SOS: Çimərliklərin tullantı problemi

post-img

Abşeronda yaşayasan, qızmar yay günlərində əsrarəngiz Xəzərin qoynundakı çimərliklərə getməyəsən, bu, heç insafdan deyil. Amma oradakı şəraiti də görüb bura gəlməyinə peşman olursan. 

Təxminən 3-4 günün söhbəti olar. Rəfiqələrimlə birlikdə mən də həftə­sonu evimizin yaxınlığındakı çimərliyə getdim. Bizim evdən dənizə 10-15 dəqiqəlik yoldur.

Dənizə çatmamış ilk gözümə çar­pan ətrafın çirkliliyi oldu. Sanki dənizə yox, “zibilliyə” gəlmişdim. Ətrafa qarğı­dalı, qarpız, yemiş qabıqları atılmışdı. “Bu camaat niyə istirahət etdiyi yerləri bu hala salır?” – deyərək düşündüm.

Hiss edirdim ki, çimərlikdəki an­tisanitariya heç kimin xoşuna gəlmir. Amma kimə sual versəydim ki, nə üçün buraları çirkləndirib korlayır, təbii ki, gü­nahını boynundan atardı. 

Bəs çimərlikləri bu hala salan kim­lərdir? Bu sualı özümə verən an, gör­düm ki, bir oğlan uşağı əlindəki qar­pızın qabığını kənara tulladı. Dedim, uşaqdır, yəqin ki, valideynləri götürər. Gördüm ki, yox, heç ana-atası da oğul­larından geri qalmırdılar. Kim nəyi ye­yirdisə, qalıqları ətrafa tullayırdı. Buranı elə insanlar özləri çirkləndirmişdilər. 

Bu gün Abşerondakı çimərliklərin ərazisində müxtəlif ticarət obyektləri, istirahət mərkəzləri fəaliyyət göstərir. Bir çox çimərliklərdən istifadə etmək ödənişlidir. 

Əlavə pul ödəmədən istifadə edə biləcəyimiz “ümumi çimərliklər” əsasən yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşir. Bu çimərliklərin isə sadəcə adı “ümumi”dir. “Pulsuz çimərlik” sözləri yalnız dildə qalır. Əməldə isə tam tər­sinədir. Buradakı “besedkaların”, stolla­rın qiyməti özəl çimərliklərin ödənişin­dən heç də geri qalmır. 

Bəli, pul verib gəl, amma “zibillikdə” üz. Təkcə sahillər deyil, dənizin içi də hər cür çirkabla doludur. Çimdiyiniz za­man müxtəlif tullantılarla rastlaşsanız, heç də təəccüblənməyin. Bir vaxtlar ən təmiz çimərliklərdən sayılan Şüvəlan çimərliyi də artıq əvvəlki gözəlliyini, tə­mizliyini itirir. Bunun səbəbkarı isə, təbii ki, bura nəzarət etməli olan qurumlardır və ecazkar Xəzərin qədrini bilməyən biz insanlarıq. 

Leyla HADİ,
tələbə-jurnalist

Sosial həyat