“Tərs axın”ın susqun nəğmələri

post-img

Yazıçı Vaqif Sultanlının “Tərs axın” hekayələr kitabı nəşr olunub. Azərbaycan Dövlət Nəşriyyatında yayımlanan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı 30-dan çox hekayəsi daxil edilib. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.

Kitaba müəllifin tarixi və müasir möv­zularda yazılmış “Yovşan ətri”, “Ağ yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor dü­yün”, “İlan əfsanəsi”, “İlğım”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, “Humayun”, “Kulikovo döyüşü” və başqa hekayələri daxil edilmışdır. Bu əsərlərin əksəriyyəti Azərbaycan mətbuatında dərc edilib, bə­ziləri isə oxuculara ilk dəfə təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dün­yanı və yaşadığımız cəmiyyəti rahatsız edən mənəvi aşınma, əxlaqi çöküş, öz­gələşmə kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişimində qələmə alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin gi­rovuna çevrilən insanların duyğu, düşün­cə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə çalışmışdır.

Müəllifin məqsədi hansısa ömür he­kayətini anlatmaq deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini geniş­ləndirərək insan obrazını ümumiləşdirir, onu hardasa lokal çərçivədən çıxarır, çağ­daş dövrümüzün problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir: “Zaman və fərd qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verməyə çalışır”.

Bütövlükdə, dil-üslub, forma-məzmun rəngarəngliyi ilə seçilən hekayələr müəlli­fin yaradıcılıq xronologiyasının real, ger­çək mənzərəsinin canlandırılması baxı­mından maraq doğurur.

XQ

Mədəniyyət