Polisdə qadının öz yeri var…

post-img

Azərbaycan BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bu gün qadınlarımız ictimai həyatın bütün sahələrində kişilərlə bərabər çalışır, cəmiyyətin tərəqqisində bilik və bacarıqlarını əsirgəmirlər. 

Ötən dövrlərdə kişilərin üstünlük təşkil etdiyi hüquq-mühafizə orqan­larında çalışan qadınlarımızın çəkisi müstəqillik illərində ilbəil artır. Artıq polis qadınlarımızın sayı barmaq­la sayılacaq qədər deyil. Zərif cinsə qarşı baş verən ailədaxili zo­rakılıqların, təzyiqlərin, qətl­lərin qarşısının alınmasında qadın polislərin fəaliyyəti daha səmərəli nəticələr verir. İctima­iyyət də ümumi asayişin təmin olunmasında qadın polislərin rolunu önə çəkir. Qadınlar üçün nisbətən çətin sayılan bu sahə­də onlar fədakarlıqla çalışır, mürəkkəb vəziyyətlərdə çevik xidmət nümunələri ilə seçilirlər. 

Qadınların əziz günü mü­nasibətilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilinin təbliği və ictimai qu­rumlarla əlaqə bölməsinin ins­pektoru, polis kapitanı Pərvanə Muradova ilə söhbətimiz də bu mövzuda oldu.

– Pərvanə xanım, qadın üçün ev, ailə, ictimai həyat qayğıları ilə yanaşı, həm də gündəlik fəaliyyətin yol poli­si kimi heç də asan olmayan sahəsində çalışmaq çətin deyilmi?

– Hər gün saat 6-da oyanıb, 7-də evdən çıxmalı oluram. Övladlarımı məktəbə apardıqdan sonra xidməti yerimə gəlirəm. İş yerimdə öz üzə­rimə düşən işlərin icrasına başlayı­ram, daha vacib işləri önə salıram. Qəbula gəlmiş vətəndaşların prob­lemlərini dinləyir, həlli istiqamətində tapşırıqları icra edirəm. 

Tədris planımız da var, ona uyğun 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə həftədə 2-3 dəfə orta məktəb­lərdə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərini nəzəri və praktiki şəkildə izah edirəm. Xidməti işim başa çatdıqdan sonra övladları­ma, ailəmə qayğım başlayır. Uşaqla­rımın dərsləri ilə maraqlanır, dinləyir, ehtiyaclarını öyrənirəm. Övladlarımla aramda dostluq münasibəti var, elə bir şərait yaratmışam ki, onlar hər bir məsələni mənimlə paylaşa bilsinlər. Uşaqların qayğısı, məktəbdə verilən tapşırıqların yerinə yetirilməsi, daha sonra hər xanımın gördüyü ev işləri – bütün bunlar gecə saat 1, bəzən 2-yə kimi çəkir. Xidmətimi, Vətənimi se­virəm, ailəm də bir o qədər dəyərlidir. Həyat yoldaşım mənim üçün yüksək dəyərdir, o, ailəmin başçısıdır.

– Necə oldu ki, polis olmaq istə­diniz? Qarşınıza hansısa əngəllər çıxıbmı?

– Polis, müstəntiq, prokuror kimi vəzifələrdə işləmək uşaqlıq arzum olub. Daha çox belə filmlərə, seri­allara baxmışam. Detektiv janrda hələ kiçik yaşlarımda xeyli kitablar oxumuşam. Amma bu arzum asan reallaşmayıb. Ailə, mental dəyərlər maneə olub. “Qız hara, polis hara” fikirləri qarşımı kəsib. Elə oldu ki, 27 yaşıma qədər arzularımın istiqamə­tində gedə bilmədim. İstəməsəm də Avrasiya Universitetinin beynəlxalq münasibətlər fakültəsinin regionşü­naslıq ixtisasına qəbul oldum. Daha sonra anamın çalışdığı “Azəriqaz”da işləməli oldum. Ali təhsilli olmağıma baxmayaraq, o idarədə operator kimi işə başlasam da, 3 aydan sonra – 21 yaşımda kadrlar şöbəsinin rəisi və­zifəsinə təyin edildim. 

