Peşə seçimi – ictimai kimliyin özülü

post-img

Şəhla ASLAN, 
Təhsil araşdırmaları üzrə doktorant

Təhsil almaq nə üçün önəmlidir? Peşə, ixtisas seçərkən nələrə diqqət etmək vacibdir? Əvvəlcə ondan başla­yaq ki, təhsil insanın təməl hüququdur. Demək olar ki, hər kəs təhsilin vacib­liyini qəbul edir. Roma filosofu P.Siri­us deyib: “Təhsili ancaq cahillər inkar edər”.

Ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrin ixtisas seçimi ərəfəsində bu mövzuya toxunmağımız təsadüfi deyil. Perspektivli, etibarlı gələcək üçün təhsil sahəsinin düzgün seçilməsi vacibdir. 

Bu gün dünya iqtisadçıları “Çağımız­da ən yaxşı kapital təhsilə qoyulan inves­tisiyadır”, – deyirlər. Sözsüz ki, təhsilə sərmayə yatırımı sosial məsuliyyət tələ­bi olaraq fərd, təşkilat və cəmiyyət üçün qoyulan investisiyadır. Təhsilin lazımsız investisiya və vaxt itkisi olduğu fikri artıq keçərli deyil. 

Təhsilin verdiyi reputasiya həm də in­sanın özünə güvənməsinə şərait yaradır. Diqqət yetirin ki, qorxular, adətən, məlu­matsızlıqdan, nadanlıqdan qaynaqlanır. Biz yeni bir şeyi öyrənəndə görürük ki, əslində, o qədər də çətin deyilmiş. Buna nail olmağın yeganə yolu yenə də oxu­maqdır. 

Digər tərəfdən, təhsil təkcə fərdi üs­tünlüklər demək deyil. Bu, həm də bir çox sosial faydaları təmin edir. Savadlı cəmiyyətlərdə problemlər daha asan həll olunur, həyat keyfiyyəti daha yüksək olur, sosial sülh daha asan əldə edilir. Savad­lı cəmiyyətlərdə cinayət nisbəti də xeyli aşağıdır. İnsanlar sosial həyat tərzini, yaşadıqları mədəni və sosial dəyərləri o cəmiyyət üçün ideal şəkildə hazırlanmış bir təhsillə öyrənirlər.

Təhsil önəmli olduğu qədər, düzgün peşə–ixtisas seçimi də vacibdir. Yeri gəl­mişkən, peşə ilə ixtisas fərqli anlayışlar­dır. Bunlar bəzən eyniləşdirilir. Azərbay­can dilinin izahlı lüğətində peşə–sənət, iş, məşğuliyyət kimi, ixtisas – elmin, texnika­nın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi, xüsusi hazırlıq nəticəsində əldə edilmiş bilik, sənət, peşə kimi xarakte­rizə edilir. Peşə daha geniş anlayışdır. İxtisas isə peşənin nisbətən dar, konkret bir sahəsi üzrə olan məşğuliyyət növünə deyilir. 

Peşə seçərkən diqqət edilməsi vacib olan çox önəmli nüanslar var. Məsələn, seçilən peşə nüfuzlu və maraqlı olmalı, sahibini özünə cəlb etməli, əmək şəraiti, peşənin maaşı nəzərə alınmalı, seçim bazarın tələblərinə uyğun və gələcək kar­yera üçün təminatlı olmalıdır. 

Təxmini hesablamalara görə, dünya­da 3 mindən artıq peşə, 40 mindən çox ixtisas var. İqtisadiyyatın inkişafı ilə əlaqə­dar olaraq, yeni-yeni istehsal sahələri və bunlara müvafiq yeni peşələr, ixtisaslar yaranır. Təcrübə göstərir ki, müasir dövr­də peşələrin kəmiyyət və keyfiyyət etibarı ilə kifayət qədər çoxspektrli və rəngarəng olması bəzən yeniyetmələrin düzgün və zəruri seçim edə bilməmələrinə səbəb olur. 

Təbii ki, peşə seçərkən valideynlərin və mütəxəssislərin fikirləri nəzərə alınma­lıdır. Lakin abituriyentin öz istək və ar­zuları əsas olmalıdır. Təsirə düşüb peşə seçimi etmək şəxsin iş həyatında uğur­suzluğuna səbəb ola bilər, ali təhsil aldığı sahədə işləməyə marağı azaldar. Ona görə də abituriyent peşə seçərkən bunun müsbət və mənfi cəhətləri və s. detallı şə­kildə araşdırılmaldır. 

Ayrıca, sənayenin, texnologiyanın və digər sahələrin durmadan artan inkişaf səviyyəsi, İKT-nin həyatımızın bir çox sahələrinə nüfuzu, neft və qeyri-neft sek­torunda yeni texnika və texnologiyaların tətbiqi, hərbi sənayenin inkişafı və digər bir sıra sahələrdə yeni peşə və ixtisaslara tələbatı artırır. Əmək bazarının hazırkı və perspektiv tələbatlarına diqqət yetirmək, gələcəyi nəzərə almaq, işsizlik, başqa sahələrdə işləmək məcburiyyəti ilə üzləş­məmək üçün bu tələbləri nəzərə almaq lazımdır.

Çox təəssüf ki, bəzən valideynlər övladlarının peşə-ixtisas seçiminə ciddi yanaşmırlar. Çox vaxt bu seçimdə onla­rın səhv etdiklərini deyir, bəzən də səhv edəcəklərindən ehtiyatlanırlar. Əksər hallarda isə valideynlər övladlarını necə görmək istəyirlərsə, bu istəklərini də hə­yata keçirmək üçün onların seçimini özlə­ri yerinə yetirməyə çalışırlar. Nəticədə də səhvlərə yol verilir ki, bunu da sonradan düzəltmək çox çətin olur. Bu baxımdan abituriyentlər seçəcəkləri peşə ilə bağlı onları inandırmağa çalışmalıdırlar

Təhsil