Şərəf zirvəsinin fatehləri

post-img

İkinci Qarabağ müharibəsi və qazanılan möhtəşəm qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyətinin, ordumuzun qüdrətinin və xalqımızın birliyinin təntənəsi oldu. Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin həyat yoldaşı, “Azərbaycan bayrağı” ordenli şəhid leytenant Elton Qənbərlinin isə bacısı olan Nargül xanımla söhbətimizin başlıca mövzusu bu idi. 

20 gün ərzində qardaşını və ömür-gün dostunu itirmiş Nargül İbrahimli dözümlü, dəyanətli Azərbaycan xanımıdır. “Vətən sağ olsun!” deyərək, itkilərin ağrısına sinə gərir, anasına və qayınanasına dayaq olur, əmanət balalarının qayğısını lazımınca çəkir. Nargül xanım Adillə Eltonu bir ağacın iki budağı timsalında görür. Adil Eltondan 5 yaş böyük idi. Hər ikisi hərb sənətinə könül vermişdi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdilər. Şəhid olanda Adil baş leytenant, Elton isə leytenant rütbəsində idi. 

Söhbətimiz zamanı Nargül xanıma de­dim ki, Adilin vaxtilə Sumqayıtda mənim də oxuduğum 14 nömrəli məktəbin məzunu ol­ması ilə qürur duyuram. Xəfifcə gülümsədi. 

Adilin atası Asəm bəy də vətənpərvər kişilərdəndir. Birinci Qarabağ müharibəsi­nin qazisidir. 1992-ci ildə müharibəyə kö­nüllü gedib. Elə həmin ildə dünyaya gəlmiş Adildə hərb sahəsinə marağı da o və əmisi – HHQ-də xidmət etmiş polkovnik Elman İbrahimov oyadıb. Onların yolunu davam et­dirmək istəyən Adil arzusuna doğru inamla, qətiyyətlə gedib. Hərbi təhsil aldıqdan sonra zabit kimi Vətən qulluğunda layiqincə da­yanıb. 2017-ci ildə XTQ-yə qəbul edilib və orada fəaliyyət göstərdiyi zaman Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib. 

Nargül xanım Adili 12 yaşından bəri ta­nıdığını deyir. Evlilikləri cəmi üç il olsa da, onların sevgisi uzun bir yol qət edib. 

– Toyumuzdan bir həftə sonra təlimə getdilər, – deyə Nargül xanım bildirdi. – Heç bir ad günümüzü, heç bir evlilik ildönümü­müzü birlikdə keçirə bilmədik. Daim kurs­larda, təlimlərdə oldu. Həsrət çəkdik. İndi də məni ömürlük həsrətdə buraxıb getdi... 

Həmsöhbətim sonra fəxrlə bildirdi ki, Adil əsl mənada peşəkar hərbçi olub. Son vəzifəsi qrup komandiri və baş kəşfiyyat­çı idi. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şü­caətindən, son damla qanınadək vuruşma­sından ağızdolusu danışırlar. O, Murovdağ uğrunda gedən ölüm-dirim savaşında, Suqo­vuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa dö­yüşlərində iştirak edib, 40 gün vuruşub. Son tapşırığı Xocavənddə olub. Orada da böyük rəşadət göstərib, yaralı olsa da, qəhrəmanca­sına vuruşub. 2020-ci ilin noyabrın 7-də Bö­yük Qələbəyə saatlar qalanda Adil şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanın ərazi bü­tövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qar­şısında qoyulmuş tapşırıqların icrası ilə bağlı vəzifə borcunu şərəflə yerinə yetirdi­yinə görə Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin, “Vətən Uğrunda”, “Kəl­bəcərin azad olunmasına görə”, “Xocavən­din azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olun­masına görə” medalları ilə təltif olunub.

Adil İbrahimlinin dəfn mərasimi zamanı həyat yoldaşı Nargül də çiynini onun tabu­tunun altına verib. Həm həyat yoldaşı, həm də qardaşını itirən xanımın bu barədə söy­lədikləri çox təsirlidir: “Həyatımda ən ağır an o idi ki, Eltonun qəbrinə ilk torpağı özüm atdım. Sonra isə gedib Adilimi çiynimdə gə­tirdim. Fikirləşdim ki, bu dünyada cismimiz bir-birinə sadəcə o an yaxın olacaq. Onun başı mənim çiynimdə… İndi mən müqayisə eləməyə çalışıram ki, qardaşımın üzərinə ilk torpaq atdığım an ağır idi, yoxsa Adili çiy­nimdə aparmağım…” – Təbii ki, bu hisslər, bu acılar heç bir müqayisəyə gəlməz. Nə yoldaşı Adili, nə də qardaşı Eltonu bir-birin­dən ayıra bilməyəcəyini o, özü də anlayır…

