədaları altında bütün iştirakçılar bir daha xalqımızın həmrəyliyini, birliyini, sülhsevərliyini nümayiş etdirərək əl-ələ tutub rəqs ediblər.
Qvineyalı qonaq Abubakar Silla konsertdən sonda jurnalistlərə müsahibəsində festivalın onda zəngin təəssürat yaratdığını vurğulayıb: “Azərbaycan xalqı çox qonaqpərvərdir, milli musiqiniz son dərəcə cazibədardır, İslam dünyasının mədəniyyət paytaxtı Şuşanın füsunkar təbiəti isə adamı valeh edir. Azərbaycandan bu diyarı sevə-sevə ayrılacağam və Şuşa səfərim daim yaddaşımda qalacaq”
Xatırladaq ki, mədəniyyət vasitəsilə həmrəyliyi, dostluğu, sülhü və tolerantlığı tərənnüm edən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında İndoneziya, İran, Qazaxıstan, Qətər, Türkiyə də təmsil olunub. Beləliklə, musiqi bayramı mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə misilsiz töhfə verib.
XQ