Filmləri qoruyan xəzinə

post-img

Müsahibimiz Dövlət Film Fondunun direktoru Cəmil Quliyevdir

Məlum olduğu kimi, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının isə 100 illiyi tamam olur. Dövlət Film Fondunun direktoru, görkəmli kinorejissor və ssenari müəllifi Cəmil Quliyevin 60 illik yubileyini də bu siyahıya əlavə etmək olar. Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində “XalqTV”-nin qonağı olan Cəmil Quliyevi həm yubileylər münasibətilə, həm də AJB-nin üzvü kimi təbrik edərək onunla söhbətə başladıq. 

– Cəmil müəllim, sizi geniş tama­şaçı kütləsinə təqdim etməyə ehtiyac yoxdur. Hələ uşaq yaşınızdan “Alma almaya bənzər” filmində hamının tanı­dığı bir personajı – Kərimov rolunu oy­namaqla yadda qalmısınız. Təxminən yarım əsr əvvəlki həmin debütünüz düşərli olub, elə deyilmi? 

– Elədir. Məndə teatra, kinoya məhəb­bəti atam Elşad Quliyev yaradıb. Xatırla­dım ki, atam uzun illər “AZTV”nin rəhbər vəzifələrində çalışıb, özü də görkəmli teatr rejissorlarımız Mehdi Məmmədov və Tofiq Kazımovla dostluq edib. On­lar atamı tez-tez öz tamaşalarına dəvət edirdilər, mən də onunla gedirdim. Belə-belə bu mühitə qaynayıb-qarışdım. Daha öncə “Şərikli çörək”lə “Leyla və telefon” filmində rol almalıydım, amma qismət ol­madı. Nəhayət, İçərişəhərdə qonşumuz olan kinorejissor Arif Babayev “Alma al­maya bənzər” filmində məni sınadı və Kərimov roluna təsdiq edildim. İlk addım­larım, həqiqətən də, düşərli olub. 

– O filmdə həm də rəhmətlik əmi­niz Hacıbaba Bağırovla tərəf-müqabili olmusunuz...

– Bəli, baş rollardan birini Hacıba­ba müəllim ifa edirdi. Onunla bir yerdə çox məmnuniyyətlə çəkildim. Biz Quba şəhərində bir yerdə qalırdıq. Çox gözəl, unudulmaz günlər idi... 

– Cəmil müəllim, keçək bugünkü duruma. Mədəniyyət və İncəsənət Uni­versitetinin professorusunuz, orada kafedra müdiri də, dosent də olmusu­nuz. Kino sahnəsində bir çox vəzifə tutaraq, öhdəsindən layiqincə gəlmi­siniz və hazırda Dövlət Film Fondunun direktorusunuz. Bir qədər də bu barə­də danışın. 

– Dövlət Film Fondu 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Bu təsisatdan əsas məqsəd milli filmlərin qorunub saxlanılması, on­ların təbliğidir. 1994-cü ildə təşkilat tam olaraq formalaşıb və keçmiş Qələbə ki­noteatrında məskunlaşıb. 2008-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə “Azərbaycanfilm” kinostudi­yasının ərazisində müasir standartlara cavab verən iki korpuslu bina inşa edil­di və bugünədək fondumuz fəaliyyətini orada davam etdirir. Onu da qeyd edim ki, Dövlət Film Fondu Beynəlxalq Kino Arxivlər Federasiyasının üzvüdür. Bu­nunla da fondumuz beynəlxalq səviyyə­də Azərbaycanı təmsil edir. Beynəlxalq əlaqələrimiz fondun inkişafına böyük tə­kan verir. 

– İlk Azərbaycan filmləri və yaxud bizim baxıb, gördüyümüz o filmlərin ilkin variantları da Film Fondunda yer alırmı?

– Azərbaycan kino tarixinin yaranma­sı bakılı fotoqraf Aleksandır Mişonun ilk çəkilişləri dövründən hesablanır. O, Fran­sada keçirilən yarmakadan kino aparatı alaraq Bakıya gətirmişdi. Həmin aparatla ilk çəkilişləri edib. Təbii ki, bunlar məşhur çəkilişlərdir. Bibiheybət və Balaxanıda neft yanğını, fontanı və s. Bu görüntülər bizdə yox idi, 90-cı illərin sonunda kino­şünas Ayaz Salayev Fransada olarkən oradan həmin filmlərin lentlərini əldə edərək bizim dövlət fonduna gətirdi. İndi o görüntülər tez-tez televiziyada nüma­yiş olunur. Sadaladığım faktlardan yola çıxaraq demək olur ki, bizim kino tarixi­miz 1898-ci ildən başlayır. İlk nümayişlər may, iyun və avqust aylarında olub. Bizim ilk səssiz filmimiz İbrahimbəy Musabəyo­vun 1916-cı ildə lentə alınan “Neft və mil­yonlar səltənəti” filmidir. Filmin rejissoru Boris Svetlovdur. Baş rolda unudulmaz aktyorumuz Hüseyn Ərəblinski çəkilmiş­di. Hüseyn Ərəblinski Azərbaycanın ilk kinoaktyoru hesab olunur. Sonrakı döv­rlərdə çəkilən filmlərin heç biri bu günə qədər gəlib çıxmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra – 1923-cü ildə Azərbaycan Kino-Foto İdarəsi yaradılıb. Həmin idarənin yanında Bakı kinostudiyası təşkil edilib. O dövrün ilk filmi “Qız Qalası” olub. Filmin rejissoru Vladimir Ballyuzekdir. Kinomuzun mil­liləşməsində böyük pay sahibi olan şəxs isə görkəmli xadimi Şamil Mahmudbə­yovdur. O, Zaqafqaziyada ilk kinolabora­toriya yaradıb və filmlərin emalı prosesi Azərbaycanda həyata keçirilməyə başla­nıb. Ən əsası isə onun azərbaycanlıları kino istehsalatına cəlb etməsidir. Həmin dövrdə görkəmli rejissor Mikayıl Mikayı­lov, Azərbaycanın ilk kino operatoru Ca­mal İsmixanov, rejissor Əbdül Həsənov və başqaları Azərbaycan kinosuna cəlb olunublar. İlk azərbaycanlı kinorejissor – görkəmli teatr xadimi Abbas Mirzə Şə­rifzadə “Bismillah” filmini çəkib. Əfsuslar olsun ki, bütün bunların təşəbbüskarı Şa­mil Mahmudbəyov məhz azərbaycançılıq ideyalarına, milli kadrları irəli çəkdiyinə görə represiya olunub.

– Siz öncə 2006-2013-cü illərdə Dövlət Film Fonduna rəhbərlik etmisi­niz, indi yenidən 3 ilə yaxındır ki, fon­dun direktorusunuz. Həm kino xadimi, həm fondun rəhbəri, həm də pedaqoq kimi tanınırsınız. Bir çox beynəlxalq təşkilatın üzvüsünüz. Bu barədə də danışsanız, yaxşı olar. 

– Bu gün kino arxiv təşkilatlarının fəaliyyəti birbaşa olaraq beynəlxaq əlaqələrə bağlıdır. Arxivlər bir-biri ilə tə­masda olmalı və əldə etdikləri material­ları bölüşməlidirlər. Bizim arxivimiz bir çox ölkələrlə müqavilə imzalayıb. Həmin ölkələrdə Azərbaycan kinosu ilə bağlı xeyli material var idi ki, biz onları elektron formatda ölkəmizə gətirdik. Litva, Latvi­ya, Belarus, Ukrayna, Rusiya, Gürcüs­tan, Moldova, Qazaxıstan kino arxivləri ilə müvafiq sazişlərimiz var. 

– Sovet dövründə çəkilən bəzi Azərbaycan filmləri Moskvanın yox­lamasından keçərkən qayçılanıb. Onların bərpası ilə bağlı addımlar atılıbmı?

– Müəyyən filmlər olub ki, o dövrdə rəflərə qoyulub. Məsələn, “Bir ailə” filmi 1943-cü ildə çəkilib və ssenari müəllifi görkəmli ədib Mir Cəlal Paşayev olub. Rejissor Qriqori Aleksandrov olsa da, filmdə əsas işi yerli rejissorlar Rza Təh­masib və Mikayıl Mikayılov görüblər. Filmdə müharibə dövründə Azərbayca­nın qələbəyə verdiyi töhfələrdən bəhs edilir, Azərbaycan xalqının qəhrəman­lığı ön plana çıxarılır. Bu filmdə Sovet idealogiyasından heç nə olmadığı üçün film Moskvada tənqid olunub ekranlara buraxılmayıb. 2008-ci ildə biz Moskvada bu filmin neqativini tapdıq, daha sonra səs fonoqramını əldə etdik. Akademik Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə filmi bərpa etdik. “Bir ailə” hazırda Dövlət Film Fondunda qorunub saxlanılır. Bu il onun 80 illiyidir. Rəflərə qoyulan filmlər­dən biri də “Bakının işıqları” idi. Bu film sonrakı illərdə ekranlara buraxıldı. Rəf­lərə qoyulan filmlərdən ən məşhuru isə “Dəli Kür”dür. Düzdür, sonradan bu film də ekranlara çıxdı, lakin sovet senzura­sı onu ağır şəkildə qayçılamışdı. Filmin final hissəsinə edilən dəyişiklikləri bərpa etmək mümkün oldu. Təsadüf nəticəsin­da filmin finalı operator Yuri Varnovskinin evində qalmışdı. Biz o lenti tapdıq. Bu hissə hazırda Dövlət Film Fondunda qo­runub saxlanılır. Rejissor Eldar Quliyevin “Bir cənub şəhərində” filmi də yayımlan­mama təhlükəsi ilə üzləşib. Ümumiyyət­lə, belə filmlərimiz çox olub. 