Sonra ikinci ali təhsil aldım. İqti­sad Universitetinin beynəlxalq iqtisa­di münasibətlər ixtisasını bitirdim. Elə həmin il qarşıma Daxili İşlər Nazirliyi­nin elanı çıxdı. Düşünürdüm ki, artıq mənim üçün gec olar. Əvvəllər polis olmağıma qarşı çıxan rəhmətlik atam bu dəfə məni həvəsləndirdi. Elan ve­rilən idarəyə getdim. Burada yaxşı mühit gördüm. İdarədəki polislərin mədəni davranışı, alicənablığı mənə olduqca xoş təsir etmişdi. Sanki, başqa bir dünyada idim. Rəhbərliyin münasibəti, davranışı məni tamam dəyişmişdi. Artıq başladım işə qəbul imtahanlarına hazırlaşmağa. 

Ailə qurandan sonra həyat yolda­şım polis olmağımı istəməsə də, bu dəfə mənə yardımçı oldu. Kənardan polisə münasibət fərqli olsa da, bu şərəfli və məsuliyyətli peşədir. Polis Akademiyasının hüquqşünaslıq ixti­sasını bitirməyimdə, bu gün polis ol­mağımda ən böyük dəstəkçim vaxtilə polis olmağımı istəməyən həyat yol­daşımdır. 

– Xidmət müddətində qarşı­laşdığınız maraqlı və təhlükəli ha­disələr, yəqin ki, az olmayıb.

– Biz təlimlər keçmək üçün müxtə­lif müəssisələrə, ali təhsil ocaqlarına, orta məktəblərə gedirik. Uşaqları çox sevirəm, məktəblərdə onlara təlimlər keçmək xoş olur mənə. Bakıdakı 20 saylı məktəbdə uşaqlara yol hərəkə­ti qaydalarını izah edirdim. Əsasən, piyada keçidlərindən danışırdım. Tə­limdən sonra məktəbdən çıxıb daya­nacağa doğru gedəndə gördüm ki, ana və övladı yolun kənarın­da bir-birini sağa-sola çəkirlər. Yaxınlaşdım, məlum oldu ki, uşa­ğın valideynidir. Soruşdum ki, nə etmək istəyir. Axı siz bizə dediniz ki, piyada zolağından keçin, təh­lükəlidir. Bu mənzərə mənə çox xoş təssürat bağışladı. Gözəl və kövrək hisslər idi. Sanki, əməyi­min, xidmətimin bəhrəsini almış­dım. 

Bir gün də Şərifzadə küçə­sində piyada keçidləri ilə bağlı təbliğat işləri aparırdıq. Gördük ki, irəlidə qarışıqlıq baş verib. Ananın başı telefona qarışmışdı, övladını maşın vurub öldürmüş­dü. Bu, həyatımın ən unudulmaz faciəli mənzərəsi idi və məni təb­liğatı daha intensiv və dərindən aparmağa səslədi.

– Bir xanım üçün polis ol­maq nə deməkdir?

– Nəinki xanım, bir kişi üçün də polis olmaq çətindir. Polis ailədə, cəmiyyətdə və digər yerlərdə təmiz olmalıdır. Polis üçün olmazlar çoxdur. Bizim xidmətimiz 24 saatdır. Polis üçün havanın istisi, soyuğu ol­mur. Evimizdə, restoranda, harada olmağımızdan asılı olmayaraq, biz polisik. Biz gündəlik həyatımızda da polisik. Xanımın incə davranışını bəyənirəm. Amma mən elə davrana bilmirəm, davranmıram. Çünki mən polisəm. Uşaqlarımla danışanda da, ailəmlə, rəfiqələrimlə gəzməyə çıxan­da da polisəm. Mən artıq 14 ildir po­lisəm. 

– Yenidən seçim etməli olsanız, bu dəfə də polis olardınızmı?

– Tam əminliklə və məsuliyyətlə deyirəm ki, dünyaya bir daha gəlsəy­dim, yenidən polis olardım. Buna qəti əminəm. Azərbaycan Respublikası­nın polisi olmağımla qürur duyuram. 

– Gənc qızlara, polis olmaq istəyənlərə tövsiyələriniz?

– Əgər bu xidməti sevirlərsə və bu sahəyə özlərini hazır hiss edirlərsə, belə çətin peşənin öhdəsindən gəl­məyə gücləri çatacaqsa, gənc qızlara polis olmağı tövsiyə edirəm. 

– Pərvanə xanım, sizi 8 Mart Beynəlxalq Qadınlar Günü müna­sibətilə təbrik edir, iş və ailə həya­tınızda uğurlar arzulayırıq.

Rizvan FİKRƏTOĞLU
XQ

Müsahibə