Səhralaşma – canlı aləmin qürubu

post-img

Onu yaradan təbii və antropogen səbəblər 

Azərbaycan Respublikasında indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edil­məsi naminə mövcud ekoloji sistem, iqtisadi potensiallar qorunmalı və təbii ehti­yatlardan səmərəli istifadə edilməlidir. Bu baxımdan, torpaq ehtiyatlarının sıradan çıxmasının qarşısının alınması çox əhəmiyyətlidir. Çünki kənd təsərrüfatı üçün ya­rarlı torpaq sahələrinin sıradan çıxması, səhralaşması (deqradasiya) məhsuldarlı­ğın aşağı düşməsinə, mal-qaranın azalmasına, su mənbələrinin qurumasına, əkin sahələrinin şoranlaşmasına, qumluqların yaşayış yerlərinə doğru “hərəkətinə” sə­bəb olur. Bunun nəticəsində yoxsulluq, aclıq və xəstəliklər baş verir. 

Bu və digər məsələlərə aydınlıq gə­tirmək üçün akademik H.Əliyev adına Coğrafiya İnstitutunun torpaq ehtiyatları coqrafiyası şöbəsinin müdiri İsmayıl Qu­liyevlə görüşüb söhbət etdik.

– İsmayıl müəllim, Azərbaycanda səhralaşma hansı ərazilərdə daha in­tensiv gedir? 

– Dünyanın bir çox ölkələri səhralaş­ma prosesinə məruz qalır. Azərbaycan da həmin problemlə üzləşir. Hazırda ölkədə 4,87 milyon hektar kənd təsərrüfatı təyi­natlı torpaq, o cümlədən 1,59 milyon hek­tar əkin, 104 min hektar çoxillik bağ, 1,60 milyon hektar otlaq və digər kənd təsər­rüfatı sahələri var. Baş verən səhralaşma səbəbindən bu sahələrin əraziləri hər il azalır.

Səhralaşma prosesi isə, əsasən, dağətəyi, düzənlik və ovalıq ərazilərdə gedir. Təbii, xüsusən antropogen amil­lərin təsiri nəticəsində torpaq yarımsəh­radan səhraya keçir. Məsələn, Xəzərsa­hili torpaqlarda səhralaşma daha aydın hiss olunur. Artıq bizim bəzi alimlərimiz Xəzərsahili düzən əraziləri səhra kimi qeyd edirlər. Hətta dünya alimləri də bu­rada tədqiqat apararkən Cənubi–Şərqi Şirvan düzünü, Samur–Dəvəçi ovalığını, Siyəzən–Sumqayıt massivini, Abşeron yarımadasını səhra kimi verirlər. Geobo­taniklərə görə, burada olan bitkilər Türk­mənistanın şərqində olan bitkilərlə eyni­dir.

Səhralaşma prosesi Kür–Araz ovalı­ğı üçün də səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaçqın və köç­künlərin məskunlaşması, kənd təsərrüfa­tı, o cümlədən heyvandarlığa olan tələba­tın çoxalması, torpaq və bitki örtüyünün kortəbii istifadə nəticəsində antropogen səhralaşma prosesi güclənib. Bu proses nəticəsində yarımquraq ərazilərin məh­suldarılığı səhra səviyyəsinə kimi enib. Bununla əlaqədar təbii landşaftlar aridlə­şib, kənd təsərrüfatı üçün yararlığı azalıb. 

– Otlaq və örüş sahələrinin ərazisi azalır. Bu, onların həddindən artıq yük­lənməsinə səbəb olur. Bütün bunlar isə ona gətirib çıxarır ki, bioloji müxtə­liflik pozulur, ekosistem dağılır...

