Mövzu və janr əlvanlığı

post-img

Gənc Tamaşaçılar Teatrı – 95

(1991 – 2023) 

2-ci məqalə

(əvvəli XQ-nin 2 sentyabr nömrəsində)

Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə 1991-ci ilin sonlarında qo­vuşsa da, teatrın yaradıcılıq konsepsiya­sında, repertuar yeniləşməsində, poeti­kasının yeni estetikada formalaşmasına 1992-ci ildən başlandı. Vətənpərvərlik ruhlu, mənəvi-əxlaqi dəyərlərin ülviyyə­tindən, insanlarda yeni optimal şüurun formalaşmasından, eləcə də sosial-icti­mai tərəqqiyə mane olan, vacib məişət problemlərinə insan mənəviyyatı priz­masından yanaşan pyeslərin tamaşa­ya qoyulmasına maraq gücləndi. İnsan psixologiyasının mürəkkəbliyi, emosional lirizm, poetik dramatizm tamaşaların ru­hunda daha fəal estetik təcəssüm tapırdı.

Mövzu genişliyi teatrda janr əlvanlı­ğına meydan açdı və rejissorlar cəsarətli addımlar atdılar. Teatr bir az qəmli kome­diya, romantik komediya, gop-komediya, qaravəlli, məzəli oyun, uydurulmuş məzə­li hadisə, ekssentrik komediya, qəhrə­manlıq komediyası, qanlı faciə, publisis­tik faciə, mistik faciə, sənədli fəci dram, lirik-faciəvi məhəbbət hekayəti, kövrək etiraf, nağıl-müzikl, alleqorik nağıl, poe­tik-pupblisist dram, bir həyatın xronika­sı, publisistik qrotesk, ibrətamiz tövsiyə, ibrətamiz rəvayət, sənədli elegiya, ma­cəra-hekayət, məhəbbət balladası, mo­notamaşa, tragifars, dramatik məhəbbət dastanı, psixoloji həqiqətlər dramı, əylən­cəli macəra, treller, tək ifa üçün lirik dram janrlarında tamaşalar oynayıb

Müstəqillik illərində Gənc Tamaşaçılar Teatrı ilə yeni dramaturqlar, rəssamlar, bəstəkarlar yaradıcılıq əlaqələri qurublar. Elçinin, Əli Əmirlinin, Əhməd Orucoğlu­nun, Kamal Abdullanın, Hidayətin, Marat Haqverdiyevin, Tamara Vəliyevanın, Hü­seybala Mirələmovun, Aqşin Babayevin, Firuz Mustafanın, Dilsuz Mustafayevin, Rövşən Ağayevin, Aygün Həsənzadənin, Əjdər Olun, Rəvan Tohidoğlunun, Sevinc Elsevərin, Pərvin Nurəliyevanın, Ülviyyə Heydərovanın pyesləri müxtəlif rejissor estetikasında tamaşaya qoyulub. Bu ta­maşalar teatra çağdaş zamanla səsləşən fəlsəfi ideyalar, psixoloji fikirlər aşılayıb. Eyni zamanda, tamaşaçılar maraqlı rejis­sor işiləri, cazibəli aktyor ifaları ilə tanış olublar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu ildə verdi­yi 41 saylı qərarda göstərilirdi ki, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilsin. Bu qə­rarın icrası ilə bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 9 aprel 2009-cu ildə 130 saylı əmri verildi. Teatr bütün yaradıcı kollektivi ilə GTT-yə keçdi. Xalq artisti Cənnət Səlimova kollektivə baş re­jissor təyin edildi. Cənnət xanımın yarat­dığı və rəhbəri olduğu Bakı Kamera Teatrı ləğv edildi və onun aktyorları da GTT-nin truppasına qəbul olundular. Truppaya yeni daxil olan aktyorlar arasında xeyli səriştəli və təcrübəli, həmçinin istedadlı gənc aktyorlar vardı. 

