Polşa silahlı qüvvələrinin sayını 300 minə çatdıracaq

post-img

Polşa 2035-ci ilə qədər peşəkar hərbçilər və könüllülərlə silahlı qüvvələrinin sayını 300 minə çatdırmağı planlaşdırır. Belə ki, Rusiyanın qonşu Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi cəmiyyətin bütün təbəqələrindən olan polyakları könüllü kimi qeydiyyatdan keçməyə sövq edib.

5-ci Mazovets Ərazi Müdafiə Briqa­dasının komandir müavini, polkov­nik-leytenant Qjeqorj Podolşanski deyir ki, onun briqadasında təlimlərə tələb artıb. “Bu il 800 əsgər cəlb etməyi və tə­lim keçməyi planlaşdırırdıq. Amma iyun ayına qədər 200 könüllü divarlarımızın arxasında gözləyəndə və eyni zaman­da, şərq sərhədinin o tayında nə baş verdiyini bildiyimiz üçün biz təlimlərdə olan əsgərlərin sayını iki yüz nəfər ar­tırdıq və hədəfimiz 1100-ə çatmaqdır”.

Ərazi müdafiəsinə qoşulmaq üçün əsas tələblər, ən azı, 18 yaş və Polşa vətəndaşı olmaqdır. Sebastyan Nikityu­kun 19 yaşı var, o, yayın bir hissəsini tə­limlərdə keçirmək qərarına gəlib. “Mən indi tətildəyəm. Məktəbi bitirməyimə daha bir il var. Məzun olduqdan sonra kiber-təhlükəsizlik üzrə təhsil alaraq, peşəkar hərbçi olmağı planlaşdırıram”.

Nikityuk 5-ci Mazoviya Ərazi Müda­fiəsi Briqadası üçün 16 günlük əsas tə­limdən sonra yekun imtahan verən 80 nəfərdən biridir. Testlər atış və ilk yar­dımdan tutmuş, taktiki məşqlərə kimi doqquz hissədən ibarətdir.

İşə qəbul edilənlərdən biri də yük maşını sürücüsü Kamil Strzalkovskidir. O, testlərin hamısını keçəcəyinə əmin­dir. “Fiziki cəhətdən bu məşqlər çətin­dir. Xüsusilə də kimsə formada deyilsə. Amma 35 yaşıma baxmayaraq, bunun öhdəsindən yaxşı gələ bilərəm”.

İşə qəbul edilənlərin heç biri öz işini tərk etməməlidir. Ərazi müdafiə xidməti insanlara mülki və hərbi həyatlarını bir­likdə idarə etməyə imkan verir. Əsgərin tam və ya yarım ştatlı əsgər olmaq se­çimi var. Olqa Kravçuk-Maxeran: “On­lar hər ayın bir həftə sonu iki gün ər­zində bölməyə gəlmək və məşq etmək məcburiyyətindədirlər. Amma qalan vaxt əsasən öz mülki həyatlarını istə­dikləri kimi yaşaya bilərlər. Və biz hər zaman tapşırılan hər şeyi etməyə hazır olmalıyıq".

Kravçuk-Maxeran ordu vəzifələrini son dörd ildə televiziyadakı işi ilə bir­ləşdirib. O, Polşa-Belarus sərhədindəki mövcud vəziyyəti və Ukraynadakı mü­haribəni nəzərə alaraq, Ərazi Müdafiə Qüvvələrinə qoşulmağın düzgün qə­rarı olduğunu deyir. “Özümü hazır hiss edirəm, məndə özümü daha təhlükəsiz hiss edəcəyim hərbi keçmişim var. Ha­zırkı vəziyyətin öhdəsindən gələ biləcə­yimi hiss etmək mənim üçün vacibdir”.

Hazırda burada 37 min əsgər xid­mət edir. Onların 90 faizi yarımştatdır. Rəsmilər qarşıdakı bir neçə ildə bu rəqəmi 50 minə çatdırmağı düşündük­lərini deyirlər. Ümumilikdə, Polşa 2035-ci ilə qədər silahlı qüvvələrini iki dəfə artıraraq, 300 minə çatdırmağı planlaş­dırır.

XQ

Dünya