– Azərbaycanda səhralaşmaya otlaq və örük sahələrinin mal-qara ilə həddin­dən artıq otarılması təsir edir. Azərbay­canın ayrı-ayrı regionlarında vəziyyət fərqlidir. Elə rayonlar var ki, əhalinin sıx­lığı çoxdur, təsərrüfat fəaliyyəti genişdir. Amma sadəcə olaraq torpaq bir qədər yaxşı torpaqdır. Təbii şərait yaxşı olduğu­na görə, torpaq qatının qalınlığı da çox­dur. Yerli sakinlər hələ hiss etmirlər ki, bu torpaqda hansı proseslər gedir. Məsələn, cənub zonasını – Lənkəran və Masallını götürək. Masallı ərazisi kiçik, əhalisi çox olan rayondur. Bu gün rayonda 200 min sakin yaşayır. O örüş və otlaq sahələri az olan rayonlardan biridir. Masallıda kənd təsərrüfatı heyvanları ilə yüklənmə nor­mandan 30–35 dəfə çoxdur. Lənkəran rayonunda da vəziyyət ürəkaçan deyil.

Göyçayda vəziyyət daha ağırdır. Ra­yondakı otlaqların 1 hektarına 40-dan çox heyvan düşür. Bu rəqəm Goranboyda 16, Bərdədə 12-dir. Maraqlıdır ki, həmin ra­yonlarda torpaq münbit olduğundan son dövrlərdə örüş və otlaq sahələrinin bir hissəsi əkin sahələrinə çevrilib. Nəticədə otlaq və örüş sahələri azalsa da, heyvan­ların sayı artıb. Deməli, yüklənmə də ar­tıb.

Belə sahələrdə mal-qaranın həddin­dən artıq toplanması nəticəsində əvvəlcə otlağın vəziyyəti tədricən pisləşir və məh­suldarlığı aşağı düşür. Nəticədə, ildən-ilə heyvanlar üçün yem ehtiyatı azalır. Bütün bunlar isə ona gətirib çıxarır ki, bioloji müxtəliflik pozulur, ekosistem dağılır. 

Digər tərəfdən, otlaqlar məhv oldu­ğundan yağan yağışlar ot köklərində top­lanmır, birbaşa çaylara axır. Torpaqların yuyulması nəticəsində yarğanlar əmələ gəlir, sürüşmələrə zəmin yaradır. Nəti­cədə, torpaqların eroziyası artır. Onu da deyim ki, eroziya Azərbaycan üçün xarak­terikdir. Torpaqlarımızın 54–58 faizi bu və ya digər dərəcədə eroziyaya məruz qalıb. Bütün bunlar isə ona gətirib çıxarır ki, bi­oloji müxtəliflik pozulur, ekosistem dağı­lır. Eyni vəziyyət digər rayonlar üçün də xarakterikdir. Analoji vəziyyət qoyunçuluq sahəsində də mövcuddur.

– Bu gün şoranlaşma da əkinə ya­rarlı torpaqları sıradan çıxarır, əhalinin ərzaqla təminatında müəyyən çətinlik­lər yaradır...

– Kür–Araz ovalığında şoranlaşma geniş yayılıb. Burada torpağın 30 faizi səhralaşmaya və şoranlaşmaya məruz qalıb. Həmçinin Kür çayının vadisində, Mil-Muğan düzənliyində, o cümlədən Qa­rabağ düzənliyində, Bərdə ərazisində şo­ranlaşmış torpaqlar çoxdur. Əsas səbəb suvarma qaydalarına düzgün əməl edil­məməsidir. Düzgün aparılmayan aqrotex­niki tədbirlər zamanı qrunt suları torpağın səthinə çıxır və şoranlıq əmələ gətirən duzlar da su ilə bərabər yer səthində qalxır. Havalar istiləşəndə və yağışlar ara verəndən sonra suların səviyyəsi aşağı düşür, amma duzlar torpaq səthində qalır. Bu təkrar şoranlaşma, yaxud təkrar şor­laşma adlanır. Respublika torpaqlarının 80–90 faizinin soranlaşmasının əsas sə­bəbi budur. 

Beləliklə, torpaqların düzgün istifadə olunmaması, su normalarının, suvarma qaydalarının pozulması şoranlşmanın artmasına səbəb olur. Təkcə Yevlax rayo­nunda indiyə qədər 30 min hektardan çox ərazi şoranlaşma səbəbindən əkinçilik üçün yararsız hala düşmüşdü. Çünki şo­ranşma torpaqda bitkilərin köklərini quru­dur, ona qida maddələrini mənimsəməyə imkan vermir. Bu da bitkilərin inkişafına mənfi təsir göstərir. Torpaqda havalanma da getmədiyindən qida maddələri aza­lır, əksinə, turşular çoxalır. Bu səbəbdən də becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 40 faizdən çox olmur. 

Bu kimi neqativ hallar əhalinin ərzaqla təminatında çətinliklər yaradır. İstehsalla istehlak arsında tarazılığı pozur. Məhsul azalır, əhalinin sayı artır.

– İşğaldan azad olunmuş ərazilər minalarla çirklənib. Onlar nə kimi təh­lükə yaradır?

– Torpağın çirklənməsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur əra­zisindən də yan keçməyib. Bu torpaqlar hərbi-texnogen təsirə məruz qalıb. Həmin ərazilərdə, az qala, hər kvadratmetrə bir mina düşür. O minaların partlaması nə­ticəsində tərkibində olan ağır metallar torpağa daxil olur. Sonra bitkiyə keçərək qida zəncirinə daxil olur. İnsan da qida zəncirinin bir parçasıdır. Ağır metallar in­san orqanizminə daxil olub xəstəlik yara­da bilər. Bu, torpağın çirklənməsidir. 

Hazırda bu ərazilər minalardan təmiz­lənir. Təmizlənmiş ərazilər isə əkinə cəlb edilir. İnanıram ki, az itkilərlə bu prosesi uğurla başa çatıra biləcəyik.

– İsmayıl müəllim, siz Azərbayca­nın bir çox rayonlarında torpaq qatı­nın tədqiqatlarını aparıbsınız. Elə ərazi varmı ki, orada torpağın deqradasiya prosesi yox, bərpa prosesi gedir?

– İndi bizim ərazimizin çox hissəsi yarımsəhradır. Təbii və antropogen tə­sirlərdən torpaqlarımız yarımsəhradan səhraya keçir. Bu proses sürətlə gedir. Biz son zamanlar Xəzər dənizinin sahil ərazilərində tədqiqat aparmışıq. Mühafizə olunan torpaqlarda, xüsusilə, antropegen təsirin zəif olduğu ərazilərdə tədricən bər­pa prosesi baş verir. Məsələn, təsərrüfat fəaliyyətinin güclü olduğu Salyan rayonu ilə Cənub–Şərqi Şirvan düzənliyində yer­ləşən Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərini müqayisə etsək, fərq daha ay­dın görünür. 

Şirvan qoruğunda vəziyyət yaxşıdır. Torpağın bərpa olunması gedir. Düzdür, bərpa prosesi çətin gedir, amma irəliləyiş var və bunu vizual olaraq görmək müm­kündür. Amma Salyan rayonunun ərazi­sində deqradasiya dərinləşir. 

Bir qədər cənubda Qızılağac və Hir­kan dövlət qoruqları var. Bu təbiət qoruq­ları mühafizə olunduğuna görə, burada torpaqların bərpa olunması da yaxşı ge­dir. Amma ətraf salərində bunlar gözlənil­mir. 

Son zamanlar Abşeron yarımadasın­da badam, püstə bağları salınıb. Adam bu bağlara baxanda elə bilir ki, İspaniya və ya İtaliyanın zeytun bağlarındadır. Bunlar göz oxşayır. Amma həmişə də belə olmur, axı. Çalışmalıyıq ki, torpaqları gələcək nəsillər üçün qoruyub saxlayaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Müsahibə