Bir meydanın ərzi-halı

post-img

Ötən ay elə bir telekanal, elə bir xəbər saytı qalmamışdı ki, siqaret kötüyünü yerə atanların inzibati məsuliyyətindən bəhs etməsin. Hətta Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı bildirmişdi ki, polis Bakıda prosesə nəzarəti gücləndirib.

...Səhər işə gələndə adətim üzrə “28 May” metrostansiyasının qarşısındakı meydanda dahi dramaturq Cəfər Cabbar­lının uca abidəsinə salam verib keçirdim ki, sanki sözlü adama oxşadığını görüb dayandım. Xəyali dialoqumuz başlandı. –

-“Neçə ildir ki, burda əliqoynunda durmuşam. Baxıram, küləkli havada yerə tüpürən kim, çəkdiyi siqaretin kötüyünü hara gəldi, atan kim... Mat qalmışam ki, canım, əgər zibil qabları varsa, niyə ora atmırlar?” 

-“Axı, "Azərbaycanda "Tütün və ya tü­tün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Bunu edən şəxs 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb. Polis də nəzarəti gücləndirib. Bir də ki, gərək camaat özü şəhərin, xüsusilə də xarici qonaqların gəlib-getdiyi yerlərin təmizliyi qayğısına qalsın. Yoxsa, təkcə xadimələr – “Vəfalı Səriyyə”lər bunun öh­dəsindən bilmərrə gələ bilməzlər. 

Cəfər Cabbarlı başını buladı: “Nə­zarət-zad güclənməyib, camaat da özü­nü heç o yerə qoymur”. 

Doğru sözə nə deyəsiydim? Ətrafa nəzər saldım. “28 May” metrostansiya­sından çıxan, dəmiryol vağzalına ge­dib-gələn sərnişinlərin arasında, doğru­dan da, siqaret çəkənlər vardı və bəziləri siqaretin kötüyünü yerə atmaqdan çə­kinmirdi. Halbuki, burada hər beş-on metrdən bir zibil qabı var. Natəmiz mən­zərə – tullantı bolluğu həm də o üzdən yaranır ki, meydana başdan-başa plitələr döşənib, küləksə atılan siqaret kötükləri­ni qabağına qatıb sovura-sovura həmin plitələrin ara-bərəsinə doldurur. Asfalt çatları da, ağacların dibləri də eynilə o haldadır. Hələ bu tullantıların ağacların inkişafına, ekologiyaya necə ciddi ziyan vurduğunu demirik. 

İndi ya gərək o plitələr sökülüb çıxa­rıla, asfaltlar yamana, ağacların ətrafına hündür çəpərlər çəkilə ki, bütün bunlar da çoxlu xərc və vaxt tələb edir. Fikrimizcə, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Salamatı budur ki, paytaxtın sa­kinləri və qonaqlar xüsusi ayrılmış yer­lərdə siqaretlərini çəkib, kötüklərini zibil qablarına atsınlar. 

İstanbullu dostum demişkən: bu qə­dər bəsit!

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Sosial həyat