Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
XQ