“Tamaşaçı şoudan bezib...”

post-img

Sənətdə yalnız onun fədaisi kimi uğur qazanmaq olar. Bunu peşəkarlar deyiblər – həmsöhbətim də belə düşünür. Onun fikrincə, sənətə məhəbbəti digər bütün sevgiləri üstələyəndə insan sənətkar ola bilər. Beləliklə, müsahibimiz Xalq artisti Naibə Allahverdiye­vadır. 

– Azərbaycan qadını və səhnə. Bir əsr əvvələ qayıtsaq, qadın rollarını kişilərin oy­nadığı ölkəmizdə vəziyyət indi çox dəyişib. Lakin bu gün də səhnənin qadın yeri olmadığını düşünənlər az deyil. Necə oldu ki, bu baxışlar altında tiflisli bir qızcığaz Azərbaycana gəlib Xalq artirsi oldu? 

– Azərbaycanda mədəni inqilab qadınların səhnəyə də yolunu maneələrdən azad edib. Qadınlar səhnəmizi birdəfəlik fəth ediblər.

– Mənim bu sənətə uşaqlıq­dan həvəsim olub. Hələ özüm də anlamırdım ki, bu nədir, amma televizorda bir kinonu ötürməzdim, hamısına baxır­dım. Sonra da o filmlərdən xoşuma gələn obrazları yamsı­layır, özümü onların yerində gö­rürdüm. Bəzən anamın paltar­larından səhnə geyimi düzəldib çıxıb həyətdə səhnə qururdum, bir də görürdüm ki, qonşulardan xeyli tamaşaçım var. İnsanlar maraq göstərdikcə mən bir az da həvəslənirdim. 

O vaxt hind filmləri çox dəbdə idi, əsasən onların ob­razlarını yaratmağa çalışırdım, karandaşla özümə bığ çəkib kişi rollarını oynayırdım. Həyətdə­ki oturacaqlar mənim səhnəm idi. Görünür, taleyim belədir, özümdən asılı olmadan bu yolu seçmişəm. Ona görə də, kimsə mane ola bilməzdi, istiqamət səhnəyə doğru idi. Bakıya gəl­dim və indiki Mədəniyyət və İn­cəsənət Universitetinin aktyor­luq fakültəsinə qəbul olundum. 

– Sənət müəllimləriniz sizə nə verdilər və siz onlara nə qaytardınız? 

– Aktyor üçün məktəb çox önəmlidir. Yaxşı sənət müəl­limlərim olub. Səhnə danışığın­dan çox ciddi, tələbkar sənətkar Xalq artistimiz Mikayıl Mirzə­dən dərs almışam. Dedikləri in­diyə qədər yadımdadır. Deyirdi ki, aktyor əlçatmaz olmalıdır, kənardan ona baxırlar və dav­ranışı başqalarına nümunədir: “Bizim sənətimiz zərgər dəqiq­liyini sevir. Başqa bir insanın həyatını oynayanda özünü ta­mam unudub, həmin adam ol­malısan. Amma, bu o demək deyil ki, Otellasansa Dezdemo­nanı həqiqətdə boğmalısan”. 

Stanislavski deyirdi ki, tamaşaçı sənə inanmalıdır, inanmırsa, deməli, sən aktyor deyilsən. Mikayıl Mirzə onun sözünün üstündən bizə anladır­dı ki, Dezdemonanı, həqiqətən, boğmursan, amma tamaşaçı elə zənn etməlidir ki, sən onu boğ­dun. Onu buna inandırmalısan. Oynadığın obraz sənin içindən keçməlidir. 

Rauf və Zəminə Hacıyev­lərdən, Məryəm Əlizadədən dərs almışam. Onlar bizə çox şey verdilər. Biz onlara nə ver­dik, onu demək bir az çətindir. Düşünürəm ki, bizi səhnədə gö­rüb alqışlayıblarsa, deməli, biz də onlara ən azı, fəxarət hissi yaşatmışıq. Bizə verdiklərini səhnədən onlara yaxşı emosiya kimi ötürmüşük. 

– İlk rolunuz, başlanğıc uğurunuz?

– İlk rolum Naxçıvan teat­rında olub, çünki universiteti bitirdikdən sonra təyinatla ora göndərilmişdim. A.Dudarevin “Astana” pyesinin tamaşasında baş rol olan Alina obrazı ilə ilk dəfə səhnəyə çıxmışam. Tama­şanın rejissoru Əliqismət Lala­yev idi, çox uğurlu alındı. 

Naxçıvan əhalisi çox teat­raldır, biletlər hamısı satılırdı. Hər tamaşa anşlaqla keçirdi. O teatrda 2 il ərzində yaxşı ob­razlar oynadım. Sonra Bakıya qayıtdım , düşündüm ki, burada tez tanınaram, amma teatrlarda mənə iş vermədilər. Dəmir yolu kitabxanasında kitabxanaçı iş­ləməli oldum. Bir müddət sonra Gənc Tamaşaçılar Teatrına inzi­batçı kimi işə götürdülər. Yəni biletləri aparıb müəssisələrdə satırdım. Bəzən də hardasa unu­dub qoyurdum, sonra maaşım­dan cərimə ödəməli olurdum, çünki sevmədiyim işlə məşğul idim. Mən peşəkar artist kimi bilet satmalı deyildim, səhnədə olmalı idim. 

