Dünən Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının iştirakçıları və qonaqları Laçına toplaşmışdılar. Səsi ulu Zəngəzur dağlarında əks-səda verən musiqi bayramı bir daha bu yerlərin əzəli-əbədi ünvanımız olduğunu dünyaya bəyan etdi.
Mayın 10-da Prezident İlham Əliyevin növbəti dəfə Laçına gəlməsi, su elektrik stansiyalarının açılışını etməsi, Sus kəndinə köçmüş sakinlərlə görüşməsi, iki gün sonra isə ilk dəfə olaraq burada da “Xarıbülbül” festivalının təşrif buyurması rayon sakinlərini hədsiz sevindirdi. Bu sevinclərə sanki dağlarda bitən yaz gülləri də qoşulmuşdu. Bildiyimiz kimi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin xatirəsinin rəmzi kimi qəbul edilən, bülbül timsallı xarıbülbül Laçında da bitir. Əlvan kəpənəyi xatırladan səhləb çiçəyi də, o biri “xanım-xatın” güllər də yazda Hoçazı, Qırxqızı, Sarıbabanı bəzəyir. Festival təntənələri zamanı ətirli “dağ gözəlləri” Həkərinin aşağı sahillərinə boylanıraraq, qələbəliyi, çal-çağırı seyr edirdi.
Laçının laçın vaxtlarını müjdələyən festival isə çaykənarı bulvarda saatlarca davam elədi. Burada keçirilən Novruz bayramı, “Can Laçın” yarmarkası, digər kütləvi tədbirlər kimi, “Xarıbülbül” festivalının da yaddaşların bahar əsintisinə çevriləcəyi şübhəsizdir. Çünki Laçında qonaqlar və yerli sakinlər üçün fərqli ölkələrdən gələn ifaçıların təqdimatında rəngarəng proqramlı möhtəşəm konsert təşkil olundu...
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin vali-deyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi təqdim olunub.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları maraqla qarşılanıb.
Sonda iştirakçılar hamılıqla “Bura Vətəndir” mahnısını ifa ediblər.
XQ