Xəbər verdiyimiz kimi, Sumqayıtdakı Əli Kərim adına “Poeziya Evi”ndə VI Milli Kitab Sərgisi keçirilib. Dörd gün ərzində orada müxtəlif nəşriyyatların Azərbaycan, türk, rus və ingilis dillərində buraxdığı minlərlə kitab endirimli qiymətlərlə satışa çıxarılıb, tanınmış ziyalıların, şair və yazıçıların oxucularla görüşləri olub.
Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə, başlıca olaraq “Qanun” Nəşrlər Evinin təşkil etdiyi bayram, eyni zamanda, Sumqayıtın qarşıdan gələn 75 illik yubileyinə həsr olunub. Qeyd edilib ki, bu cür tədbirlər insanlarlı, xüsusilə də gəncləri kitaba daha da yaxınlaşdırır, mütaliə mədəniyyətini artırır.
Sərgidə “Qanun”la bərabər, “Alatoran”, “Ting”, “Üçbucaq”, “Kosmo” nəşriy-yatlarının, “Ziya Bilim Evi”nin məhsulları nümayiş etdirilib. “Əli və Nino”, “Kitab al”, “Karamazov”, “Kitabçı”, “Novella”, “Papilion” kitab evləri və mağazaları oxuculara ucuz qiymətə dəyərli ədəbiyyat nümunələri təklif ediblər.
Sərgi çərçivəsində baş tutan panellər də maraqlı olub. Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik “Seçilmiş əsərləri”nin 11-ci cildinin, nasir, şair, tərcüməçi Baba Vəziroğlunun “Qalanı xatirədir”, psixoloq Samirə Amonun “Ağ qan”, şair Hikmət Fərzəlinin “Ömür dediyin” kitablarının təqdimatı və “İmza günləri” keçirilib. Tanınmış yazıçı Elçin Hüseynbəyli və Həmid Herisçi, şair Dayandur Sevgin, Aida Adıgözəl, Lilpar Cəmşidqızı, Mürşüd Mehdi, Nigar Mahi ilə maraqlı görüşlər olub.
Sərginin təşkil edildiyi “Poeziya Evi”nin direktoru, AYB-nin bölmə rəhbəri İbrahim İlyaslının dedikləri:
– Kitab bayramının birmənalı şəkildə mütəşəkkil keçdiyini deyə bilərəm. Kitablara və müəlliflərlə görüşlərə oxucu marağı böyük idi. Proqram üzrə keçən “Sumqayıt maraqlı insanlar şəhəridir”, “Sumqayıt nə oxuyur?” adlı diskussiyalar da kitabsevərlərə xoş təsir bağışladı. Sərgidə, həmçinin “Ulu öndər və Sumqayıt”, “44 günlük müharibə və Sumqayıt” adlı müzakirələr oldu, “Unudulmaz Əli Kərim” mövzusunda Cavanşir Yusifli, Nadir Yalçın və Şərif Ağayarın söhbətləri, “Xoşbəxt uşaqlar böyüdək” adlı seminar, “Ədəbiyyat və illüstrasiya” paneli təşkil edildi. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin təqdimatında şəhərimizin 75 illiyinə həsr olunan “Sumqayıt saatı” yaddaqalan oldu. Tədbirdə yerli şairlər poetik nümunələrini təqdim etdilər. Elşən Hüseynovun moderatorluğu ilə isə “Uşaq inkişafında oyun terapiyasının əhəmiyyəti” mövzusunda seminar keçirildi. Bir sözlə, belə bayramların ölkəmizdə artıq ənənə halını alması çox sevindiricidir.
Onu da deyək ki, VI Milli Kitab Sərgisinə hər yaş qrupundan olan oxucular maraq göstəriblər. Əyləncəli çıxışlar, oxu saatları, musiqiçilərin ifaları bayramı daha da rövnəqləndirib. Sumqayıt Milli Kamera Ansamblının, “Endofin” Rok Qrupunun ifasında musiqi nömrələri səsləndirilib, “Turan” milli rəqs qrupu performans nümayiş etdirib, “M Teatr”ın təqdimatında “Qoğal” uşaq tamaşası göstərilib.
Ə.ƏLİYEV
XQ