Görkəmli şərqşünas və islamşünas, müstəqil Azərbaycanda dövlət dini işlər komitəsini formalaşdırmış ziyalı, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru Rafiq Əliyev “Xalq TV”-yə müasir dövrdə din və irsimiz barədə müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.
– Rafiq müəllim, Türkiyədən gəlmiş Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Türkmənlə türklərin tarixində İslam və türklərin İslamı barədə söhbət apardıq. Fikrət müəllim türklərin tarixində İslamın önəmli yer tutduğunu vurğuladı və türklərin İslam anlayışının nə qədər dərin olmasını təsdiqlədi. Bu barədə nə deyə bilərsiniz?
– Əlbəttə, türklərin tarixində İslam mövzusuna toxunuruqsa, deməliyik ki, İslamla türklərin qarşılıqlı əlaqələri onların biri-birinin mövcudluğunu təsdiq etmişdir. Əgər türklər İslamı uzun müddət saxlayıb, onu yeni nəsilə ötürübsə, eyni zamanda, İslam da türklərə böyük bir imperiyanı – Osmanlı dövlətini qurmaqda kömək edib. İslam tarixinin əvvəlindən, Məkkədə aparılan tikinti-quruculuq işlərindən başlayaraq, əksər mərhələlərdə türklərin böyük rolu olub. Bu isə onların iman sahibi olmalarından irəli gəlib. Türklər bütün tarixi dövrlərdə inanclı olub, hələ İslamdan öncə də Göy Tanrıya sitayiş ediblər.
Ümumiyyətlə, türklərin İslama bağlılığının müsbət cəhətləri özünü onların qurduqları Osmanlı imperiyası daxilində göstərib. Belə ki, digər imperiyalardan fərqli olaraq Osmanlı imperiyası daha çox ədalətli qərarları ilə tarixdə qalıb. Osmanlı yolunun, ideologiyasının əsasını məhz İslam dini və qaydaları təşkil edirdi. Osmanlı imperiyası dağıldıqdan sonra yüksək əxlaqi və mənəvi dəyərləri özündə birləşdirən dövlətin tərkibindən çıxmış xalqlar uzun müddət öz ideologiyalarını formalaşdırmaqda çətinlik çəkdilər.
Osmanlıdan sonra onun varisi olan Türkiyədə İslam dini və ənənələri yenə də qorunub saxlanıldı. 1923-cü ildə imperiya buraxılandan sonra yeni yaranan Türkiyə dövlətində İslam dininə həssas münasibət ortaya qoyuldu. Din-dövlət münasibətləri tənzimləndi. Belə ki, din, dini məktəb və mədrəsələr dövlətdən ayrıldı. Bütün bu işləri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk həyata keçirdi. O, 1931-ci ilədək türk xalqının və dövlətinin yeni ideologiyasını formalaşdırdı. O dövrə kimi, demək olar ki, türkçülük ideologiyası yox idi. İmperiya daxilindəki xalqların hər birinin ideologiyası özünəxas xüsusiyyətlərə malik idi. Atatürkün əsasını qoyduğu türkçülük ideologiyasının üstünlüyü əsrlərdən bəri xalqın inanc yeri olan İslamla türkçülük ideologiyası əsasında vahid və sağlam bir yol seçməkdə idi. O, dini dövlətdən ayırsa da, elə bir xətt təyin etdi ki, İslam bu gün də yaşayır. Ortaya çıxan türkçülük ideologiyası isə İslam ənənələri əsasında inkişaf edir.
Tarixdə İslama siyasi müdaxilələr ölkəmizi də sünni və şiə deyilən bölgələrə ayırıb. Lakin bu ideya o qədər də uğur qazanmayıb və Azərbaycan mentalitetində oturuşmayıb. Bir qədər də bu barədə.
– Deyə bilərəm ki, biz azərbaycanlılar İslama çox inanan və ona bağlı olan xalqıq. Əslində, şiə və sünni məsələsi müəyyən dövrlərdə, xüsusən də, XVI əsrdə daha çox körüklənib. Lakin Azərbaycan xalqı bu təhlükəli meyllərdən hər zaman uzaq olub. Bizdə radikal düşüncə heç zaman kütlə düşüncəsinə hakim kəsilməyib. Yəni, dövlət və din münasibətləri bütün dövrlərdə sabit şəkildə təşəkkül tapıb. Bu gün də ölkəmizdə fanatizm, demək olar ki, yox dərəcəsindədir. Kənardan ölkəmizə din pərdəsi adı altında İslamın hansısa radikal meyllərini sırımağa çalışan qüvvələrin də qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır.
Onu da qeyd edim ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə azərbaycançılıq və türkçülük ideologiyasının əsası qoyulmuş oldu. Ulu öndərin yürütdüyü uğurlu siyasət nəticəsində dövlət və din münasibətləri daha yüksək səviyyədə tənzimləndi. Bu gün də ölkəmizdə həmin siyasət uğurla davam etdirilir.
– Necə bilirsiniz, Qərb ideoloji dairələrini İslamda qorxudan nədir ki, onlar müqəddəs dini aşağılamağa və gözdən salmağa çalışırlar. Təəssüflər olsun ki, artıq ayrı-ayrı ölkələr də bunu dövlət siyasətinə çevirməyə başlayıblar. İslamafobiyanın kökündə nələr durur?
– Hazırki vəziyyətdə Qərbin özünün İslama olan münasibəti çox qarışıqdır. Bu da onların İslamın mahiyyətini tam anlamamasından və dərk etməməsindən irəli gəlir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə Sorbon Universitetinin professorlarından biri Bakıya qonaq gəlmişdi. Bizimlə söhbətində etiraf etdi ki, Fransada 6 milyon müsəlman yaşayır. O, həmin müsəlmanlara nə qədər sosial və humanitar yarıdımlar etdiklərini bildirsə də, həmin İslam kəsiminin beyinlərinə və düşüncələrinə təsir göstərə bilmədiklərini təəssüf hissi ilə qeyd etmişdi. Ona izah etdik ki, siz onların dninə, inancına qətiyyən toxunmayın. Çünki onların imanını əllərindən alsanız, bu, çox mənfi fəsadlara gətirib çıxara bilər.
Qərbin İslamdan qorxmasının digər amillərindən biri isə İslam aləmindəki inkişafdır. Qərbdə artıq inkişaf dayanıb. Kapitalizm quruluşunun sonu çatır. Onlar yenidən sosializm quruluşunun və sosial cəmiyyətin daha üstün cəmiyyət olduğunu dərk etməyə başlayırlar. Hətta son illər Fransada kapitalizm sisteminin yeni sistemlə əvəzlənməsi məsələsi gündəmdədir. Mən hətta bir neçə il əvvəl “Kapitalizmsiz Avropa” adlı bir kitab da yazmışam. Onlar həmin kitabdan müəyyən şüarlar da çıxararaq istifadə ediblər.
Ümumiyyətlə, İslamın üstünlüyü bu dinin xeyirxahlıq və sülh, əmin-amanlıq dini olmasıdır. Mənəviyyat, mədəniyyət dövlətçiliyin saxlanılmasında ən əsas amillərdəndir. Din mədəniyyətin bir hissəsidir. Dinin içərisində böyük bir mənəvi dünya var. Əgər biz bunları düzgün uzlaşdıra bilsək, onda cəmiyyəti də hər zaman doğru yola çıxara bilərik.
Söhbəti qələmə aldı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”

