Dörd respublikanın Əməkdar məşqçisi

post-img

Çoxlarınız, xüsusən də Azərbaycan idmanının yaşlı pərəstişkarları dərhal deyəcəksiniz ki, belə böyük şərəfə layiq görülmüş məşhur insan oyunçu kimi də, məşqçi kimi də ömrünün sonunadək futbola sədaqətlə xidmət etmiş SSRİ idman ustası Əhməd Lətif oğlu Ələsgərovdur. Haqlısınız. O, həyatı Azərbaycan, Ukrayna, Tacikistan və Moldova respublikalarının Əməkdar məşqçisi kimi tərk etmişdir. Baş məşqçi Ə. Ələsgərovun 1966-cı ildə “Neftçi”yə, 1974-cü ildə isə Odessanın “Çernomorets” komandasına Sovet İttifaqı çempionatının bürünc medallarını qazandırdığını da unutmamışıq.

Bildiyimiz kimi, “Neftçi” SSRİ çempio­natlarında çıxış etdiyi illər ərzində yalnız bir dəfə, 28-ci turnirin birinci dövrəsindən sonra komandanın “sükanı arxasında” moskvalı mütəxəssis Vasili Sokolovu öz futbolumuzun yetirməsi Ə. Ələsgərov əvəz etdikdən sonra medal qazanmışdır. Nə həmin “bürünc” 66-cı ilədək, nə də ondan sonra komandamız SSRİ çempi­onatının mükafatçısı ola bilməyib.

Əvəzində Əhməd müəllim özü məşq­çi kimi ölkə birinciliyində bir daha təb­rikləri qəbul edib. Bu dəfə 1974-cü ildə Odessanın “Çernomorets” komandası­nın baş məşqçisi rolunda. Maraqlıdır ki, azərbaycanlı mütəxəssis Ukrayna klubu­na 1973-cü ildə dəvət olunmuşdu, bun­dan cəmi bir il sonra isə Odessanın fəxri olan komandanı Sovet İttifaqı çempiona­tında bürünc zirvəyə yüksəltdi.

Həmyerlimiz bu kollektivi çalışdırdığı dörd-beş il ərzində ona verdiyi töhfələrə görə təkcə yerli futbol həvəskarlarının deyil, bütün odessalıların böyük hörmə­tini qazanmışdı. Ona Odessa şəhərinin fəxri vətəndaşı, Ukrayna SSR-in Əmək­dar məşqçisi adı təsadüfən verilməmişdi. Ötən əsrin yetmişinci illərinin ortalarında azərbaycanlı baş məşqçi Əhməd Ələs­gərov Odessada ən sevimli insanlardan biri idi. 

Tacikistan və Moldovada da onun məşqçi bacarığına biganə qalmadılar. Düşənbənin “Pamir”, Kişinyovun “Nist­ru və Tiraspolun “Şerif” komandaları Ə.Ələsgərovun başçılığı ilə 1970–1990-cı illərdə müəyyən uğurlara nail olmuş­dular. Həmin kollektivlərdə yüksəlişin əsas səbəbkarı məşqçi idi.

Statistikaya görə, Ə.Ələsgərov 1960–1965-ci illərdə “Neftçi”nin heyətin­də SSRİ çempionatının güclülər dəstə­sində 115 oyunun iştirakçısı olmuş və bu görüşlərdə rəqiblərin qapısından 6 top keçirmişdir. O, “bürünc” mövsümdən sonra, 1967–1970-ci illərdə də Anatoli Banişevski, Kazbek Tuayev, Adil və Ya­şar Babayevlər, Sergey Kramarenko, Mübariz Zeynalov, Valeri Hacıyev, Vya­çeslav Semiqlazov, Aleksandr Trofimov, Anatoli Qryazev kimi usta futbolçularla birlikdə respublikanın 1 nömrəli koman­dasında fəaliyyətini davam etdirmişdir. Bundan əlavə, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan milli ko­mandası beynəlxalq meydanda özünün ilk görüşünü məhz Ə.Ələsgərovun rəh­bərliyi ilə keçirmişdir. Bu oyun 1992-ci ildə Gürcaani şəhərində Gürcüstan yığ­ması ilə olmuşdur.

Ə.Ələsgərov Azərbaycan milli ko­mandasının baş məşqçisi olarkən ən uğurlu oyunlarından biri 1999-cu ilin pa­yızına təsadüf etmişdir. Həmin ilin baha­rında yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya ilə görüşdə ağır məğlubiy­yətə uğramışdı (0:7). Cavab matçı isə sentyabrın 3-nə təyin edilmişdi. Lakin həmin gün rəqiblər yalnız bir hissə oyna­ya bildilər. İlk 45 dəqiqədə hesab açılma­dı. Fasilədə isə gözlənilmədən stadionda işıqlar söndü. Nəticədə, iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı razılıq əsasında və UEFA-nın icazəsi ilə ko­mandalar ertəsi gün yenidən üz-üzə gəl­dilər. Oyunda bizim üçün qələbəyə bəra­bər heç-heçə qeydə alındı— 1:1. Hesabı Zaur Tağızadə açdı, portuqaliyalı Luiş Fiqu isə komandasını yalnız sonuncu dəqiqədə məğlubiyyətdən xilas edə bildi.

Azərbaycan futbolu tarixində unudul­maz sima kimi yaşayan Əhməd Ələs­gərov 1935-ci il oktyabrın 5-də Bakıda doğulmuşdu. Həyatla 2015-ci il mayın 19-da, ömrünün səksəninci ilində Odes­sada vidalaşmışdır. Məzarı da həmin şəhərdədir. Cənazəsi isə “Çernomorets” stadionundan götürülmüşdür. Stadionda vida mərasimində Odessa Şəhər Şurası­nın yaydığı məlumatda bildirilmişdi: “Bu insan bir çoxları üçün futbol karyerasına vəsiqə verib. Əhməd Ələsgərovun iste­dadı və rəhbərliyi sayəsində “Çernomo­rets” klubu 1974-cü ildə SSRİ çempiona­tının bürünc mükafatçısı olub və ilk dəfə Avropa yarışlarında çıxış edib”. 

Ruhu şad olsun! 

P.S. O uzaq illərdən yadımda kim­dənsə eşitdiyimmi, hardasa oxuduğum­mu iki misra da qalıb:

Eylə ki, işlər azacıq bəd gələr, 

Dostların imdadına Əhməd gələr.

 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman