Qısa ömrün əbədiyyəti

post-img

Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri olan Qamət Şəmşir oğlu Qurbanov 2020-ci il sentyabrın 27-də ordumuz tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb və savaşın 3-cü günü Qamət Talış və Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. 

Pulemyotçu kimi hərbi xidmətini yerinə yetirən Qamət özünün cəsur­luğu, sərrastlığı və əsl igid əsgər kimi digər keyfiyyətləri ilə fərqlənib.

Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsunun Keçdiməz kəndində dünyaya göz açıb. Uşaq yaşlarından Qarabağ uğrunda döyüşlərdə həlak olmuş 3 həmkəndlisi – dayısı Sirac, həmçinin Azər və Ziyad haqqında söh­bətlərə maraqla qulaq asıb. Elə həmin hekayələr də onu gələcəkdə hərbçi kimi Vətəni qorumağa həvəsləndirib. O da hərbi libas geyinərək işğalçıla­rı məhv etmək, əzəli torpağımız olan Qarabağı düşmənlərdən təmizləmək arzusu ilə böyüyüb. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yolla­nıb. Ön cəbhədə düşmənin xeyli say­da canlı qüvvəsi və texnikasının məhv edilməsində Qamət misilsiz xidmətlər göstərib.

Ölkəmizin ərazi bütövlüyünün tə­min edilməsi uğrunda döyüş əməliy­yatlarına qatılaraq, hərbi hissə qar­şısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Doğma Ağsu rayonunda ölməz şəhid Qamət Şəmşir oğlu Qurbano­vun xatirəsinə ehsan bulağı istifadəyə verilib. Mərasimdə iştirak edən şəhi­din yaxınları onun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan, Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıblar. Eyni za­manda yaxınları Qamət Qurbanovla bağlı xatirələrini bölüşüblər. Həmin tədbirdən bir qədər sonra isə Qamətin haqqında yazılmış kitabda Keşdiməz kəndində təqdim olunub. Müəllif Abdul­la Salqalanlı kitabı, ilk növbədə, şəhi­din valideynlərinə hədiyyə edib. Məra­sim iştirakçıları bu kitabın, ümumilikdə, respublika gənclərinin hərbi-vətənpər­vərlik tərbiyəsinin formalaşmasında, şəhidlərimizin təbliğatında böyük rolu olacağına inam ifadə ediblər. Şəhidin valideynləri də mərasim iştirakçılarına və kitabın müəllifinə öz təşəkkürlərini bildiriblər.

Bəli, Qamət qısa, lakin şərəfli həyat yolu keçib. Onun 21-ci doğum günün­də üzümüzü atası Şəmşir kişiyə tutub deyirik: – Qamətini düz tut, şəhid atası! Sənin oğlun Qamət Qurbanov canını Vətən yolunda qurban verərək əbədi həyat qazanıb!

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat