Bozalqanlının Vətən müharibəsi qəhrəmanı

post-img

Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz rayonunda anadan olub. Bir müddət Rusiyada yaşayan ailəsi 2008-ci ildə Azərbaycana dönüb. 2002–2008-ci illərdə Vladivostok şəhərində 34 saylı, sonrakı illərdə isə Binəqədi rayonundakı 179 saylı tam orta məktəbdə təhsil alıb. Sərbəst güləş və karate ilə məşğul olub. Ailəli idi. Ayxan adlı bir oğlu yadigar qalıb. 

Orxan orta məktəbi bitirdikdən son­ra Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində əsgəri borcunu yerinə yetirməyə gedib. İkiillik xidmət zamanı komandiri onun intizam və qa­biliyyətini, cəsarətli olduğunu görüb “sən yaxşı hərbçi ola bilərsən” – deyib, Xü­susi Təyinatlı Qüvvələrin təlim kursuna yazılmasını məsləhət görüb. Orxanın özünün də hərb sənətinə böyük marağı olub və təklifi qəbul edib. 6 aylıq gizir ha­zırlayan kursa daxil olub. Çətin məşqlər, təlimlər keçib kursu bitirdikdən sonra müddətdən artıq xidmət hərbi qulluqçu­su (MAXE) kimi fəaliyyətə başlayıb. O, 2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən “N” saylı hərbi hissələrində xidmət edib. 2016-cı ilin aprelində Talış istiqamətində döyüş­lərdə iştirak edib. 

Azərbaycan Ordusunun Xüsusi Tə­yinatlı Qüvvələrinin giziri olan “Cana­var” ləqəbli Orxan Cabbarov Vətən mü­haribəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüş­lərdə şücaət göstərib. O, Ermənistan silahlı qüvvələrinin zabitini əlbəyaxa dö­yüş zamanı məhv edib. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bozalqanlı kəndində atasının uyuduğu qəbiristan­lıqda, onun yanında dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olun­ması zamanı düşmənin məhv edilməsi üzrə döyüş tapşırığını yerinə yetirən za­man göstərdiyi qəhrəmanlıq nümunəsi, eləcə də, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş et­dirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Orxan Cabbarova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, “Vətən uğrun­da”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xo­cavəndin azad olunmasına görə” me­dalları ilə də təltif edilib.

Nənəsi Gülsüm xanım deyir:

– Mənim oğlum olmayıb. Nəvəmi bir yaşından oğul əvəzinə bağrıma basıb böyütmüşdüm. Özü bu çətin, əziyyətli yolu seçdi. Aprel döyüşlərində onların dəstəsindən iki nəfər sağ qalmışdı, biri Orxan idi. Binəqədidən olan şəhidləri Orxan gətirmiş, dəfnlərində iştirak et­mişdi. Vətən müharibəsində o, bir dəfə (oktyabrın 25-də) 4 nəfərlə yaralanıb, lakin bizə bildirməyib. Tam sağalmamış yatdığı Ələt xəstəxanasından yenə dö­yüşə yollanıb. Deyib ki, mənim yaramı sarıyın, mən burda qalmayacam, döyüş meydanında işlərim yarımçıq qalıb. Onu dilə tutub iki gün saxlayıblar ki, heç ol­masa, qanaxma dayansın.

Orxan belə övlad idi. Nə qədər ya­nıb-yaxılsam da, bir an belə unutmasam da, “hər kəsin bir alın yazısı var” – de­yirəm. Orxanıma ölümlərin gözəli nəsib oldu. Vətən uğrunda özünü qurban verdi balam. Nə əziyyətim var, ona halal et­mişəm. Çünki o ölümü ilə bizim alnımı­zı açıq, başımızı dik edib. Əvvəl bizim balamız idi, indi Tovuzun, Azərbaycanın qəhrəman oğludur. 

Anası isə deyir ki, son dəfə oktyab­rın 28-də zəng etmişdi. Əvvəllər də hər dəfə hal-əhval tutur, nənəsinin səsini eşidib rahatlanır, sonra sağollaşırdı. An­caq onu deyirdi ki, özünüzdən muğayat olun, hər şey yaxşı olacaq. Bu dəfə də elə oldu. Heç 2 dəqiqə danışammadıq, sağollaşdı. 

Bir də 12 gün sonra, noyabrın 9-da eşitdik ki... onu Şuşadan gətirirlər...

...Ailədə Orxanın indi Ayxan adlı bir yadigar balası böyüyür. Nənəsi deyir ki, müharibədən əvvəl zəngləşəndə soru­şurdum ki, “ay Orxan, necədir Ayxan?” Gülürdü ki, “nənə, bir yerdə dayanmır ee, biz də elə olmuşuq?” Deyirdim: “Əl­bəttə, bala, hamınız əziyyətlə böyümü­sünüz, nadinc olmusunuz”.

Orxanın kiçik qardaşı Ruslan da mü­haribədə topçu kimi düşmənə qan uddu­rub. 

Qonşular danışır ki, hələ məhəllədə Orxan kimi böyüklərə qayğı, uşaqlara diqqət, sevgi göstərən olmayıb, olmaya­caq da. Biri çağırırdı: “Orxan, kompüte­rim xarab olub”, biri səslənirdi ki, uşağın velosipedi sınıb, biri deyirdi, mənə taksi çağır... Hamısına da can-başla kömək edirdi, elədiyi köməkdən zövq alırdı. Orxan tək ailəsindən yox, bütün eldən getdi. 

Bəli, hər şəhidimiz öz təkrarsız ölü­mü ilə ölümsüzləşib. Ayxan böyüyüb məktəbə gedəndə atasının qəhrəman­lığı ilə fəxr edəcək, şəhid övladı, Vətən Müharibəsi Qəhrəmanının oğlu olması ilə qürur duyacaq. Görəcək ki, Tovuz ra­yonu Qovlar şəhər inteqrasiya təlimli in­ternat tipli gimnaziyaya atası–Azərbay­can Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Orxan Rövşən oğlu Cabba­rovun adı verilib. Eşidəcək ki, Binəqədi rayonu Biləcəri qəsəbəsindəki küçələr­dən biri onun atasının adını daşıyır. 

Ruhun şad, məkanın cənnət olsun, Orxan. Sən tarix yazan oğullar sırasında tarixə döndün.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

Sosial həyat