Bu qəhrəman kənddən sonuncu azərbaycanlının çıxarılmasından 32 il ötür
Qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə ələ keçirən erməni daşnaklar ötən əsrin sonlarında öz məkrli planlarını bütün Göyçə–Zəngəzur boyunca davam etdirir, oradakı Azərbaycan kəndlərində həmyerlilərimizə divan tutur, onları dədə-baba torpaqlarından didərgin salırdılar. Təkcə Meğri rayonunun Nüvədi kəndinə 1991-ci ilin yayına kimi güc gələ bilməmişdilər.
Üç il yarımdan da artıq – 1988-ci ilin əvvəllərindən 1991-ci ilin avqust günlərinə kimi Ermənistandakı heç bir Azərbaycan kəndində bir azərbaycanlı belə qalmadığı halda, Bakıdan ciddi bir köməyi olmayan silahlı təzyiqlərə belə mətinliklə sinə gərirdilər. Bu kəndin sakinləri dağlar kimi qürurlu, qayalar kimi sərt olduqları üçün dözüb dururdular. Nüvədinin Bakıda, respublikamızın digər şəhər və rayonlarında yaşayıb-çalışan vətənpərvər oğulları da kəndlə əlaqəni üzmür, bütün mümkün köməklikləri edirdilər. Kənd camaatı dar ayaqda qonşu Zəngilanın köməyinə arxalanırdı. Və kənd, çətin də olsa, öz gündəlik həyatını yaşayırdı.
Onda hələ rus hərbçiləri də erməni fitvasına tam uymamışdılar. Hətta onlardan biri – 19 yaşlı leytenant Yevgeni Yurçenko silahlı haylara qarşı mübarizədə nüvədililərə kömək edərkən igidliklə həlak olmuşdu. Kənd camaatı onu elə Nüvədidə ehtiramla torpağa tapşırmışdı.
Lakin 1991-il avqustun ilk günlərindən Nüvədi ilə bağlı Ermənistan rəhbərliyinin hərbçilərə təzyiqi artmışdı. O zamankı prezident Levon Ter-Petrosyan “hərbçilərin Nüvədidə saxlanmasının heç bir hüquqi əsası olmadığını” bildirərək, Ermənistanda azərbaycanlıların yaşadığı bu sonuncu kənddən hərbi bölmələrin çıxarılmasını tələb etmişdi.
Bizə – o vaxtkı respublika qəzetlərinin Dağlıq Qarabağ mövzusunda yazan müxbirlərinə heç bir izahat vermədən təcili olaraq Ermənistanın cənub sərhədi yaxınlığında yerləşən Zəngilana getməyimiz, avqustun 7-də isə mütləq Nüvədidə olmağımız tapşırıldı. Avqustn 6-da Bakı–Şərur qatarında (o zaman “Noraşen” qatarı adlanırdı) Zəngilana yola düşdük. 9 nəfər idik – Tahir Məmmədov (“Həyat” qəzetinin müxbiri, erməni dilini yaxşı bilən Qafar Çaxmaqlı ("Kommunist"in müxbiri), Söhbət Məmmədov (“Bakinski raboçi” qəzetinin şöbə müdiri), Zemfira Əmiraslanova (“Respublika” qəzetinin əməkdaşı), foto-müxbirlər Rafiq Nağıyev, Sadıq Həşimov, daha iki müxbir (indi xatırlaya bilmirəm) və mən. Ertəsi gün səhər saat 6-ya yaxın Mincivan stansiyasına çatdıq və təsadüfi yol maşınları ilə Zəngilan rayon mərkəzinə yollandıq. Hökmən raykomun 1-ci katibi ilə görüşməli və onun göstərişi ilə ayrılacaq maşınlara minərək, müşayiətçilərlə Nüvədiyə getməli idik.
Katibin Zəngilandakı və Nüvədidəki vəziyyətlə bizi tanış etməsindən sonra xüsusi göstəriş verilsə də, rayon milis şöbəsi bizim üçün maşın ayrılmasını yubadırdı. Şöbəyə gedib, “hay-küy” salmalı olduq. Orada öyrəndik ki, gecikmənin səbəbi benzinin olmamasıdır. Bu, əsl etinasızlıq və məsuliyyətsizlik idi.
