ABŞ, Azərbaycan və digər ölkələrdə bayraq yandırılması və dini təhqir məsələləri hüquqi və siyasi baxımdan müxtəlif yanaşmalarla tənzimlənir. Bu mövzular yalnız hüquqla məhdudlaşmır, həmçinin ictimai rəy, mədəniyyət və milli kimlik baxımından da fərqli reaksiyalara səbəb olur. Məsələn, ABŞ-da bayraq yandırılması məsələsi ifadə azadlığı hüququ çərçivəsində qiymətləndirilir. ABŞ Konstitusiyasının birinci düzəlişi vətəndaşlara sərbəst fikir və ifadə azadlığı hüququ verir.
1989-cu ildə ABŞ Ali Məhkəməsinin “Texas v.Johnson” işində verdiyi qərar bu məsələdə önəmli dönüş nöqtəsi oldu. Məhkəmə bayraq yandırılmasını siyasi ifadə forması kimi tanıyıb və bu hərəkətə görə cəzalandırmanın konstitusiyaya zidd olduğunu bildirib. Beləliklə, ABŞ hüquq sistemində bayraq yandırılması ifadə azadlığının qorunan tərkib hissəsi kimi qəbul edilir. Lakin bu mövzuda ölkə daxilində fərqli düşünənlər də var. Onlardan biri də ABŞ Prezidenti Donald Trampdır. O, bayraq yandırılmasına qarşı sərt mövqedə dayanıb və belə hərəkətləri iğtişaş törətmək kimi qiymətləndirərək, bir ilədək həbs cəzası tətbiq ediləcəyini bildirib. Bununla bağlı bu günlərdə sərəncam da imzalayıb. Bu, ABŞ-da hüquqi və siyasi mübahisələrin davam etdiyini, mövzunun hələ də həm hüquqi, həm də ictimai səviyyədə fikir ayrılıqlarına səbəb olduğunu göstərir.
Azərbaycan isə bayraq yandırılması və dini təhqir məsələlərində fərqli hüquqi yanaşmaya malikdir. Bayrağın təhqir olunması və ya yandırılması Cinayət Məcəlləsinin 324-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, dövlət rəmzlərini təhqir edən şəxs cinayət məsuliyyətinə cəlb olunur. Əgər bayrağa qarşı təhqiredici davranış ictimai asayişi pozan, amma cinayət tərkibi daşımayan formada olarsa, məsuliyyət İnzibati Xətalar Məcəlləsi çərçivəsində həll olunur. Bu da göstərir ki, Azərbaycan hüquq sistemi dövlət rəmzlərinin qorunmasına xüsusi önəm verir.
Onu da qeyd edək ki, bayraq yalnız hüquqi statusa malik simvol deyil, o, xalqın istiqlal mübarizəsinin, milli birliyin və azadlığın rəmzidir. Hətta fiziki olaraq köhnəlmiş bayraqların yandırılması belə, xüsusi prosedura uyğun və hörmətlə həyata keçirilir. Bu, bayrağın xalq üçün nə qədər dəyərli olduğunu göstərir.
***
Əslində, bayraq yandırmaq və ya ona qarşı təhqiredici davranış nümayiş etdirmək acizliyin, çarəsizliyin və ideoloji iflasın etirafıdır. Bu, iki il bundan əvvəl Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması hadisəsində aydın göründü. Ermənini buna vadar edən isə həmin bayrağın 30 illik işğaldan sonra yenidən Qarabağda dalğalanması idi. Bu mənzərəni həzm edə bilməyən şəxs tərəfindən törədilən təxribat, əslində, bütöv bir ideologiyanın və siyasi strategiyanın iflasa uğramasının göstəricisi idi.
Hadisənin ardından Ermənistanda yaranan ictimai reaksiyalar da göstərdi ki, bu hərəkət yalnız Azərbaycana qarşı deyil, həm də beynəlxalq idman ictimaiyyətinə hörmətsizlik kimi qəbul olunur. Çoxları bu davranışı siyasi mədəniyyətsizlik və dövlətin daxili acizliyi kimi qiymətləndirdi. Hayların təxribatı uduzulan müharibənin acısını idman meydanında çıxmaq, qalibin bayrağından qisas almaq cəhdi olmaqla yanaşı, zəifliyin nümayişi idi
Ümumilikdə, bu gün bayraq yandırılması məsələsi müxtəlif ölkələrdə fərqli yanaşmalar tələb edən mürəkkəb sosial-hüquqi fenomen olaraq qalır. ABŞ kimi ifadə azadlığını ön planda tutan ölkələrdə bu cür hərəkətlər hüquqi müdafiə altındadır, lakin ictimai qınaq mövcuddur. Azərbaycan kimi ölkələrdə isə dövlət rəmzlərinə hörmət milli kimliyin və milli dəyərlərin qorunması baxımından əsas prinsiplərdən biridir və hüquqi məsuliyyət sərtdir. Bu iki fərqli yanaşma göstərir ki, bayrağa hörmət hər bir ölkənin özünün tarixi, siyasi və mədəni kontekstindən asılıdır. Bayraq həm hüquqi, həm də milli-mənəvi dəyərlərin qorunmasının simvolu olaraq qalır.
