Azərbaycan dünyada bənzəri olmayan Qayıdış proqramını uğurla gerçəkləşdirir
2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdən keçən 3 il yarım ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində misli görünməmiş layihələrin icrası davam etdirilir. Böyük Qayıdışla bağlı I Dövlət Proqramının icrası, işğaldan azad edilmiş ərazilərə köçürülmənin təşkili və ilkin nəticələri ilə bağlı söhbətdə müsahibimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovla həmsöhbət olduq:
– Fuad müəllim, Böyük Qayıdışla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ikiqat gərginləşib, qayğılar da qat-qat artıb. Zəruri həyat təminatları yaradılmış ünvanlara köçürülmənin ahəngdar təşkili həssas və obyektiv yanaşmalar tələb edir. Necə deyərlər, təyyarə havada təmir edilir...
– Azərbaycan dövlətinin prioritet istiqamət kimi yanaşması nəticəsində uzun illər öz doğma ev-eşiklərindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin Böyük Qayıdışını şərtləndirən bu işlər əzəli torpaqlarımızın yenidən dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, eyni zamanda, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Əsas hədəf isə məcburi köçkünlük həyatı ilə vidalaşanlar üçün ən müasir standartlara uyğun yaşayış şəraitinin yaradılması, onların qısa vaxtda təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dediyi kimi: “Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tarixi zəfərimizdən sonrakı fəaliyyət istiqamətlərində keçmiş məcburi köçkünlərin qeydiyyatının və miqrasiyasının tənzimlənməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi ilə yanaşı, həm də onların öz doğma yurdlarına qayıdışının səmərəli təşkili, bərpa edilən və yenidən salınan şəhər və kəndlərimizə köçürülməsi, icma əsaslı reinteqrasiyaya cəlb olunması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi aparıcı yer tutur.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfərin məntiqi nəticəsi olaraq 2022-ci ildən etibarən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, öz ata-baba torpaqlarına Böyük Qayıdışı başlanıb. 2023-cü ilin 19-20 sentyabrında 24 saatdan da az müddətdə davam etmiş lokal antiterror tədbirləri isə Qarabağın hər bir guşəsində dövlətimizin suverenliyinin tam təmin olunması ilə nəticələnib və bununla da qayıdış prosesinin coğrafiyasının genişləndirilməsinə şərait yaranıb.
Qeyd edək ki, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, əhatəli və effektiv dövlət siyasəti ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında qurulub və son 20 ildən artıq müddətdə bu xətti Prezident İlham Əliyev daha da təkmilləşdirilmiş şəkildə uğurla davam etdirir. Həmin kateqoriyadan olan vətəndaşlara diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ictimai-siyasi və dövlətçilik fəaliyyətində mühüm istiqamətlərdəndir.
Məlumat üçün bildirim ki, genişmiqyaslı bir proses olan Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərin ümummilli iqtisadiyyata reinteqrasiyası ilə yanaşı, möhtərəm Prezidentimizin 2 fevral 2021-ci il tarixli sərəncamına əsasən, ölkəmiz qarşısında duran 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biri kimi qəbul edilib. Bu milli prioritetin təmin edilməsi məqsədilə və 2022–2026-cı illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uyğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. Beşillik müddəti əhatə edən həmin dövlət proqramı çərçivəsində 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub.
Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması prioritet istiqaməti üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra mühüm vəzifələr qoyulub. Belə ki, tədbirlər planına uyğun olaraq komitə 5 fəaliyyət növü üzrə əsas, 12 fəaliyyət növü üzrə isə əlavə icraçı qurum kimi müəyyənləşdirilib. Komitənin vəzifələri sırasına keçmiş məcburi köçkünlər arasında aparılan sosioloji sorğular əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, onların yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, həmçinin əhalinin yeni yaşayış şəraitinə adaptasiyası məqsədilə reinteqrasiya tədbirlərinin təşkilinin icrası daxildir.
Bundan başqa, geri qayıdan əhaliyə dəstək üçün xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb.
Hazırda Böyük Qayıdış prosesi Dövlət Komitəsi qarşısında gündəlik fəaliyyətin mühüm istiqamətlərindən biridir.
