Hirudoterapiya – zəliqoyma kompleks təbii müalicə üsuludur

post-img

Onunla bədən təmizlənir, güclənir və cavanlaşır

Hələ lap qədimlərdən ənənəvi tibblə bərabər alternativ tibbə müraciət etməklə insanlar müxtəlif dərdlərinə çarə arayıblar. Alternativ tibb deyəndə öncə bioenerji, fitoterapiya, iynəbatırma, hicama, arısancma, zəli ilə müalicə yada düşür. 

Bu müalicə üsullarını bir zamanlar ic­timai səhiyyəyə yaxın buraxmasalar da, hazırda həkimlər alternativ tibbə müra­ciət etməyi də məsləhət görürlər. Bir sıra tibb mərkəzləri və müəssisələri alternativ müalicə üsullarından uğurla istifadə edir. Həmsöhbətimiz türkəçarə deyilən qə­dim müalicə üsullarından hirudoterapiya mütəxəssisi, Moskva Hirudoterapevtlər Alyansının üzvü, yüksək ixtisaslı aku­punktura (iynəbatırma) həkimi Şahmar Məmmədovdur. Qeyd edim ki, soydaşımız Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 12 il Rusiya klinikalarında kardioloq kimi çalışıb. 1990-cı ildən isə Bakıdakı 8 saylı poliklinikada fəaliyyət göstərir. Aku­punktura və hirudoterapiya ilə məşğul olan 80-ə yaxın həkim özünü onun şagirdi hesab edir. Şahmar Məmmədovun “Aku­punktura”, “Hirudoterapiya” adlı kitabları ölkəmizdə bu sahədə ilk nəşrlər sayılır. O, həm də şair qəlbli, publisist düşüncəli yazardır. Yaradıcılığı “Qızıl qələm” müka­fatına layiq görülüb. Söhbətimizə hirudo­terapiyanın tarixindən başlayan Şahmar həkim bildirdi:

– Hirudoterapiya zəli ilə müalicə haqqında elm deməkdir. Dünyada elə xalq yoxdur ki, zəli ilə müalicədən istifadə et­məsin. Son 20–25 ildə Avropada, Asiya və Amerikada geniş yayılmağa başlasa da, eramızdan əvvəl Hindistanda və Misirdə bu müalicə üsulundan istifadə edildiyini sübut edən faktlar var. İtaliyanın cənu­bunda qazıntılar zamanı geyim əşyaları­nın üstündə zəli şəklinin olması, Romada zəli müalicəsindən istifadə edildiyinə dair sübutlar onu göstərir ki, eramızdan əvvəl xəstə insanlar bu müalicə ilə sağalıblar. O dövrdə təbiblər üç müalicə üsulundan – zəli ilə qan çəkmək, venaseksiya– da­mardan qan almaq və bədəndə kiçik kəsik açıb onun üzərinə küpə çevirib qan çək­məkdən geniş istifadə ediblər. Ən önəmlisi və təhlükəsizi zəli ilə qan çəkmək olub. Amma o vaxtın həkimləri bilmirdilər ki, zəli bədəndən yalnız qan çəkmir. Sən demə, o, eyni vaxtda bədənə ağız suyu vsitəsilə çoxlu sayda bioloji aktiv maddələr ötürür. 

Roma imperiyasının süqutundan son­ra Avropada zəli ilə müalicədə durğunluq yaransa da, orta əsrlərdə Kralların ha­kimiyyəti zamanı qədim yunan tibb elmi dirçəldi. XIX əsrdə bu müalicə üsulu in­kişaf etməyə başladı. Fransız bioloqu, mikrobiologiya və immunologiyanın banisi Lui Paster yoluxucu xəstəlikərin mikrob­lar tərəfindən törədildiyini sübut etdikdən sonra zəli müalicəsi zamanı orqanizmə infeksiya keçmək ehtimalı yarandı və bu müalicə üsulu dayandırıldı. Amma L.Pas­ter insult olarkən həkimlər onun boynuna zəli qoyaraq həyatını xilas etdikdən sonra o, 9 il bu elmlə məşğul olaraq, Paster ins­titutunu yaratdı. XX əsrdə zəli ilə müalicə­nin yeni dövrü başladı. 

– Doktor, sizdə zəli müalicəsini öy­rənmək həvəsi nədən qaynaqlanıb?

– Ağdamın Mahrızlı kəndindənəm. Uşaq vaxtı kəndin aşağısındakı kəhrizdə yuyunar, çimərdik. Bir dəfə sudan çıxan­da ayağıma 3- 4 zəli yapışdığını gördüm. Mən nənəmin başı ağrıyanda boynunun arxasına zəli qoyulduğunu görmüşdüm. Ona görə qorxmadım və zəliləri qoparıb suya atdıqdan sonra ayağımın qanı axa-axa evə gəldim. Mən həmişə payız-qış aylarında zökəm olardım. Amma o ha­disədən sonra xəstəliyim keçib getdi. İllər ötdü. Tibb institutunda da axtardığım sual­lara cavab tapmadım. Rusiyada işləyəndə isə xüsusi kurslarda akupunktura elminə yiyələndim. Sonra öyrəndim ki, zəli ayağı­mı dişləyəndə onun üfürdüyü 250-dən çox fermentin ayağıma müalicəvi təsiri olub.