– Sizin rejissoru, aktyoru, ssenari müəllifi, bədii rəhbəri, prodüseri ol­duğunuz filmlərin sayı çoxdur, sada­lasaq, xeyli vaxt aparar. Bu gün siz artıq daha təcrübəli, yaradıcılığı və fəaliyyəti daha geniş arealda olan bir şəxsiyyət kimi yeni filmlə bağlı ideya­larınız varmı?

– Rejissor olan hər bir kəsin fikrində həmişə film çəkmək istəyi olur. Amma bu gün film çəkmək o qədər də asan məsələ deyil. Bu, əvvəla, böyük sərmayə tələb edir. Eyni zamanda, gözəl aktyor an­samblı, yüksək səviyyədə yaradıcı heyət gərəkdir. Bunların hamısını formalaşdır­maq, təşkil etmək çətindir. Bu problemlə­ri həll etmək olsa, filmi çəkmək olar. Ha­zırda mənim əsas məqsədim, məramım Dövlət Film Fondunun arxivlərinin zə­ginləşdirilməsidir, qorunmasıdır. Vaxtilə itmiş filmlərimizi axtarırıq və bir çoxunu da tapmışıq. Başlıca vəzifəmiz bir arxiv kimi Azərbaycan kinosunun tarixinə xid­mət etməkdir. Filmi isə ilk imkan olan kimi çəkə bilərik. 

– Cəmil müəllim, bayaq rəhmət­lik atanız Elşad Quliyevin adı çəkildi. Onun vaxtında Azərbaycan televiziya­sında kino ilə bağlı bir çox maraqlı ve­rilişlər var idi, bu, sonra da müəyyən müddət davam etdi. Amma indi belə layihələr azdır. Siz özünüz bir müddət İctimai Televiziyanın rəhbərliyində ol­musunuz və bu işin içində olan adam­sınız. Film Fondunun əldə etdiyi, bər­pa etdiyi hissələrin tamaşaçılar üçün əlçatan olması baxımından hansısa bir verilişə ehtiyac varmı?

– Bu gün “Azərbaycanfilm” kinostu­diyası tapılan, bərpa edilən filmləri “You­Tube” kanalında nümayiş etdirir. Çünki o filmlərin müəllif hüquqları onlara aiddir. Biz ancaq filmləri qoruyuruq, saxlayırıq. Əldə edilmiş hissələri izləmək istəyənlər “Azərbaycanfilm”in “YouTube” səhifəsinə müraciət edə bilərlər. Amma TV kanalla­rında da belə verilişlər olmalıdır. Elşad müəllimin dövründə “Retro” verilişi var idi, hamımız şənbə günləri axşam o veri­lişi izləyirdik. Aparıcısı da o zaman gənc kinoşünas olan Ayaz Salayev idi. Həmin dövrlərdə AZTV-də kino ilə bağlı digər verilişləri İlham Rəhimli, Leyla Bədirbəy­li, Həmidə Ömərova da aparıblar. “Yeni filmlər” rubrikasında kinoteatrlarda göstə­rilən filmlərin anonsu yayımlanırdı. Bəli, kino həmişə televiziyaların diqqət mərkə­zində olmalıdır. Bu, elə bir incəsənət nö­vüdür ki, hamı ona maraq göstərir. 

– Maraqlı söhbətə görə çox sağ olun! Arzu edirik ki, yaxın vaxtlarda hansısa beynəlxalq film festivalından böyük bir mükafatla qayıdasınız!

– Minnətdaram. 

Müsahibəni apardı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Müsahibə