Neftin qiyməti nədən asılı olacaq?

post-img

Londonun ICE birjasında keçirilən hərraclarda Brent markalı neftin bir barelinin qiyməti 84,29 dollara düşüb. İki gün əvvəl isə bu markadan olan neft 88,09 dollara satılmışdı. Ekspertlər etiraf ediblər ki, payızda neftin bir barelinin qiyməti 85 dollar səviyyəsində dayana bilər.

Bəs, yanacağın qiymətinin aşağı düş­məsinə səbəb nədir? Bu ilk növbədə Çin­lə bağlıdır. Dünyada yanacaq sərfiyyatına görə ABŞ və Avropadan sonra üçüncü yerdə Çin qərarlaşıb. Bu ölkənin iqtisa­diyyatı ilə bağlı məlumatlar bazara təsir edib. Belə ki, iyul ayında Çində sənaye istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 3,7 faiz artıb. Proqnoza görə isə sənaye istehsalı 4,4 faiz artmalı idi. Yəni, nəzər­də tutulmuş artım qeydə alınmayıb. Məlu­matın dərcindən sonra neft ucuzlaşmağa başlayıb. Amma bunu təhlükəli hesab etmək olmaz. Neftin bir barelinin qiyməti 60-70 dollara düşsəydi, o zaman bu, çox narahatlıq yaradardı.

Payızda qiymət necə dəyişə bilər? İki məsələ diqqət mərkəzində olacaq. Birin­cisi, ABŞ Federal Ehtiyat Sistemi çox güman ki, əsas faiz dərəcəsini artırma­yacaq. OPEC+ alyansı çərçivəsində isə neft hasilatının parametrləri əvvəllər açıq­lanmışdı. Bildirilmişdi ki, kotirovkalar bir barel üçün 80-86 dollar arasında dəyişə bilər, lakin ümumilikdə, ən çox ehtimal olunan diapazon 80-85 dollardır.

Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması səmərəli deyil. Çünki bu halda iqtisadiyyat ləngiyir: müəssisələr bahalı kreditlər almır, sənaye inkişaf etmir. Bundan əlavə, iqtisadiyyatda pul azdır və birjaya daha az pul daxil olur. Əmtəələrə, o cümlədən neft fyuçerslərinə tələbat da azalır. Müvafiq olaraq, onlar ucuzlaşır. Neftə də tələbat azalır. Deməli, uçot dərə­cəsinin artırılması gözlənilən deyil.

İkincisi, payızda neft kotirovkalarının səviyyəsi həm də Çindəki neftə tələbat­dan və digər OPEC+ ölkələri ilə yanaşı Səudiyyə Ərəbistanının mövqeyindən asılı olacaq. İndi Çin az-çox koronavi­rus pandemiyasından sağaldığını, neftə tələbatının artdığını açıqlayıb. Deməli, Çin sənayesinin inkişafı bərpa olunacaq, hava nəqliyyatının həcmi artacaq və bu amil neftin qiymətinin artmasına səbəb ola bilər.

Əsas intriqa səudiyyəlilərin və OPEC+ alyansının üzv ölkələrinin neft hasilatının azaldılmasını oktyabr ayına qədər uza­dıb-uzadmayacağıdır. Bu amil qiymətə təsir edəcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 1 milyon barel azaltmışdı. Bunu yalnız iyul ayı üçün qə­bul edildiyini, sonra avqust və sentyabr aylarına qədər uzatdığını açıqlamışdı. Sentyabrda Brent markalı neftin bir barre­li üçün qiymət 85 dollardan yuxarı qalar­sa, Ər-Riyadın hasilat həcmini artırmağa başlaması mümkündür. Lakin OPEC+ kvotalarının eyni səviyyədə qalacağı eh­timalı var. Deməli, istənilən halda neftin ucuzlaşması gözlənən deyil.

Əhməd TALIBOV, 
professor

OPEC+ 2024-cü ildən etibarən gündəlik neft hasilatını daha 1,4 mil­yon barel azaldacaq. Nəticədə gün­dəlik neft hasilatı 40,46 milyon barel olacaq. Alyansa Rusiya, Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malay­ziya, Meksika, Oman, Sudan, Cənubi Sudan daxildir. Bu qərar neft bazarın­da sabitliyə nail olmaq məqsədilə qə­bul edilib.

Azərbaycan da bu alyansın üzvü­dür və əsas valyuta gəliri neft satışın­dan əldə olunur. Ona görə də stabil qiymət ölkəmizin maraqlarına xidmət edir. Dünya bazarında Azərbaycan nefti öz keyfiyyətilə fərqlənir və Brend markalı neftdən baha satılır. Ötən bir­jada “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 89,86 dollar olub.

Azərbaycanın builki dövlət büdcə­sində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Neftin qiymətinin yüksəlməsi Azərbaycan iq­tisadiyyatının inkişafı üçün çox böyük təkandır. Xaricdən investisiya yox, daxili imkanlar hesabına iqtisadiyya­tımızı gücləndirə bilərik. Qiymət arı­mı büdcəyə əlavə pulun daxil olması deməkdir. Düzdür, neftin qiyməti bəzi hallarda yüksəlir, bəzən azalır. Buna əsasən münaqişələr səbəb olur. Mə­nim fikrimcə, neftin qiyməti ilin so­nunda 86-90 dollar olacaq. Bu da o deməkdir ki, Azərbaycan büdcəsinə əlavə pul gələcək.

Xatırladım ki “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiy­məti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Bu ilin yanvar-mart aylarında Azər­baycan 179 401,11 min ABŞ dolları dəyərində 300 328,53 ton neft məh­sulları ixrac edib. Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 97 faiz, həcmi isə 89,2 faiz artıb.

Pünhan ƏFƏNDİYEV,

XQ



İqtisadiyyat