1992 – 2023-cü illərdə rejissorlardan Ağakişi Kazımovun “Kiçik təpə” (Nəbi Xəzri), “Ağ div, qara div” (Əli Səmədli), Bəhram Osmanovun “Cəza” (Əli Əmirli), “Hacı Qara” (Mirzə Fətəli Axundzadə), “Yaddaş ağrısı” (Hüseynbala Mirələmov), “Mehmanxana sahibəsi” (Karlo Qoldoni, Vaqif İbrahimoğlunun “Unutmağa kimsə yox” (Kamal Abdulla), Vaqif Əsədovun “Ana laylası” (İsgəndər Coşqun), “Oliver Tvistin macəraları” (Çarlz Dikkens), Möh­sün Mürsəlovun “Danışan gəlincik” (Ab­dulla Şaiq), Rafiq Əliyevin “Nəsrəddin” (Yusif Əzimzadə), Loğman Kərimovun “Qaraca qız” (Abdulla Şaiq), “Mənim ağ göyərçinim” (Tamara Vəliyeva), “Ölüm hökmü” (Elçin), Nicat Kazımovun “Ana qaz” (Rəsul Rza), “Pəri cadu” (Əbdürrə­him bəy Haqverdiyev), Fikrət Sultanovun “Yağış, yağmur və daldan atılan daş” (Nəcəf bəy Vəsirov), Ağaxan Salmanlı­nın “Açarını itirənlər” (Əhməd Orucoğ­lu), Ağalar İdrisoğlunun “Əcəl atı” (Vaqif Əlixanlı), “Pələng ili” (Firuz Mustafa), Cənnət Səlimovanın “Buzovna kəndinin əhvalatları” (Elçin), “Əlincə qalası” (Dilsuz Mustafayev), Gülnar Hacıyevanın “Bir ge­cənin nağılı” (Rövşən Ağayev), Mehriban Ələkbərzadənin öz əsəri əsasında “Kod adı: “V.X.A.”, Elşad Rəhimzadənin “Qar kraliçası” (Hans Xristian Andersen), Nofəl Əliyevin “Sonluğun sonu” (Rövşən Ağa­yev), Alya Osmanovanın “Mən öləndə ağlama” (Pərvin Nurəliyeva) pyeslərinə verdikləri quruluşlar müəyyən janr əlvan­lığı yaradıb.

Teatrın fəaliyyət məkanları

Kollektiv yeni yarananda onun binası yox idi və 1929 – 1930-cu illərdə əsasən 33 saylı məktəbdə fəaliyyət göstərib. 1933 – 1935-ci ildə teatr Opera və Ba­let Teatrı ilə üzbəüz olan “Kolizey” adlı yararsız binaya köçüb. Sonralar bu bina “Temp” adı ilə kinoteatr kimi fəaliyyət göstərib və qırxıncı illərin ikinci yarısında sökülüb. 1935 – 1936-cı il teatr mövsü­mündə kollektiv 9 Yanvar (Malakanskaya) küçəsindəki 8 nömrəli ünvanda teatra uy­ğunlaşdırılmış binada fəaliyyət göstərib. Hazırda haqqında söhbət gedən küçə klassik Azərbaycan şairi Xaqaninin adını daşıyır. Həmin yerdə isə Teatr Xadimləri İttifaqı üçün dördmərtəbəli inzibati bina, Aktyor evi tikilib və 1971-ci ildən fəaliy­yətə başlayıb. Ünvan isə Xaqani küçəsi, ev 10-dur. 1938-ci ildə Bakıda müstəqil Musiqili Komediya Teatrı yaradılıb. Bir il sonra Xalq Komissarları Sovetinin qəra­rı ilə Gənc Tamaşaçılar Teatrının bina­sı Muskomediyanın kollektivinə verilib. Gənc Tamaşaçılar Teatrı isə Xalq Komis­sarlar Soveti yanında İdman Komitəsinin yerləşdiyi binaya köçürülüb. 1939-cu ilin son günlərində Musiqili Komediya Teatrı hazırda Rəşid Behbudov adına Mahnı Teatrı yerləşən binaya köçüb. GTT yeni­dən 9 Yanvar küçəsindəki ünvana qayıdıb və 1951-ci ilədək həmin binada yerləşib. 1956-cı ildən 1963-cü ilədək isə burada Musiqili Komediya Teatrı fəaliyyət göstə­rib. Gənc Tamaşaçılar Teatrı 1951-ci ilin sonlarında Nizami küçəsi, 72 ünvanda ti­kilmiş yeni binaya köçüb. Təntənəli açılış isə 30 dekabrda olub. Binanın tamaşaçı salonu 450 nəfərlik idi. Salonun yarısın­dan sonra oturacaqlar antik teatr üslublu pilləvari qurumda yerləşdirilmişdi. Kol­lektiv yaradıcılq yolunu 1980-ci ilədək bu binada davam etdirib. 1980-ci ildə qəza vəziyyətində olan bina sökülüb. Səkkiz il ərzində GTT Aktyor evində məskunla­şıb və tamaşalarını da orada göstərib. Memarlar Sənan Salamzadə və Rəhim Seyfullayevin layihəsi əsasında tikilən bina 1988-ci ilin sonunda təhvil verilib. Teatrın kolektivi 1989-cu ilin əvvələrin­dən başlayaraq, təzə binaya köçüb. Teatr pərdələrini aprel ayında bu binada açıb. 1989-cu ilin aprel ayında açılışı olan yeni binada teatr sənətinin estetik prinsiplərinə və texniki tələblərinə cavab verməyən ciddi qüsurlar vardı. Buna baxmayaraq teatr 18 il bu şəraitdə fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamı ilə teatrın binası əsaslı təmir və yenidənqurma üçün bağlanıb. 2009-cu ildə təmir-bərpa işləri başa çatıb. 

Salnamə faktları

Gənc Tamaşaçılar Teatrının direk­torları: Vasili Şneybax (1928 – 1935), Məmməd Səlim Tahirli (1936 – 1939), Məhərrəm Haşımov (1939 – 1940), Məm­mədsadıq Allahverdiyev (1941 – 1949), Atamoğlan Rzayev (1949 – 1954), Əli İsmayılov (1954 – 1964), Bala Qası­mov (1964 – 1973), Eldar İlyasov (1973 – 1975), Məmməd Mərdanov (1976 – 1986), Aydın Teymurbəyov (1987 – 1988), Kamal Əzizov (1988 – 2006), Mübariz Həmidov (2006 – 2018), Naidə İsmayılzadə (1 iyun 2018-cı ildən).

Gənc Tamaşaçılar Teatrı Azərbaycan bölməsinin baş rejissorları: Pavel Velski (1928 – 1932), Soltan Dadaşov (1932 – 1937), Məhərrəm Haşımov (1937 – 1946), Kazım Ziya (1946 – 1947), Həsən Əliyev (1947 – 1951), Tofiq Kazımov (1951 – 1952), Kərim Həsənov (1949 – 1952, 1953 – 1954), Ağəli Dadaşov (1952 – 1953), Zəfər Neymətov (1954 – 1969), Hüseyn Sultanov (1969 – 1972), Ulduz Əliyeva-Rəfili (1973 – 1975), Ağakişi Ka­zımov (1976 – 1983, 1988 – 2002), Azər Paşa Nemətov (1983 – 1988), Loğman Kərimov (2002 – 2009), Cənnət Səlimova (2009 – 2012), Bəhram Osmanov (2012 – 2022), Mehriban Ələkbərzadə (1 mart 2022 – 12 may 2023). 

Rəhbərlik

Direktor: Naidə İsmayılzadə (1 iyun 2018-cı ildən). 

Direktor müavini: Gülnarə İbrahimova. 

Baş rejissor: Əməkdar incəsənət xadi­mi Mehriban Ələkbərzadə 15 may 2023-cü ildə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunduğu üçün hələlik baş rejissor yoxdur.

Quruluşçu rejissorlar: Xalq artistləri Cənnət Səlimova, Əməkdar incəsənət xadimi Ağalar Mehdiyev (İdrisoğlu), Əməkdar artist Nicat Kazımov, Elşad Rəhimzadə. Rejissor: Gülnar Hacıyeva. Rejissor assistentləri: Günay Qasımova, Sona Mustafayeva, Gülnar Əliyeva, Fuad Cavadzadə.

Teatrın baş rəssamı Mustafa Musta­fayev; quruluşçu rəssam Telman Şıxıyev; dekorçu-rəssam Elnur Babayev.

Truppa müdiri Ələsgər Muradxanlı; Ədəbi-dram müdiri Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimli; musiqi hissə müdiri Şamxal Novruzlu, pedaqoq-təşkilatçı Ye­ganə Məhərrəmova; baş inzibatçı Bəh­mən Hüseynov; quruluş hissə müdiri Zə­minə Elbir; quraşdırma sexinin rəisi Zaur Abbasov.

Hazırda Gənc Tamaşaçılar Teatrının truppasında 85 aktyor var.

Xalq artistləri: Yasin Qarayev, Qur­ban İsmayılov, Naibə Allahverdiyeva, Nü­bar Novruzova.

Əməkdar artistlər: Kəmalə Müzəf­fər (Hüseynova), Vahid Əliyev, Nəsibə Eldarova, Güşvər Şərifova, Şəfəq Əliye­va, Qəmər Məmmədova, Zemfira Əbdül­səmədova, Mehriban Abdullayeva, Şövqi Hüseynov, Elnur Bəhramxan (Hüseynov), Elşən Rüstəmov, Elnur Kərimov, İlham Əsədov, Rasim Cəfərov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Əliyev.

Aktyorlar: Manaf Dadaşov, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Xa­lidə Əliməmmədova, İlqarə Tosova, Na­tiq Fərzəliyev, Xalidə Şərifova, Simuzər Atakişiyeva, Yasəmən Malik (Məmmə­dova), Asya Atakişiyeva, Aygün Fətul­layeva, Hüsniyyə Əhmədova, Günel Məmmədova, Ceyhun Məmmədov, Yusif Dadaşov, Nuriyyə Əliyeva, Aydın Də­mirov, Anar Seyfullayev, Anar Səfiyev, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, Rövşən Abbasov, İradə Rəşidova, Vüqar Məmmədəliyev, Dilarə Fərəcullayeva, Mehriban Hüseynova, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliye­va, Ramil Məmmədov, Vahid Orucoğlu, Sevinc Mehrəliyeva, Eyvaz İbrahimov, Təhminə Məmmədova, Aybəniz Hey­dərova, Bəhram Əliheydər (Həsənov), Müşfiq Əliyev, Elgün Yəhyayev, Səbinə Məmmədzadə, Araz Pirimov, Hilal Dəmi­rov, Rəşad Səfərov, Mirzə Ağa Mirzəyev, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Nuranə Hüseynova, Mirsənan Kazım­lı, Könül Əbilova, Xalid Bəkirov, Venera Abbasova, Eldar İmanov, Nurlan Süley­manlı, Ümman Budaqov, Ramiq Nəsirov, Tahir İsmayılov, İmran Qurbanov, İlahə Əmirxanova, Hökümə Rəhimzadə, Fəri­də Qurbanova, İmdad Tofiqoğlu (Səfiyev), Mətləb Abuşov.

***

Gənc Tamaşaçılar Teatrı özünün 95 illik yubileyinə hazırlaşır. Teatrın çağ­daş repertuarında, kiçik səhnə da daxil olmaqla, 50-dən çox tamaşa var. Onlar­dan 21-i məktəblilər üçündür. Böyüklər üçün əsas tamaşalar: “Leyli və Məcnun” (Məhəmməd Füzuli), “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstə­li şah”, “Xırs quldurbasan” (Mirzə Fətəli Axundzadə), “Dəli yığıncağı” (Cəlil Məm­mədquluzadə), “Pəri cadu”, (Əbdürrəhim bəy Haqverdiyev), “Şeyx Sənan” (Hüseyn Cavid), “Oqtay Eloğlu” (Cəfər Cabbarlı), “Sarıköynəklə Valehin nağılı” (İlyas Əfəf­ndiyev), “Şəhərin qış gecələri” (Anar), “Hasarın o üzü” (Əli Əmirli), “Mənim ağ göyərçinim” (Tamara Vəliyeva), “Kod adı: “V.X.A.” (Mehriban Ələkbərzadə), “Romeo və Cülyetta”, “III Riçard” (Vilyam Şekspir), “Mehmanxana sahibəsi” (Karlo Qoldoni), “Mən gəldim, qızlar” (Las Nu­ren), “Qağayı” (Anton Çexov), “Don Kixot” (Migel de Servantes), “Dəlixanada qətl” (Fridrix Dürrenmatt), “Tanrıya on dörd məktub” (Erik Emmanuel Şmitt). 

İlham RƏHİMLİ,
professor



Mədəniyyət