Biz ilk dəfə görəcəyimiz Nüvədi, onun qeyrətli sakinləri ilə bağlı anbaan nigarançılıq keçirir, lakin bununla belə Zəngilanda yubanır, vaxt itirirdik. Yaranmış məcburi vaxt boşluğundan istifadə edib, jurnalist dostum Tahir Məmmədovlabirgə bizi Bakıdan çıxandan bəri narahat edən başqa bir mühüm problemi həll etməyə çalışdıq. Məsələ onda idi ki, bizim “ekspedisiya”mızda yeganə qadın jurnalist olan Zemfira xanımın Nüvədiyə getməsini istəmirdik. Axı, ermənilərə əsir düşə bilərdik. Rayon rəhbərliyindən xahiş etdik ki, öz adından ona Nüvədiyə getməməyi, Zəngilanda qalmağı məsləhət görsün. Lakin katibin, milis rəisinin, hətta DTK rayon şöbəsi rəhbərinin bölgədə vəziyyətin çox gərgin olduğunu bildirmələrinə və dönə-dönə xahiş etmələrinə baxmayaraq, Zemfira xanımı fikrindən döndərmək mümkün olmadı. İsrarla gedəcəyini bildirdi.
Bir neçə saatdan sonra (nəhayət ki, benzin tapmaq mümkün olmuşdu...), günortadan keçmiş Nüvədiyə yollandıq. Hər an erməni silahlılarına rast gələ bilərdik. Xoşbəxtlikdən, bu, baş vermədi və Zəngəzur dağlarının istəkli bir övlad kimi qoynuna aldığı Nüvədiyə yaxınlaşdıq. Hərbi postda keşik çəkən sovet əsgərləri maşınlarımızı dayandırıb, yoxladılar və silah-sursat aparmadığımıza əmin olduqdan kəndə girməyimizə icazə verdilər.
Bu da Nüvədi! (Bəlkə də fizika ilə məşğul olan hansısa bir alim vaxtilə bu kəndi Yer kürəsinin nüvəsinə bənzədərək deyib ki, bu kənd sanki nüvədi. Və kəndin adı qalıb Nüvədi).
Dağlar qoynunda, daşlar-qayalar üzərində ucalan, bütün ab-havası, görünüşü ilə qədim Oğuz yurdu olan, ensiz bir zolaqla uzanan bu kəndin heç yerdə rast gəlinə bilməyən mənzərəsi hamımızı valeh edir. Sakitlikdir. Kənd camaatı özünün gündəlik qayğıları ilə məşğuldur. Yol boyu bizi gülərüzlə qarşılayır, qonaqpərvərliklə “xoş gəlmisiniz!” deyərək, görüşüb-söhbət etməyə çalışır, “o tərəflərdə” Nüvədi ilə bağlı hansısa mühüm qərarın olub-olmadığı ilə maraqlanırlar.
Jurnalist dostlarımızla qərara alırıq ki, hərə bir yana dağılaşaraq, ayrı-ayrı adamlarla görüşsün. Kəndin ortası ilə ora-bura qaçışan uşaqlar, təndirə çörək yapan qadınlar, çomağa söykənərək dağların döşündə qoyun-quzu otaran qocalar sanki erməni daşnaklarını heç veclərinə də almırdılar. Hərə öz işində idi.
Hətta kəndin ağsaqqallı, 1941–45-ci illər müharibəsinin odundan-alovundan çıxmış 86 yaşlı Səhlalı kişi Əliyev bu gün evin damına qalxaraq, iki gün əvvəl ermənilərin “Alazan” raketi ilə dağıtdığı çardağın üstünü qaydaya salmaqla məşğul idi – ömür sürüb-yaşadığı bu kəndi nə vaxtsa həmişəlik tərk edəcəyini ağlına belə gətirmirdi...
Bir gün öncə gecə yarısı daşnaklar “Güllübəyim ənciri” deyilən istiqamətdən kəndə bir-birinin ardınca 20-yə qədər raket atmışdılar. Yaxşı ki, insan tələfatı olmamışdı. Raketlər kəndə şığıyarkən Səhlalı kişi evinin ikinci mərtəbəsində yatırmış. Cəld həyətə düşüb. Yalnız səhərə yaxın hava işıqlananda yuxarı qalxıb və yorğan-döşəyinin dəlik-deşik olduğunu görüb.
Kənd məktəbinin direktoru Cəlal müəllim qeyd edir ki, son günlər ermənilər, guya, onların qayğısına qalaraq, vertolyotlarla kəndin üzərindən yaydıqları vərəqələrdə daşnak hiyləgərliyi ilə nüvədililərdən heç yerə köçməmələrini “xahiş edir”, onlara Ermənistanın “tam hüquqlu” vətəndaşları kimi “firavan” yaşamaları üçün hər cür təminat verəcəklərini, seçkili orqanlarda, hüquq-mühafizə sistemində işləmələri üçün bütün mümkün şəraiti yaradacaqlarını vəd edirlər. Və bunun Ermənistanın şəhər və kəndlərində 100 minlərlə azərbaycanlının didərgin salınması fonunda nə qədər ikiüzlü, iyrənc bir təklif olduğunu başa düşməmək qeyri-mümkün idi.
Bir-neçə gündən sonra kənddə toy olmalı idi və nüvədililər bizə bir-iki gün kənddə qalmağı təklif etdilər. Ancaq biz geri qayıtmalı idik. Xahiş etdilər ki, heç olmasa, təzə bişirilmiş yuxa ilə pendirə qonaq olaq. Ləzzətlə pendir-lavaş, üstündən Nüvədinin sərin bulaq suyundan içərək, yola düzəldik.
Kənddən bir qədər aralanmışdıq ki, iki tank yolumuzu kəsdi. Əllərində Kalaşnikov avtomatları tutmuş hərbçilər bizə maşınlardan düşməyi və sənədlərimizi təqdim etməyi əmr etdilər. Bunlar əvvəlki hərbçilər deyildi, maşınları və üst-başımızı diqqətlə yoxladılar. Yaranmış gərgin vəziyyətdən birtəhər çıxa bildik.
Yalnız geri qayıdarkən yolda bildim ki, bizi müşayiət edən maşınların hər ikisində ehtiyat silahımız var imiş. Yaxşı ki, tapmamışdılar.
Yalnız bir-neçə gün sonra Nüvədidən olan bir nəfər bizə bildirdi ki, biz kənddən çıxandan 20-25 dəqiqə sonra haradansa hərbi postun yaxınlığında erməni “boyevikləri” peyda olubmuş”. Onlar bizi girov götürmək üçün gəliblərmiş, ancaq gecikmişdilər...
Zəngilana çatar-çatmaz bizə məlumat verildi ki, Azərbaycan KP MK-nın ikinci katibi, 1990-cı ildən etibarən Dağlıq Qarabağ üzrə Təşkilat komitəsinin rəhbəri olan Viktor Polyaniçkonun hərb-çilərlə və Nüvədi kəndinin başbilənləri ilə görüşündə biz jurnalistlər də iştirak etməliyik (Sən demə, bizim təcili olaraq Zəngilana, Nüvədiyə ezam olunmağımızın əsas məqsədi bu imiş).
Görüş zamanı V.Polyaniçko kəndin qorunması ilə bağlı qəti tapşırıqlar verdi. Son göstəriş bu oldu ki, kənddən bir nəfər də çıxmamalı, köçməməlidir.
Ancaq təəssüf ki, elə həmin gün gecə saat 4-də hansı “sehirli əl” iləsə əvvəlcə hərbçilər, onların ardınca isə köməksiz qalan kənd camaatı Nüvədini həmişəlik olaraq tərk etdilər.
Nüvədidən qayıtdıqdan sonra mənim “Nüvədinin acı taleyi” adlı geniş məqaləm “Vışka” qəzetində dərc edilmişdi. Qəzetin o vaxtkı redaktoru Yuri İvanov mövzunun həmin dövr üçün mühüm əhəmiyyətini nəzərə alaraq, “Təcili ezamiyyət” rubrikası ilə qəzetin ilk səhifəsində yerləşdirmişdi. Redaktorun həmin yazıda mənim sovet hərbçiləri, hüquq-mühafizə orqanları və digərləri ilə bağlı ittihamlar səsləndirdiyim hissələri də ixtisar etməyib saxlaması onun da bir Azərbaycan vətəndaşı kimi bu yurdun təəssübkeşi olduğunu təsdiq edirdi.
Beləcə, aramızda olan yeganə qadın jurnalist – Zemfira Əmiraslanova ilə bərabər Nüvədiyə gedib sağ-salamat qayıtrdığımız o günlərdən 32 il ötür. Düzdür, sonra Nüvədi də əlimizdən çıxdı, amma indi artıq biz Qarabağı və Şərqi Zəngəzuru azad etmiş qalib xalqıq. Qarşıda Qərbi Zəngəzurun, o cümlədən də Nüvədinin xilası durur.
Rəhman ORXAN,
Əməkdar jurnalist