***
Avropa ölkələrində oxşar məsələlərə yanaşmalar fərqlidir. İfadə və söz azadlığı əsas insan hüquqlarından biri kimi qəbul olunsa da, bu azadlıq bəzən dini dəyərlərə qarşı təhqiramiz hərəkətlərlə müşayiət olunur. Xüsusilə İslam dini ilə bağlı məsələlərdə bu cür halların artması narahatlıq doğurur. Danimarka, İsveç, Fransa və Niderlandda müqəddəs “Qurani-Kərim”in yandırılması və İslam Peyğəmbərinə qarşı yönəlmiş təhqirlərlə bağlı hadisələr bu tendensiyanı açıq şəkildə göstərir.
İsveç və Danimarkada sağ-radikal siyasətçilər, o cümlədən Rasmus Paludan və Salvan Momika dəfələrlə “Qurani-Kərimi” yandıraraq cəmiyyətdə narazılıq yaradıb. Lakin bu cür hərəkətlər İsveç qanunvericiliyində dini təhqiri ayrıca cinayət kimi müəyyən edən norma olmadığından, yalnız “etnik qrup əleyhinə təbliğat” kimi qiymətləndirilib. Paludanın cəmi 4 ay həbs cəzası alması bu məsələdə cəza siyasətinin yetərsiz olduğunu göstərir.
Digər tərəfdən, Almaniyada dini inanca görə təhqir Cinayət Məcəlləsinin 166-cı maddəsi ilə 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılsa da, bu maddə nadir hallarda tətbiq olunur. Birləşmiş Krallıqda isə dini təhqirə dair qanunlar ləğv edilsə də, son illər Quran yandırdığı üçün bir şəxs ictimai nizamı pozduğuna görə cərimələnib. Məhkəmə qərarında ifadə azadlığının başqalarının dini hisslərini alçaltmaq üçün istifadə edilə bilməyəcəyi xüsusi vurğulanıb. Bu, Birləşmiş Krallıqda ifadə azadlığı ilə ictimai məsuliyyət arasında incə balansın qorunmasına nümunədir.
Bütün bu fərqli yanaşmalar onu göstərir ki, Avropa ölkələrində ifadə azadlığı ilə dini dəyərlərin qorunması arasında dərin hüquqi və mədəni fərqlər mövcuddur. Bəzi ölkələr bu cür hərəkətləri azad fikir ifadəsi kimi qəbul edir, digərləri isə ictimai nizamın pozulması və nifrət cinayəti kimi qiymətləndirir. Bu fərqlər birbaşa ölkələrin hüquq sistemləri, siyasi mədəniyyətləri və milli dəyərləri ilə bağlıdır.
Siyasi ekspert İlqar Hüseynli bu məsələ ilə bağlı XQ-yə dedi ki, bayraq və digər dövlət rəmzləri, sadəcə, simvol deyil, milli kimlik və suverenliyin təcəssümüdür:
– Onlara qarşı edilən təhqiramiz davranışlar yalnız hüquqi məsuliyyət doğurmur, eyni zamanda, cəmiyyətin qınağına səbəb olur. Azərbaycanın mövcud qanunvericiliyi bu rəmzləri və dini dəyərləri ciddi şəkildə qoruyur. Konstitusiyanın 75-ci maddəsində dövlət rəmzlərinə hörmətlə yanaşılması tələb olunur. Eyni zamanda, Cinayət Məcəlləsinin 324-cü maddəsi dövlət atributlarının təhqirinə görə iki ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək həbs cəzası nəzərdə tutur.
Azərbaycan qanunvericiliyi dini etiqad azadlığını da təmin edir. Hər kəs dini etiqadını sərbəst ifadə etmək, dini ayin və mərasimlərdə iştirak etmək hüququna malikdir. Eyni zamanda, dini etiqad zorla təbliğ edilə bilməz və insan ləyaqətini alçaldan dini cərəyanların yayılması qadağandır. Bu azadlıq yalnız ictimai təhlükəsizlik və digər şəxslərin hüquqlarının qorunması zərurəti olduqda qanunla məhdudlaşdırıla bilər.
İlqar Hüseynli onu da bildirdi ki, ifadə azadlığı heç bir halda başqalarının dini inanc və dəyərlərini alçaltmaq üçün vasitəyə çevrilməməlidir:
– Avropada müşahidə olunan bəzi hadisələr isə cəmiyyətlərin əxlaqi dəyərlərdən uzaqlaşdığını və nəticədə ictimai parçalanmanın dərinləşdiyini göstərir. Bu da, öz növbəsində, Avropanın bəşəri dəyərlərə sadiqliyini sual altına alır.
Pünhan ƏFƏNDİYEV
XQ