– Müalicə məqsədilə hər növ zəli­dən istifadə etmək olarmı? 

– Zəlinin dünyada 400-dən çox (bəzi məlumata görə, 600) növü var. O, 1984-cü ildə “Qırmızı kitab”a daxil edilib. Tibbdə onların yalnız 3 növündən – müalicəvi (tibb zəlisi), aptek və şərq zəlisindən istifadə edilir. Tibbi zəli qara, qonur, yaşıl, qırmızı rənglərdə olur. Belində sarı, qırmızı zolaq və nöqtələr, qarnında alabəzək, tünd sarı ləkələr var. Aptek zəlisinə Macarıstan zə­lisi də deyirlər. Rəngi tünd yaşıldır, zolağı var, amma nöqtələr, ləkələr yoxdur. Şərq zəlisinin isə o birilərinə nisbətən rəngi daha parlaqdır. Beli narıncı zolaqlar, qara ləkələrlə örtülüb. Azərbaycanda çox yayıl­mış bu növ zəli aqressiv və çox hərəkət­lidir, amma müalicəvi təsiri də yüksəkdir.

Qeyd edim ki, zəli onurğasızdır, 3 çənəsi var və hərəsində 90 diş mövcud­dur. Zəli qan sorduqda dərini 1,5–2 mm dərinlikdə kəsir və sonra dəridə üçbuca­ğa oxşar iz qalır. Maraqlıdır ki, zəlinin 5 cüt gözü, 2 ürəyi, 10 cüt mədə cibciyi var. İybilmə, dadbilmə, isti-soyuğu fərqləndir­mə qabiliyyəti var. Azərbaycanda zəlinin 17 növü var. Tibbi məqsəd üçün istifadə edilən zəlilərin rəsmi lisenziyası var, müa­licə yalnız özəl klinikalarda aparılır. 

– Zəli müalicəsi nə qədər çəkir? Hər kəs bu işlə evdə məşğul ola bilərmi?

– Seanslar 3 gündən bir və ya həftə­də iki dəfə aparılır. Xəstəliyin gedişindən, müalicənin təsirindən asılı olaraq müalicə kursu 5-10 seans olur. Kurslararası fasilə 1-3 aydır. Bir seansda 2–10 arası zəli qo­yulur. Xəstənin çəkisindən asılı olaraq bu say 15-ə çatdırıla bilər. Zəli ilə müalicəni xüsusi hazırlıq kursu keçən hirudotera­pevt, yaxud akupunktura ilə məşğul olan həkim apara bilər. Orta tibb işçisinin zəli qoymaq səlahiyyəti yoxdur. O, yalnız hə­kimin nəzarəti altında işləyə bilər. Onu da deyim ki, müalicədə hər zəlidən yox, yal­nız sertifikatı olan apteklərdə satılan zəli­dən istifadə edilməlidir. 

– Hansı hallarda və xəstəliklərdə zəli müalicəsi tətbiq edilir?

– Zəlidən demək olar ki, əksər xəstə­liklərin müalicəsində istifadə edilir. Sinir (üz sinirinin nevralgiyası, atereskleroz, osteoxondroz və fəsadları, miqren, parkin­son, bexterev, reyno və s.), dayaq-hərəkət aparatı (artroz, revmatoid artrid, podaqra, mahmız və s. ), ginekoloji (xroniki iltiha­bi, bitişmə, klimaks, hipotalamo və s.), burun-boğaz-qulaq (haymorit, frontit, otit, laringit, rinit, eşitmə sinirinin nefriti və s.), göz (qlaukoma, makulyar ödem, gözün torlu qişasının, görmə sinirinin xəstəlikləri və s.), endokrin (şəkərli diabet, piylənmə, qalxanvari vəz, və s.), travmatoloji (hema­toma, sınıq, çıxıq, kontrakturalar və s.), dəri (psoriaz, ekzema. neyrodermit, aller­gik xəstəliklər və s.), uroloji (prostat vəz, xroniki sistit, sistalgiya və s.), stomatoloji (stomatit, parodontoz), daxili (stenokar­diya, kardioskleroz, hipertoniya, bronxit, bronxial astma, kəskin və xroniki qastrit və s.) xəstəliklərdə zəli müalicəsinin aparıl­ması yaxşı nəticələr verir. 

– Zəli qoyulmasına əks-göstəriş varmı, fəsadları nədir?

– Qanla bağlı problemlərdə zəli qoyul­masına iczə verilmir. Anadangəlmə qan laxtalanmaması (hemofiliya), bədəndə qanaxma zamanı, cərrahi əməliyyatdan bir həftə əvvəl və sonra, vərəm, aşağı hemoqlobin, qrip, anginadan sonra, qan­durulducu dərman qəbul etdikdə və bəzi digər hallarda, eləcə də südverən analara zəli proseduruna icazə verilmir. Zəli qo­yulduqdan sonra qaşınma, dişləmə yer­lərində ödem, limfa vəzlərinin böyüməsi kimi hallar müşahidə edilir. Bununla ya­naşı, yaraya düzgün qulluq edilməyəndə absesləşmə, güclənən qanaxma kimi fə­sadlar ortaya çıxa bilər. Bəzən ilk seansda allergiya baş verir, belə olanda müalicə dayandırılmalıdır. 

– Zəli müalicəsi ilə bağlı uzun illər ərzində əldə etdiyiniz tibbi təcrübələri, tətbiq etdiyiniz üsulları kitabınızda el­mi-populyar üslubda müvafiq oxucula­ra çatdırmısınız.

– Kitab hirudoterapiya haqqında Azər­baycan dilində yazılmış ilk elmi-təcrübi əsərdir. Kitabda son illərdə edilən kəşflər, çakralar haqqında məlumat vermişəm. Bu nəşrdə zəli istifadə olunan xəstəliklərin klinikasını, zəli qoyulan nahiyələri, aparı­lacaq seansların sayını göstərmişəm. Ki­tab geniş oxucu kütləsi üçün yox, hirudo­terapevtlər, akupunktura ilə məşğul olan həkimlər, təbabətlə əlaqəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

– Çakralar dediniz. Onların rolu nədir?

– Orqanizm kainatdan gələn güclü enerjinin birbaşa təzyiqinə dözə bilməz. Bu enerjinin kiçik zərrəsi insan bədəninə düşsə, bütün orqan və sistemlərdə prob­lem yaradar. Orqanizmin enerji mərkəz­ləri – çakralar, sanki, işıq transformatoru rolunu oynayıb yüksək enerjini qəbul edir və onun tezliyini azaldaraq bədən üçün ziyansız halda içəri ötürür. Şərq elmində çakra dairə deməkdir. Bu sahələr ətraf mühitdən alınan enerji və informasiya­nı bədənə ötürən və onu çıxaran xüsusi enerji mərkəzləridir. Fiziki bədəndə olan konusvari 7 çakra horizontal və vertikal re­jimdə işləyir. İnsan biosahəsinin kosmos enerjisi ilə əlaqəsi çakralar vasitəsilə hə­yata keçirilir.

– Həcəmət və hirudoterapiya – han­sı üstündür? 

– Həcəmət və zəliqoyma prinsipcə bir-birinə yaxın olub uzun əsrlər insanlara xidmət edib. Hər iki müalicənin əsasında kapilyar qanburaxma durur. Həcəmət za­manı dərin toxumalardan limfa və toxu­maarası maye dəri səthinə çıxarılaraq axıdılır. Zəli qoyanda isə bədənə üfürülən bioloji aktiv maddələrin təsirindən qan du­rulaşır, tromblar əriyir, mikrosirkulyasiya yaxşılaşır, zəhərli limfa drenaj olunur, im­munitet yüksəlir. 

Hər iki müalicə müxtəlif iltihabi xəstəlik­lərdə, travmalarda, artritlərdə, osteoxond­rozlarda, daxili orqanların durğunluğunda və digər xəstəlikərdə istifadə olunur. Amma nəzərə almaq lazımdır ki, kəskin iltihablar­da, təzə travmalarda ödemi götürmək üçün həcəmət daha təsirlidir. Hirudoterapiya isə orqanizmin geniş sahələrinə təsir etdiyinə görə ona xüsusi ehtiyac var. Bu barədə ki­tabımda geniş məlumat var.

– Kitabınızda zəlinin kosmetologi­yada istifadəsi barədə də maraqlı tək­lifləriniz var. 

– Bəli. Zəli müalicəsinin təbii cavan­laşdırıcı təsiri var. Kosmetologiyada üz qırışlarını götürmək üçün botoksdan is­tifadə edirlər. Botoks görməni zəiflədir, dəridə səpkilər yaradır, əzələ atrofiyalaşır və təkrar ediləndə müqəvva sifəti yaranır. Zəli isə üzdəki bütün qüsurları götürməklə dərini cavanlaşdırır, ona parlaqlıq gətirir, qocalma əlamətləri aradan qalxır, saç tö­külməsi dayanır, ən başlıcası, heç bir fə­sad yaranmır. 

– Kitabda 100 suala verilən 100 ca­vabın hər biri diqqət çəkir... 

– O suallara verilən cavabların əksə­riyyəti tibbi təcrübəmə əsaslanır. Amma hər xəstəyə probleminə uygun fərdi ya­naşılmalıdır. Kitabdakı məlumatlardan və reseptlərdən istifadə edən həkimlər buna xüsusi diqqət etməlidirlər. 

– Ətraflı öyrənilməyən bu sahə ilə bağlı geniş və dolğun məlumat üçün sizə təşək­kür edirik, işlərinizdə uğurlar arzulayırıq. 

Müsahibəni qələmə aldı:
Zərifə BƏŞİRQIZI,
XQ

Müsahibə