Qorxubilməz qəhrəman

post-img

Vətən müharibəsi başlayanda Elyar artıq 10 il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. O, Vətən müharibəsinə kimi 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. II Qarabağ müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşüb. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub.

Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qo­bustan rayonunun Sədəfli kəndində do­ğulub. Vəliyevlər ailəsinin ilki olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Oradaca hərbçi olmaq qərarına gəlib. Xidmətini başa vurub qayıtdıqdan sonra, xüsusi təlimlər keçərək 2010-cu ildə Xüsusi Tə­yinatlı Qüvvələrin tərkibinə daxil olub və burada öz şücaəti ilə komandir heyətinin rəğbətini qazanıb.

Görünür, müharibə qəhrəmanı olmaq gənc Elyarın taleyinə yazılıbmış. Dö­yüşçü yoldaşları onu qorxmaz, cəsur və Vətən eşqi ilə alışıb yanan bir dost kimi xatırlayırlar. Elyar Vətən müharibəsinin gedişatında bir neçə dəfə hərbçi yoldaş­larını ölümdən xilas edib. Belə döyüşlərin birində Elyar Vəliyev və digər hərbçi yol­daşları Füzuli rayonunun Horadiz kəndi yaxınlığında düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv ediblər. Həmin gecə on­ların xüsusi şücaəti sayəsində düşmə­nin 12 tankı və xeyli sayda hərbi sursatı darmadağın edilib, bir neçə texnikası ələ keçirilib.

Daha sonra Cəbrayıl istiqamətindəki döyüşlərə yollanan Elyarın növbəti tap­şırığı içərisində düşmənin yüksək rütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib. Elyar düşmənin UAZ markalı avtomobilini partladaraq biri polkovnik olmaqla bir neçə erməni zabitinin külünü göyə sovurub.

Döyüş başlayan gündən bir an belə gözlərini yummayan, qorxu hissinin nə olduğunu unudan Elyarın son döyüşü Xocavənd rayonunun Qırmızı Bazar əra­zisində olub.Yanındakı hərbçi yoldaşları şəhid olandan sonra döyüş meydanında tək qalan qəhrəmanımızın döyüş sursatı tükənib. Bu zaman xain düşmənin snay­per gülləsi gizir Elyar Vəliyevin ürəyinə sancılıb. Tale elə gətirib ki, ömrünün 29-cu payızını yaşayan gizir Elyar Vəli­yev doğum günündən iki gün sonra ən uca – şəhidlik məqamını fəth edib.

Atası Arif Vəliyev onu görünüşcə sərt təsiri bağışlayan, amma ürəyi yumşaq, mülayim bir övlad kimi xatırlayır: 

– Xüsusi təyinatlı dəstənin giziri olan oğlum 2016 və 2020-ci illərdə 3 döyüşdə iştirak edib, çoxlu sayda yaralı yoldaşla­rını xilas edib. Vətən Müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüb. Cəbrayılın azad edilməsi zamanı dəstəsi ilə bir hərbi av­tomobili partladıb, yüksək rütbəli zabitləri məhv ediblər. Bir “KamAZ” dolu erməni əsgərinin külünü göyə sovurublar. Elyar erməni qərargahını ələ keçirib və erməni polkovniki məhv edib. Gülləsi başa çata­nadək döyüşüb. Ölüm hamıya nəsib ola­caq. Fəxr edirəm ki, ölümün gözünə dik baxan, torpaqlarımızın azadlığı naminə canını Vətənə qurban edən belə oğlum olub.

Anası Səmayə Vəliyeva yana-yana danışır ki, Elyarın qardaşı da hərbçidir: “Hər iki oğlum hərbçi kimi müharibədə iş­tirak edib. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olduğu xəbəri gəlib. Neyləyim? Bu elə ağrıdır ki, məni içimdən didib parça­layır. Amma hara gediriksə, Elyara görə bizə xüsusi ehtiram göstərirlər. O ölmə­yib. Həmişə bizimlədir, həmişə yanımız­dadır”.

Elyarın dəfələrlə həyatlarını xilas et­diyi hərbçi yoldaşları bu gün onu ehtiram­la yad edirlər. Şəhidimizlə çiyin-çiyinə döyüşən Səxavət Salmanov deyir ki, peşəkar döyüşçü olan Elyar sanki hərbçi olmaq üçün doğulmuşdu: “Onunla uzun müddət xüsusi təyinatlılar qrupunda xid­mət etmişik. Elyar Aprel və Tovuz döyüş­lərində çoxlu yaralının həyatını xilas edib. O, döyüş tapşırıqlarını həmişə yüksək səviyyədə yerinə yetirib. Mən döyüşlərin birində yaralanmışdım. Elyar mənə vax­tında tibbi yardım göstərməsəydi, çoxlu qan itirəcəkdim və şəhidlik zirvəsinə uca­lacaqdım. Bu gün mən onun sayəsində yaşayıram. Elyarın əhatəsində olan 50 nəfərlik dəstə 600 nəfərlik erməni ordu­sunu tamamilə məhv etmişdi”.

Şəhidin idman müəllimi Sərhad Quli­yev ona əlbəyaxa döyüşün sirlərini öyrət­diyini xatırlayır. Deyir ki, o, idman sahə­sində göstərdiyi gücü torpaqlarımızın işğaldan azad olunmasında da göstərdi. O, əsl qəhrəman idi.

Şəhid Elyar Vəliyev üçəm olmaqla beş övlad atası idi. Anası deyir ki, mü­haribəyə yollananda Elyarın son sözü o olub ki, övladlarım üçün, onların xoşbəxt gələcəyi naminə döyüşə getməliyəm. 

Qeyd edək ki, şəhid Elyar Arif oğlu Vəliyev ölümündən sonra “ Vətən uğrun­da” medalı və “Vətən Müharibəsi Qəhrə­manı” fəxri adı ilə təltif olunub. Xatirəsi­nin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrin­dən birinə verilib.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat