“Azərbaycanda MINEPS VII beynəlxalq konfransı ən yüksək səviyyədə keçiriləcək”

post-img

İyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək. Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev konfransın əhəmiyyəti, ölkəmizin bu mühüm tədbirə evsahibliyi və hazırlıq məsələləri ilə bağlı “Xalq qəzeti”nə müsahibə verib. 

– Fərhad müəllim, bu konfransın məqsəd və vəzifələri nədən ibarətdir?

– Bədən tərbiyəsi və idman sahə­sində intellektual və texniki mübadiləni asanlaşdıran beynəlxalq konfrans 1976-cı ildən keçirilir. O, idman sahəsində hökumətlərarası təşkilatlar, idman hərə­katları, ixtisaslaşmış QHT-lər və idman mütəxəssislərini bir araya toplayan qlo­bal platformalardan biridir və dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olu­nur. Konfransa 4 ildən bir seçki vasitəsi ilə üzv ölkələrdən biri evsahibliyi edir. 

Konfransın əsas məqsədi idman sahəsində beynəlxalq tendensiyala­rın qiymətləndirilməsi, bu sahədə bey­nəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır. Bu da gələcəkdə idman siyasətinin reallaşmasında məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət olacaq.

– Beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından tədbirin rolunu necə qiymətləndirirsi­niz?

– Konfransda müzakirə edilən çox mühüm məsələlərin nəticələri və töv­siyələri dünyada bədən tərbiyəsi və id­manın təhsil, mədəni və sosial sahələri­nin inkişafına xidmət edir. Konfransda UNESCO-ya üzv 196 ölkənin bədən tər­biyəsi və idman sahəsinə məsul rəhbər şəxslərinin və nazirlərinin, həmçinin döv­lət, beynəlxalq, qeyri-hökumət və elmi id­man təşkilatlarının nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir. 

Azərbaycan artıq bir çox mühüm bey­nəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbir də beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından bö­yük əhəmiyyət kəsb edir. UNESCO tərə­findən idman da daxil olmaqla, müxtəlif istiqamətlərdə həyata keçirilən və idman sahəsində mövcud olan mənfi halların qarşısının alınması məqsədilə əməkdaş­lıq etməyə yönəldilmiş tədbirlərin təşkili vacib məsələlər kimi diqqət mərkəzində­dir. 

– Ölkəmiz evsahibliyi ilə konfran­sın işinə hansı töhfələr verəcək?

– Şübhəsiz, bu nüfuzlu idman tədbirinə evsahibliyi qərarı verilərkən ölkəmizin, ilk növbədə, qlobal bey­nəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi, mötəbər yarışlara ev sahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala malik olması nəzərə alınıb. Digər tərəfdən Ba­kının müasir şəhər infrastrukturu, gözəl təbiəti və turizm imkanları yüksək qiymət­ləndirilir. Ən əsas məsələlərdən biri isə Azərbaycanda tarixən müxtəlif etnosların dinc yanaşı yaşamaq təcrübəsi, xalqımı­zın yüksək dini, milli tolerantlıq səviyyəsi, həmçinin qonaqpərvərliyi, zəngin mədə­ni irsi müasir dünyamız üçün gözəl nü­munədir. 

– Tədbirə hazırlıqla bağlı hansı iş­lər görülür?

– Mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifə­li Şəxslərin VII Beynəlxalq Konfransının (MlNEPS VII) 2023-cü ildə Bakı şəhərin­də keçirilməsi ilə əlaqədar Təşkilat Ko­mitəsinin yaradılması haqqında” Sərən­cam imzalayıb. 

Hazırlıqla bağlı aprelin 12-də Təşki­lat Komitəsinin ilk iclası keçirilib. İclasda MINEPS VII konfransına hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurum­ların təmsilçiləri ilə müzakirələr aparı­lıb. Təşkilat Komitəsinin nəzdində işçi qrup fəaliyyət göstərir. Tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koor­dinasiya olunur. Əminik ki, Azərbaycan­da MINEPS VII beynəlxalq konfransı da digər mötəbər tədbirlər kimi ən yüksək səviyyədə keçiriləcək.

Onu da qeyd edim ki, ötən ay Parisdə UNESCO-nun qərargahında yüzə qədər ölkənin iştirakı ilə MINEPS VII-nin ilk təq­dimatı baş tutub. 

– Nüfuzlu tədbirin ölkəmiz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı ölkə Prezidenti İlham Əliye­vin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan beynəlxalq müstəvidə ən güclü ölkələrdən biri kimi tanınır. Kon­frans mahiyyətcə Azərbaycanın malik olduğu idman potensialının, siyasi və iq­tisadi qüdrətinin, zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, ölkəmizin mədəniyyət və sivilizasiyaların qovşağındakı uni­kal coğrafi mövqeyini, mədəni və etnik rəngarəngliyini bütün dünyaya nümayiş etdirəcək. UNESCO-nun MINEPS kon­fransının ölkəmizdə keçirilməsi olduqca məsuliyyətli bir məsələdir. Bütün dünyanı əhatə edən komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etmə­sinə səs verməsi, ilk növbədə, Azərbay­canın dünyada artan nüfuzuna müsbət təsir edəcək. Mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafına da təkan verəcək.

Tədbirdə iştirak edəcək nümayən­dələrin hər biri öz ölkələrinin yüksək sə­viyyəli dövlət məmurları və idman sahə­sinin ən ciddi mütəxəssisləridir. Bu tədbir təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün vacib hesab olunur. 190-dən çox ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir dünya mətbuatında geniş işıqlandırılacaq. Bu baxımdan kon­fransı ermənilərin işğal etdiyi əraziləri­mizdə dağıtdıqları nadir mədəniyyət abi­dələrinin, idman obyektlərinin bərpası ilə bağlı görülən işlər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün çox yaxşı fürsət hesab edirik.

Müsahibəni apardı,
Leyla QURBANOVA, “Xalq qəzeti”

Müsahibə