AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə rəhbərlik etdiyi şöbədə Cənubi Azərbaycan tarixinin dərindən öyrənilməsi istiqamətində görülən işlər, aparılan tədqiqatlara dair suallarımızı cavablandırdı.
– Səməd müəllim, müstəqil Azərbaycan dövlətinin milli ideologiyası olan azərbaycançılıq məfkurəsinin dünyada yaşayan soydaşlarımızın mənəvi birliyinə və ictimai-mədəni həmrəyliyinə nail olmaqda rolu misilsizdir...
–Ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlətin suverenlik prinsipləri üzərində sağlam siyasi, iqtisadi, inzibati, mədəni və s. təsisatların yaranması, cəmiyyətin sağlam və doğru təməllər üzərində qurulması və inkişafı üçün stimullaşdırıcı, eyni zamanda, birləşdirici bir ideologiyaya daha çox ehtiyac duyuldu. Həmin zərurətdən başlanğıcını maarifçilik və demokratik hərəkatlardan götürən azərbaycançılıq baxışları formalaşıb dövlətçilik dünyagörüşünə, kütlələrin aparıcı ideologiyasına çevrildi.
Bu gün Azərbaycan Respublikasında azərbaycançılığın milli bir ideologiya kimi formalaşmasını, onun dünya azərbaycanlıları arasında təsir gücünü araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrənilməsinə ciddi ehtiyac var. Belə ki, İran İslam Respublikasının bugünkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi ostanlarında (əyalətlərində), eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, həmçinin bir sıra digər yaşayış məntəqələrində 32–35 milyon Azərbaycan türkü (azərbaycanlı) məskunlaşmışdır.
Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanaşı, eyni zamanda, ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadi-ticarət, ədəbi-mədəni və turizm əlaqələrinin inkişafına ciddi təsir göstərmək gücünə malikdirlər. Bu əlaqələri tədqiq etmək və azərbaycançılığın bu əlaqələr fonunda inkişaf etdirərək milli bir ideologiyaya çevrilməsi məsələsi Azərbaycan tarixinin az öyrənilmiş cənub qolunun tədqiqini bizim üçün zəruri edir.
– Talenin amansızlığı ilə Azərbaycan 2 hissəyə bölünənədək otaylı-butaylı tariximiz bütöv olub və bir yerdə öyrənilir. İndi Cənub tariximizi ayrıca öyrənməyə məhkumuq...
– XIX əsrin əvvəllərində İran və Rusiya arasında baş vermiş 1804-1813 və 1826-1828-ci illər müharibələri Azərbaycanın iki yerə parçalanması ilə nəticələndi. Eyni tarixi köklərə malik, tarixən eyni ərazidə yaşayan, vahid dildə danışan, eyni mədəniyyətə və həyat tərzinə malik xalq iki hissəyə ayrılmış oldu. Ruslar şimalda işğal etdikləri xanlıqları Azərbaycan adlı əyalət adı altında birləşdirərək özlərinin bu işğallarına bəraət qazandırdılar. Bu işğal, eyni zamanda, özünüqoruma instinkti altında Azərbaycanın şimalında milli oyanış hərəkatı yaratdı, dövlətçiliyin bərpasına təkan verdi, eyni zamanda, azərbaycançılıq məfkurəsinə meydan açdı.
Qacarlar da cənubda “Azərbaycan” adlı əyalətlərə xüsusi diqqət yetirməyə başladılar, azərbaycanlıların iqtisadi və hərbi qüdrətlərinə, birliklərinə söykəndilər, onlara daha çox etibar etdilər. Bununla belə, Qacarların hakimiyyəti altında yaşayan Azərbaycan türkləri onlara münasibətdə milli məhdudiyyəti, milli ayrı-seçkiliyi hiss etməsələr də, ağır istismara, dilənçi həyat tərzinə düçar oldular.
“Gülüstan”dan, “Türkmənçay”dan üzü bu yana Azərbaycan xalqı neçə dəfələrlə ayağa qalxdı, milli mənsubiyyətini, dilini, mədəniyyətini əzmək istəyənlərə öz əzmkarlığını nümayiş etdirdi. Cənubi Azərbaycanda Səttar xanın, Bağır xanın, Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında milli-azadlıq, milli-demokratik ruhlu inqilablar baş verdi. Bu hərəkatlar İran irticasının və onun xarici himayədarlarının əli ilə yatırılsa da əslində, bu, Azərbaycan və azərbaycançılıq uğrunda ideoloji mübarizə idi.
1925–1979-cu illərdə Rza şah və oğlu Məhəmməd Rza şahın anti-Azərbaycan siyasəti də son nəticədə azərbaycançılığın güclənməsinə böyük təsir göstərdi. Belə ki, şahın və onun xarici himayədarlarının gözləntilərinin əksinə olaraq, bu siyasətə qarşı azərbaycanlılar ayağa qalxdılar. 12 dekabr 1945-ci il tarixində Cənubi Azərbaycanda Milli Hökumət quruldu. 6 yanvar 1946-cı ildə bu diyarda Azərbaycan dili rəsmi dövlət dili elan edildi, bu əsasda da təhsilin, mədəniyyət və incəsənətin inkişafı üçün güclü zəmin yaradılmış oldu.
Azərbaycan Milli Hökuməti İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və onların milli şüurunu formalaşdırdı. Milli hökumət, ilk olaraq, İran kimi çoxmillətli bir ölkədə milli-mədəni, hətta siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanını təsdiqlədi. Bu hökumətin həyata keçirdiyi birillik islahat tədbirləri milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, qurulması yollarını, formasını göstərdi, azərbaycançılığı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunə etdi.
– Rəhbərlik etdiyiniz Cənubi Azərbaycan şöbəsinin yaradılması ideyası hansı zərurətdən yaranıb?
– 1978–1979-cu illər İran inqilabı Şimali Azərbaycanda azərbaycançılıq ideyasının inkişafına təsirini göstərən amillərdən oldu, inqilabın qələbəsindən sonra İranda yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Azərbaycan dilində kitablar, qəzet-jurnallar çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bir sıra mədəniyyət ocaqları, o cümlədən Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti işə başladı.
O zaman Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev Cənubi Azərbaycanda baş verən bu yenilikləri bu tayda xalqımıza çatdırmaq, milli-mənəvi birlik ideyasını dirçəltmək, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlar atdı.
Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi. Azərbaycan Yazıçılar İttifaqında, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başladı. Bununla da Cənubi Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi və tədqiqi üçün böyük imkanlar açılmış oldu.
1976-cı ildə AMEA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu) Cənubi Azərbaycan şöbəsi yaradıldı. Əvvəlki dövdə isə Cənubi Azərbaycanın problemləri əsasən İran tarixi və iqtisadiyyatı şöbəsi daxilində öyrənilmişdi. Artıq 46 ildir ki, Cənubi Azərbaycan tarixi, onun problemləri ayrıca şöbədə öyrənilir. Bu yöndə sistemli və zəngin tədqiqatlar bu gün daha geniş və dərindən davam etdirilir.
– İndiyədək Cənubi Azərbaycanın tarixinin öyrənilməsi ilə bağlı hansı işlər aparılmışdır?
– Şərqşünaslıq İnstitutunun elmi strukturunda Cənubi Azərbaycan şöbəsi yaradıldıqdan sonra, xüsusilə 1978–1979-cu illərdə, bir sıra istedadlı gənc tədqiqatçılar bu şöbə ətrafında cəmləşdi. Cənubi Azərbaycan tarixi problemlərinin kompleks şəkildə öyrənilməsində və aparılmış tədqiqatların nəticələrinin geniş oxucu kütləsinə çatdırılmasında, ümumiyyətlə, Güney mövzusunu qabartmaqda bu şöbənin böyük rolu oldu.
Cənubi Azərbaycanla bağlı tədqiqatlarda 1941–1946-cı illər milli-azadlıq hərəkatı, xüsusən Azərbaycan Milli Hökumətinin yaranması, onun müxtəlif sahə və istiqamətlər üzrə fəaliyyəti, həmçinin həmin dövrdə meydana gəlmiş müxtəlif ictimai-siyasi təşkilatların işi, Azərbaycanda mövcud olan mədəni və mənəvi həyat geniş şəkildə araşdırılmış, eləcə də hərəkatın meydana gəlmə səbəbləri, hərəkətverici qüvvələri, məğlubiyyət səbəbləri əsaslı şəkildə öyrənildi. Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının əvvəlki mərhələləri də İran şöbəsində tədqiqatçıların diqqət mərkəzində oldu.
XIX əsr Təbriz tarixinə, Cənubi Azərbaycan maarifçilərinin fəaliyyətinə, Cənubi Azərbaycan milli şüurunun formalaşmasına, XX əsrin birinci yarısında Azərbaycan-İran mədəni əlaqələrinə, Cənubi Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafına, Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyətinə dair namizədlik dissertasiyaları müdafiə edildi, sonralar onların bəziləri təkmilləşdirilərək monoqrafiya şəklində çap edildi.
1987-ci ildə çap edilmiş Azərbaycan Sovet Ensiklopediyasının X cildində getmiş “Cənubi Azərbaycan” başlıqlı iri həcmli məqalə də bu şöbə tərəfindən təqdim edilmişdir. Həmçinin ilk dəfə 1994-cü ildə ali məktəb tələbələri üçün çap edilmiş “Azərbaycan tarixi” dərsliyinin I cildində getmiş “Cənubi Azərbaycan (1828–1917)” adlı fəsil bu şöbənin əməyinin məhsuludur. Şöbədə müstəqillik illərində aparılmış tədqiqatlar isə ayrıca bir söhbətin mövzusudur.
Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının sektor müdiri