Adilin atası Asəm bəy: “Fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. 1988-ci ildən bu günə qədər şəhid olan bü­tün igidlərin ruhları şad olsun! Adil barədə hər zaman gözəl sözlər eşidirəm. General Hikmət Mirzəyevlə görüşəndə mənə dedi: “Sağ ol ki, belə igid böyütmüsən”. Müharibə zamanı Adillə iki dəfə danışdıq. Birincisi, oktyabrın 20-də idi. Onda Gülnarın qarda­şı Elton Qənbərli şəhid olmuşdu. Xəbərin düzgünlüyünü bizdən soruşurdu. “Vətən sağ olsun”– dedi. İkinci dəfə isə oktyabrın 30-da danışdıq. Dedi ki, ata, işlərimiz yaxşıdır. Təlimlərimiz yaxşı gedir. Heç vaxt “döyüş” deməzdi. Tezliklə gələcəyini bildirdi. Neçə müddət təlimlərdə, cəbhə xəttində olanda da bir dəfə demədi ki, döyüşə gedirik”.

Asəm İbrahimli 2021-ci il sentyabrın 27-də Anım Günü münasibətilə Bakının mərkəzində keçirilən yürüşdən də fəxrlə da­nışdı: “Yürüşdə Prezident, Ali Baş Koman­dan İlham Əliyev oğlumun şəklini əlində tutmuşdu. Bundan hədsiz qürur duyuram. Biz Adilin şəklinin ön sıralarda olacağını bi­lirdik, amma Prezidentimizin onu tutacağını bilmirdik. Bu, çox qürurlu bir an idi”.

Qəhrəmanın qayını leytenant Elton Qənbərli oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qo­yulmuş tapşırıqların icrası zamanı fərqlən­diyi üçün “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın və Xocavəndin azad olun­masına görə medalları ilə təltif edilib. 

Gənc zabit Elton 2014–2018-cü illər­də Azərbaycan Ali Hərbi Akademiyasında hərbi təhsil alıb. Sonra qatıldığı təlimləri yüksək nəticələrlə başa vurub. Onun iştirak etdiyi belə kurslardan biri də “SAT” hərbi kursu olub. Kursa qatılan 176 nəfərdən yaş­ca ən kiçiyi olsa da, sonda təlimi uğurla başa vuran 8 nəfərdən biri Elton olub. Daha son­ra isə o, XTQ kursunu birinciliklə bitirərək “N” saylı hərbi hissəyə yollanıb. 

Bacısı Nargül xanım deyir ki, bir dəfə “WhatsApp”da onun uğurları haqqında pay­laşım etmişdim. Məndən xahiş etdi ki, bacı, onları sil. “Mən bunları göstəriş üçün etmə­mişəm”. Heç vaxt uğurlarını paylaşmağı xoşlamazdı. “Eltonun icra etdiyi son vəzifəsi kəşfiyyatçı qrup komandirinin müavini olub. Dostları, çiyindaşları onun müharibədə necə döyüşməsindən danışır. Elton Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı döyüş­lərində iştirak edib. 23 gün böyük qəhrəman­lıqlar göstərərək vuruşub. Döyüşlər zamanı yaralansa da, hospitala getməyib, dostlarını meydanda tək qoymayıb. Axırda isə Qu­badlıda şəhadətə qovuşub… Elton hərtərəfli istedadlı idi. O həm də incəsənətə – rəqsə, musiqiyə maraq göstərirdi. Musiqi məktəbi­ni bitirib, gözəl nağara çalmağı bacarırdı, 12 növ “Şərur yallısı”nı bilirdi”… 

Şərur rayonu Şəhidlər Xiyabanında oğlu Elton Qənbərlini torpağa tapşıran anası Sona Qənbərova belə demişdi: “Erməni vandalla­rı görsün ki, biz necə övladlar yetişdirmişik. Vətən uğrunda canlarından keçirlər. Bu gün oğlumla fəxr edirəm. O, cənnətin açarlarını bizə – valideynlərinə verib getdi. Vətən sağ olsun!” 

Bəli, indi şərəf zirvəsinin fatehləri olan Adil də, Elton da cənnət sakinləridir, xa­tirələrdə əbədi ömür qazanıblar. Vətən belə oğullarla fəxr edir.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat