“Həmin gün...”ün musiqili-şeirli gecəsi

post-img

“Atəşgah məbədi” iştirak etdiyimiz ənənəvi ədəbi-musiqili tədbirlər formatından xeyli fərqli, amma unudulmaz bir söz axşamına evsahibliyi edib. Orada təşkil olunan “Həmin gün...” adlı poeziya gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla Əliyeva da iştirak edib. 

Müasir poeziyamızın tanınan isim­lərindən olan şair-publisist, “Söz” ədəbi dərnəyinin rəhbəri Nigar Həsənzadə qo­naqları salamlayaraq, şeir çələngindən nümunələr səsləndirdi. Sonra Əməkdar artistlər Firdovsi Atakişiyev və Gülzar Qurbanova Leyla Əliyevanın və Nigar Həsənzadənin şeirlərini söylədilər. Bə­dii-estetik cəhətdən olduqca nizamlı, ürəkoxşayan və düşündürücü şeirlər hər kəsi duyğulandırdı. Leyla Əliyevanın şe­irlərini doğma dilimizə Adil Cəmil, Nigar Həsənzadənin şeirlərini isə Salam Sar­van tərcümə ediblər. 

Qiraətçilərin ardınca “Sənət” uşaq musiqili incəsənət qrupu Ümummilli lider Heydər Əliyevin sevdiyi və öz ifasında eşitdiyimiz məşhur “Küçələrə su səp­mişəm” xalq mahnısının müşayiəti ilə səhnəyə daxil oldu. Onlar həzin milli rəqs nümayiş etdirərək gecəni daha da can­landırdılar. Sonra səhnəyə məhdud fiziki imkanlı gənc estrada müğənnisi Murad Sadıx çıxdı və ecazkar səsi ilə hər kəsi heyran qoydu. 

Leyla Əliyevanın özünəməxsus çıxışı ədəbi-musiqili gecənin ən maraqlı məqa­mı oldu. Onun öz yazdığı şeiri məxsusi ifa etməsi gecənin bütün iştirakçılarını təsirləndirdi.

Beləcə, dəqiqələr, saatlar Bakının ən qədim məkanlarından birində keçi­rilən poeziya gecəsinin şirinliyində əridi. ”Həmin gün...” ədəbiyyat, mədəniyyat və mənəviyyat üçlüyünün gözəl vəhdəti kimi yadda qaldı.

Anar TURAN
XQ

Mədəniyyət