Bir dəfə o vaxtkı teatr rəh­bəri mənə dedi ki, nə vaxta qədər ac pişik ətə baxan kimi, buradan durub səhnəyə baxa­caqsan? Çox pis oldum, məni işə götürmürdü axı. Heç bil­mədən dilimdən çıxdı ki, cücə­ni payızda sayarlar, vaxt gələr mən bu səhnədə baş rolları oy­nayaram... O söhbətdən sonra getdim Mədəniyyət Nazirliyinə, o vaxtkı nazir Polad Bülbüloğlu ilə görüşdüm. Gənc Tamaşaçılar Teatrına vakansiya ayrıldı, məni keçirdilər ştata. Ondan sonra da xeyli vaxt mənə rol vermədilər. 

Bir gün Ağaxan Salmanlı dedi ki, bu qızın yaxşı faktu­rası var, eşitmişəm Naxçıvan teatrında yaxşı rollar oynayıb, buna bir rol verək, görək necə oynayır. Onun quruluşunda “O da mənəm, bu da mənəm” ta­maşasında oynadım, premye­rada hamı obrazımı təriflədi və bununla da teatrda yolum açıl­dı. Çox təlatümlü sənət yolum olub. Tele-tamaşada adi bir ka­tibə rolu ilə məşhurlaşdım. 

– Elə bu məsələnin üzərinə gəlirdim, sizə ən çox populyar­lıq qazandıran rolunuz hansı olub?

– Azərbaycan televiziyasın­da Şərif Qurbanəliyevin quru­luş verdiyi “Yarımştat” tamaşa­sındakı Tomka obrazı. Tamaşa axşam efirə getdi, səhər metro­da hamı mənə baxıb pıçıldaşır­dı. Biri deyirdi axşam tamaşa­da olan qızdır? O birisi cavab verirdi ki, yox, onun metroda nə işi var. Bəzən mənə güclü qadın deyirlər, mənim o ifadə­dən xoşum gəlmir. Güclü olmaq istəmirəm, xoşbəxt qadın olmaq istəyirəm. Həmin gün də metro­da çox utandım. Populyarlıq da xoşbəxtlik gətirmir... 

– Hər tanınmış aktyorun arxasında istedadlı və qayğıkeş rejissor dayanır. Sizin sənət haminiz, xeyirxahınız?

– Tək bir rejissorum ol­mayıb, müxtəlif rejissorlarla işləmişəm. Şərif Qurbanəliyev, Ağaxan Salmanlı, Ramiz Mir­zəyev, Cahangir Mehdiyev, Məhərrəm Bədirzadə, Loğman Kərimov, Nicat Kazımov. Mə­nim siz deyən kimi, hamim ol­mayıb. Obrazlarım da müxtəlif janrlıdır. Məsələn, Tamara Və­liyevanın “Mənim ağ göyərçi­nim” əsərinin tamaşasında fa­ciəli ana obrazını oynamışam. “Dədə Qorqud”da Burla xatun olmuşam. Nicat Kazımov “Pəri cadu” tamaşasında mənə Şama­ma cadunu verdi. Çox uğurlu tamaşa oldu, festivallarda obra­zım haqqında gözəl fikirlər səs­ləndi. İndi də Nicat Kazımovla işləyirəm. 

– Teatr forumunun çağırı­şı və hədəflərini özünüz üçün necə seçib-ayırmısınız?

– Bizim Gənc Tamaşaçılar Teatrında yaxşı əsərlər hazırla­nır. Gözəl də kollektivimiz var və onlar sənət fədailəridir. Bu yaxınlarda “Kod adı VXA” ta­maşası çox böyük uğur qazandı. Bizim işimiz teatrdır, sənətdir, fədakarlarıq. Bu fədakarlığın nəticəsində artıq tamaşaçı teat­ra qayıdıb. Mənim yubiley ge­cəmə bütün biletlər satılmışdı. Tamaşaçı kassaya gəlib bilet alır. Onu sənət maraqlandırır, şoudan bezib. Bir o qalır ki, sənət adamlarına bir az həssas yanaşılsın, onların sənətlə bağlı arzuları, istəkləri nəzərə alınsın, kənarda qalmasınlar, kinoda, te­atrda olsunlar. Məndən çox so­ruşurlar ki, niyə seriallarda yox­sunuz? Cavab verə bilmirəm. Serialların səviyyəsi, verilən qonorar məni qane etsə, əlbəttə, çəkilərəm. 

– Teletamaşalarda da ma­raqlı obrazlarınız var. Amma kinoda da bəxtiniz gətirib demək olmaz. 

– Rusiyada bir filmə çəkil­dim, dedilər ki, sizin gözləriniz kino ekranını tutur, oynamağı­nıza ehtiyac yoxdur. Soruşdular ki, yəqin, sizin kinoya çəkil­məkdən boş vaxtınız olmur? Amma demək olar ki, kinoya çəkilməmişəm. Halbuki, kino fakturam var, hansı janrda desə­niz, oynayaram. Yubileyimdə 20 dəqiqədə 5 janrda rol yarat­dım. İstəyirəm daha gözəl ob­razlar oynayım. 

– Xalq artisti, prezident mükafatçısısınız, 60 yaşın yüksəkliyindən baxanda hansı mənzərə görünür? 

– Hələ də təzadla dolu da­vam edən bir həyat görürəm. Yaşımı hiss etmirəm. Bilmirəm necə oldu ki, 60 il keçdi. Mənim içimdən bir uşaq Tiflisdən Ba­kıya boylanır. Qəlbim, ruhum sevgi ilə doludur. Hər kəsi, dünyanı sevirəm.

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ



Müsahibə