Əlbəttə ki, bu fəaliyyətin icraçısı və iştirakçısı olduğumuza görə qürur duyuruq. Bizə belə gözəl hissləri bəxş etdiyi üçün Müzəffər Ali Baş Komandanımıza, müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimizə, öz canlarını Vətən yolunda sipər etmiş əziz qazilərimizə və rəşadətli ordumuza borcluyuq.
– Böyük Qayıdış bu vaxtadək analoqu olmayan bir miqrasiya prosesidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gərgin işin öhdəsindən necə gəlir?
– Bəli, 1 milyon insanın tamamilə dağıdılmış, bütün infrastrukturu məhv edilmiş ərazilərə qayıdışının təşkili ölkə həyatının bütün strukturlarını əhatə edən çoxistiqamətli bir prosesdir. Minatəmizləmə, tikinti-quruculuq və xidmət şirkətlərinin əlaqələndirilmiş, paralel davam edən gecəli-gündüzlü çalışmasının yekunu olaraq biz məcburi köçkünləri yığcam qruplarla doğma yurdlarında məskunlaşdırırıq. Bu fəaliyyətə Vətən müharibəsinin ilk günlərindən, ilk ərazilər azad edilən günlərdən başlamışıq. O vaxtdan gücləndirilmiş iş rejiminə keçmişik. I Dövlət Proqramı təsdiqlənməmişdən əvvəl Böyük Qayıdışla bağlı ciddi hazırlıq işlərinə başlanıb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri tədbirlər görülüb.
Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədilə hazırlanmış “İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım” layihəsi çərçivəsində “Qayıdış və reinteqrasiya” elektron idarəetmə sistemi yaradılmışdır. Komitə qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat bazasından və “elektron hökumət”ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislərdən istifadə etməklə yeni qurulmuş “Qayıdış və reinteqrasiya” elektron idarəetmə sistemi ilə aparır. Bu platformanın yaradılması ərəfəsində, qayıdışa hazırlıq məqsədilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar, о cümlədən müvəqqəti qeydiyyatı və yaşayış yeri, ailə tərkibi, məşğulluğu, təhsili, peşəsi və digər məlumatlar da daxil edilməklə məcburi köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir.
– Qayıdışla bağlı keçmiş məcburi köçkünlər arasında keçirilən sorğuların nəticələri nədən ibarətdir və necə nəzərə alınır?
– Əvvəla, qeyd edim ki, komitə keçmiş məcburi köçkünlər arasında sorğuları və təhlilləri müxtəlif qurumlarla, o cümlədən ölkəmizin ən aparıcı təhsil ocaqlarından biri olan ADA Universitetinin “çətiri altında” Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun müxtəlif aparıcı mütəxəssislərinin iştirakı ilə aparır. Sorğulara qatılan keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti nəinki öz doğma torpaqlarına qayıtmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak etmək niyyətində olduqlarını bildiriblər. Bütün belə sorğuların nəticələri Dövlət Komitəsinin vahid məlumat bazasında yerləşdirilir.
Bizə digər bölgələrdən olan vətəndaşlardan da çoxsaylı müraciətlər daxil olur. Ancaq, məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi mərhələli şəkildə aparılır. İlk növbədə, məcburi köçkün statusu olan şəxslər öz ata-baba yurdlarında dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilir. Bu zaman bölgü mövcud qanunvericiliyə uyğun, eyni zamanda, şəffaflıq, obyektivlik və ədalət prinsipləri rəhbər tutularaq püşkatma yolu ilə aparılır. Püşkatma isə Dövlət Komitəsinin və komitə yanında İctimai Şuranın, Prezidentin Xüsusi Nümayəndəliyinin, yerli icra hakimiyyətlərinin nümayəndələrinin, həmçinin kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə keçirilir. Hazırda icra olunan Dövlət Proqramında keçmiş məcburi köçkünlərin dövlət vəsaiti hesabına evlərlə, mənzillərlə təmin edilməsi nəzərdə tutulub.
