“M Teatr” təkcə səhnə deyil, həm də mədəni mərkəzdir

post-img

Müsahibimiz yeni sənət ocağının yaradıcısı və rəhbəri, Xalq artisti Vidadi Həsənovdur

– Vidadi müəllim, “M Teatrı” yaratmaq ideyası necə meydana çıxdı? 

– Mən uzun illərdir Mədəniyyət və İncəsənət Universitetində müəllim­lik edirəm. Bu müddətdə çox sayda bacarıqlı və istedadlı tələbələrə rast gəlmişəm. Lakin onların bir çoxunun universiteti bitirdikdən sonra iş tapa bilmədiklərinə görə məyus olurdum. Bir müddət keçirdi və mən həmin tələbələrin taksi sürücüsü və başqa xidmət sektorlarında işləyən görür­düm. Dövlət teatrlarında isə ştata düşmək çox çətindir. 

Düşündüm ki, belə gənclərin iste­dadını üzə çıxarmaları üçün müstəqil teatr yaradaq. “M Teatr” belə yarandı! Gördüyünüz kimi, 2016-cı ildən bu günə qədər bu teatr fəaliyyət göstərir. 

– Teatrın səhnəsində daha çox hansı janrda tamaşalar oynanılır? 

– “M Teatr”da müxtəlif janrlarda maraqlı tamaşalar səhnəyə qoyulur. Teatrın repertuarında yer alan Röv­şən Ağayevin “Vidalaşmadan get­mə”, dahi bəstəkar Üzeyir Hacıbəyli­nin felyetonları və böyük satirik Mirzə Ələkbər Sabirin şeirləri əsasında ha­zırlanan “Məsəl və Əməl” tamaşaları teatrsevərlər tərəfindən rəğbətlə qar­şılanıb. 

Dünya yazıçılarının əsərlərinə də müraciət edirik. Bu tamaşalardan Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”, Con Steynbekin “Adamlar və siçanlar” və başqalarını misal çək­mək olar. 

– “M Teatr”ın tamaşalarına daha çox kimlər gəlir?

– Teatrımızın tamaşaçıları əsasən şəhərimizin intellektual sakinləridir. Biz repertuarı insanların arzu və istəklərinə uyğun olaraq seçirik. So­sial şəbəkələrdə tez-tez sorğular ke­çiririk. Hansı müəllifin əsərlərini səh­nədə görmək istəyirlər? Sorğudan sonra müəyyən qənaətə gəlib həmin tamaşaları hazırlayırıq. 

Məsələn, son 4-5 ay ərzində ke­çirdiyimiz sorğulardan bəlli olub ki, insanlar daha çox “Ovod” tamaşasını səhnədə görmək istəyirlər. 

Əslində, hər bir tamaşanın öz tamaşaçısı var. Biz də tamaşaçıları­mızdan çox razıyıq.

– Vidadi müəllim, bir qədər də aktyor heyətinin peşəkarlığı barə­də söz açardınız....

– Bizim teatrda Mədəniyyət və İncəsənət Universitetinin məzunla­rı ilə yanaşı, başqa təhsil ocaqlarını bitirmiş gənclər də var. Onların in­cəsənət sahəsinə maraqları olduqca böyükdür. Buna misal kimi, teatrın istedadlı aktrisası Oksana Rəsulo­vanın adını çəkə bilərəm. Baxmaya­raq ki, bu xanımın bu sahədə ixtisas təhsili yoxdur, amma teatrda aparıcı aktrisalardandır. 

Teatrın yaradıcı heyətində Xari­ci Dillər Universitetini bitirmiş gənc aktrisa Ayla Rüstəm də var. Bütöv­lükdə, bizdə istedadlı aktyorlar çox­dur. Ümumiyyətlə, istedad haqqında məşhur bir deyim də var. “İstedadlı insan hər sahədə istedadlıdır”. 

– “M Teatr” müstəqil yaradıcılıq təşkilatıdır. Teatrın maliyyə prob­lemləri nə cür həll olunur?

– Biz dövlət teatrı deyilik ki, bizi maliyyələşdirsinlər. Fəaliyyətimizi bi­let satışından gələn gəlirlər hesabına qurmuşuq. Teatr texniki resurslarla - işıq sistemi, səs effektlərini güclən­dirmək üçün komputerlər və başqa avadanlıqlarla təchiz olunub. Yerləş­diyimiz məkanı təmir etmişik. 

Çalışırıq ki, bilet satışından əldə etdiyimiz o qədər də çox olmayan gəlirləri səmərəli və faydalı işlərə sərf edə bilək. Bundan əlavə, teatrda şair, yazıçı və digər yaradıcı insanlarla gö­rüşlər keçirilir. Bir qrup gənc aktyor da var ki, onlar tamaşa hazırlayır, lakin nümayiş etdirmək üçün yerləri yoxdur. Biz onlara tamaşalarını kütlə qarşısın­da göstərə bilmələri üçün müəyyən şərait yaradırıq. Buna görə də hesab edirəm ki, “M Teatr” sadəcə teatr deyil, həm də mədəniyyət mərkəzidir. 

Fidan HÜQUQQIZI
Elşən AĞALAR (foto)
XQ







Müsahibə