Digər rayonlardan olan sakinlərin işğaldan azad edilmiş ərazilərdə yaşamaq istəklərinə gəlincə, necə ki, məsələn, Lənkəran, Şəki sakini olan vətəndaş Azərbaycanın digər şəhər və rayonunda ev alıb yaşaya bilirsə, eləcə də kommersiya şərtləri ilə Qarabağ və Şərqi Zəngəzurda da ev və ya mənzil sahibi ola biləcək. Ancaq bu məsələyə Böyük Qayıdışın növbəti mərhələlərində baxılacaq.
– Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında daimi məskunlaşdırılması prosesi hansı prinsiplər əsasında aparılır? Yəni, ilk növbədə hansı ailələrin köçürülməsinə üstünlük verilir?
– Böyük Qayıdışa dair I Dövlət Proqramı tədbirlər planında əks olunan fəaliyyətlər üzrə icra edilir və təbii ki, eyni vaxtda bütün şəhər və kəndləri bərpa etmək mümkün deyil. Bu, zaman tələb edən prosesdir.
Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmizin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında daimi məskunlaşdırılması zamanı nəzərə alınan prinsiplərə gəldikdə isə, ölkə rəhbərliyi tərəfindən verilən göstərişə əsasən, ilk növbədə, hər bir yaşyış məntəqəsi üzrə ağır şəraitdə yaşayan – yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış ailələrin köçürülməsi diqqətdə saxlanılır. Köçürülməyə hazır olan yaşayış məntəqələri üzrə həmin yerin sakinləri arasında sorğular keçirilir, hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılır, onların qayıdışı ilə bağlı razılaşma protokolu imzalanır. Burada əsas məqsəd planlaşdırmanı daha səmərəli təşkil etməkdir.
– Köçürülmə prosesi ilə bağlı hansı çətinliklərlə üzləşirsiniz?
– Həm miqyasını, həm də həmin ərazilərin işğal dövründə məruz qaldığı dağıntıların ağır nəticələrini də nəzərə alsaq, bu gün Azərbaycanda reallaşdırılan Böyük Qayıdış bütün dünyada analoqu olmayan bir prosesdir. Demək olar, əksər yaşayış məntəqələri sıfırdan tikilir. Böyük təəssüf və qınaq hissi ilə qeyd etmək lazımdır ki, erməni barbarlığı nəticəsində Azərbaycan ərazilərinin minalarla və partlamamış döyüş sursatları ilə çirkləndirilməsinə görə də dünyada ilk sıralardadır. Odur ki, Böyük Qayıdışı unikal edən işğaldan azad olunmuş ərazilərin əvvəlcə minalardan təmizlənməsi, sonra tamamilə dağıdılmış infrastrukturun bərpası və yalnız bundan sonra yeni yaşayış məntəqələrinin inşasının mümkün olmasıdır.
Üstəlik, bütün bunların yükü Azərbaycanın öz çiyinlərindədir və dost ölkələrin müəyyən addımlarını nəzərə almasaq, hər şey daxili imkanlarımız, iqtisadi gücümüz və ölkə başçısının sarsılmaz iradəsi hesabına həyata keçirilir. Hazırda dünyada belə bir praktika, istinad edə biləcəyimiz hazır nümunə yoxdur. Hətta bir sıra ölkələr, müxtəlif təşkilatlar qısa müddətdə Böyük Qayıdışa necə nail olduğumuzu öyrənmək üçün bizə müraciətlər edirlər. Əlbəttə, biz də konkret problemlərin həlli zamanı beynəlxalq təcrübədən istifadə etməyə çalışırıq.
Çətinliklər, əlbəttə ki, var. Keçmiş məcburi köçkünləri, əsasən, “işğaldan azad edilmiş ərazilərdə həyat necə olacaq” sualının cavabı narahat edir. Bu da təbiidir. Çünki 30 ildən artıq müddətdə başqa mühitdə, xüsusilə şəhərlərdə, paytaxt Bakıda məskunlaşmış, yaşamış insanlar deurbanizasiya zamanı daha çox psixoloji problemlə üzləşirlər. Odur ki, cənab Prezident bütün aidiyyəti dövlət qurumları qarşısında Qarabağda və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlər üçün ən yüksək yaşayış standartlarının yaradılması tapşırığını qoyub.
Bundan başqa, məşğulluqla, təhsillə bağlı da həll edilməli müəyyən problemlər mövcuddur. Ancaq qeyd edilən problemlərin hər biri, əsasən də əhalinin işlə təmin edilməsi aidiyyəti dövlət qurumları tərəfindən xüsusi diqqətdə saxlanılır, həlli üçün bütün zəruri addımlar atılır. Belə ki, həmin ərazilərdə mütəmadi olaraq əmək yarmarkaları keçirilir, insanlar peşə kurslarına cəlb olunur. Eyni zamanda, keçmiş məcburi köçkünlərin köçürülməsi və dayanıqlı məskunlaşdırılması aparıldıqca biz də artıq kifayət qədər təcrübə toplayırıq və qeyd olunan məsələlərin daha çevik şəkildə aradan qaldırılmasına nail ola bilirik.
– Doğma yurdlarına köçürülmüş insanların yeni həyata adaptasiya, uyğunlaşma prosesi necə gedir?
– Çox həssas bir məqama toxundunuz. Təbii ki, adaptasiya məsələləri xüsuslə mühümdür. Qeyd etdiyiniz kimi, ötən müddətdə keçmiş məcburi köçkünlərin bir qismi dünyasını dəyişib, vaxtilə gənc olanlar indi yaşlı və ahıldırlar, böyük bir qismi isə yeni, həmin ərazilərdə doğulmamış insanlardır. Biz uyğunlaşma prosesi ilə bağlı beynəlxalq təşkilatların təcrübəsini öyrənirik, müraciətlər edirik ki, əgər onların psixoadaptasiya proqramları varsa istifadə olunsun.
Uyğunlaşma probleminin aradan qaldırılmasında əsas rol oynayan amillərdən biri də keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən yaradılmış şəraitlə real tanışlığı ilə bağlıdır.
Yəqin, siz də müşahidə edirsiniz ki, Laçın və Füzuli şəhərlərində, Ağalıda, Zabuxda, Talışda necə möhtəşəm, yaşayış üçün bütün aspektlər nəzərə alınmaqla gözəl şərait yaradılıb. Orada fəaliyyət göstərən ən müasir standartlara uyğun tikilmiş məktəblərdə, bağçalarda uşaqların, onların müəllimlərinin üzlərindəki sevinci, xoşbəxtlik duyğusunu görmək hər birimizi qürurlandırır. Bütün bunları izlədikcə bütün keçmiş məcburi köçkünlərdə doğma torpaqlara qayıtmaq həvəsi də artır. Bunu aparılan müntəzəm sosioloji sorğuların nəticələri də təsdiqləyir.
– Fuad müəllim, Böyük Qayıdış çərçivəsində indiyədək işğaldan azad edilmiş ərazilərdə neçə yaşayış məntəqəsinə nə qədər insan köçürülüb və cari ilin sonuna kimi proqnozlar necədir?
– Bu günə qədər Laçın şəhərinə 1838 nəfərdən ibarət 537, Füzuliyə 3132 nəfərdən ibarət 822, Ağalı kəndinə 871 nəfərdən ibarət 175, Talış kəndinə 90 nəfərdən ibarət 20 və Zabuxa 823 nəfərdən ibarət 217 ailə köçürülüb. Ümumilikdə, 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. İlin sonuna kimi isə 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmizin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq.
Sonda qeyd edim ki, möhtərəm Prezidentimizin xüsusi qayğısı və rəhbərliyi sayəsində dövlətimiz erməni vandallarının 30 il müddətində xarabalığa çevirdiyi şəhər və kəndlərimizi qısa müddətdə, sözün əsl mənasında, cənnət məkana çevirəcək. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə keçmiş məcburi köçkünlərimizin postmünaqişə dövründə reinteqrasiyası və qayıdışı üzrə yeni, dünyəvi bir model təqdim edəcək. Bütün xalqımız kimi biz də buna əminik!
– Əhatəli müsahibə üçün təşəkkür edirik.
Söhbəti apardı:
Mahir RƏSULOĞLU,
yazıçı-jurnalist