Hikmət Hacıyev: Qarabağda yaşayan ermənilərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycanın daxili işidir

post-img

Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. AZƏRTAC müsahibəni təqdim edir:

– Ermənistanın Təhlükəsizlik Şu­rasının katibi Armen Qriqoryan tərə­findən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz?

– Ermənistanın 30 illik işğalına, et­nik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra xoş niyyət nümayiş etdirərək ərazi bü­tövlüyünün və suverenliyin qarşılıqlı şə­kildə tanınması əsasında sülh gündəliyi­ni irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xətdir.

Bu xüsusda, 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınma­sından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim etmişdir. 2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçi­rilmiş görüşlərdə Azərbaycan və Ermə­nistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanı­dıqlarını bəyan etmişdir. Almatı bəyan­naməsi ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanı­yırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır.

Biz 2022-ci ilin sonuna qədər sülh sa­zişinin imzalanmasına ümid edirdik, yeri gəlmişkən, sentyabrda Vaşinqton görü­şündə bu məsələ də müzakirə olunmuş­du. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail ola bilmədik.

Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.

Qarabağda yaşayan erməni sakinlə­rin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azər­baycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlə­dən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır.

Qarabağda yaşayan erməni sakin­lərin fərdi hüquq və təhlükəsizliyi Azər­baycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzər­də tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiy­yəti yoxdur.

İstər Brüssel danışıqlarında, istərsə də keçən ilin sentyabr ayında Vaşinq­tonda keçirilmiş görüşdə Qarabağda yaşayan erməni sakinlərin hüquq və təh­lükəsizliyinin məhz Azərbaycan Kons­titusiyası çərçivəsində təmin edilməsi məsələsi müzakirə edilib.

Qarabağda yaşayan erməni sakinlə­rinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz və biz heç zaman buna ra­zılıq verməmişik. Ermənistanın bununla bağlı iddiaları tamam məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır.

Azərbaycanın suverenliklə bağlı haq­lı mövqeyi beynəlxalq müstəvidə qəbul olunur.

– Siz qeyd etdiniz ki, Ermənista­nın qeyri-konstruktiv mövqeyinə görə 2022-ci ildə sülh sazişinin imzalanma­sına nail ola bilmədik. Bununla bağlı daha ətraflı fikirlərinizi almaq istərdik.

– İlk öncə qeyd edim ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəaları Ermənistan tərəfindən kobu­dcasına pozulur. Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərin­dən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgə­sində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-is­tehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edil­miş minalarla çirkləndirir, Azərbaycan or­dusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalı­şırlar.

Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəx­si heyətin rotasiyası üçün istifadə olunur­du. Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbay­canın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib.

2022-ci ildə Praqa və Soçidə keçiril­miş görüşlərdə Ermənistanın Azərbay­canın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq, baş nazir və digər Ermənistan rəsmiləri tərəfindən və­ziyyəti qəsdən gərginləşdirən, Azərbay­canın suverenliyini və ərazi bütövlüyünü sual altına qoyan, təhdid edən açıqla­maların verilməsi, addımların atılması davam edir və bu xətt son vaxtlar daha da güclənir.

Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır.

Ermənistan rəsmilərinin “Qarabağın ətrafında demilitarizasiya olunmuş zona­nın yaradılması”, “BMT-nin fakt-araşdırı­cı missiyasının Qarabağa, Laçın yoluna göndərilməsi” kimi açıqlamaları qəbule­dilməzdir.

Ermənistan hansı əsasla başqa bir ölkənin ərazisinə BMT və ya ATƏT mis­siyasının göndərilməsinə çağırır? Heç bir təşkilat Azərbaycanın razılığı olma­dan belə addımlar ata bilməz və atma­yacaq da. BMT qətnamələrində də aydın qeyd edilir ki, aidiyyəti ölkənin razılığı olmadan onun ərazisinə hər hansı bir missiya göndərilə bilməz.

Ermənistanın Qarabağa, Laçın yo­luna missiya göndərilməsi, xarici qü­vvələrin gətirilməsi kimi açıqlamaları utopiyadan, geosiyasi avantüradan, süni gərginlik yaratmaqdan başqa bir şey de­yil.

Ermənistan rəsmilərinin belə qıcıq­landırıcı açıqlamaları onların İkinci Qa­rabağ müharibəsindən əvvəl “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni ərazilər naminə yeni müharibə”, “Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq”, “7 şərt” kimi bəyanatlarını xatırladır.

Ermənistan Azərbaycanla şərt dilin­də danışmağa çalışır. Ermənistan başa düşməlidir ki, onun gələcəyi Azərbay­can və Türkiyə ilə münasibətlərin nor­mallaşdırılmasından keçir. Buna görə, Ermənistan ərazi iddialarından, müxtə­lif narrativlər adı altında Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməli, Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir.

Dünya liderlərinə zənglərlə, özü­nü yalandan “demokratiya qalası” kimi qələmə verməklə, müxtəlif qətnamələrlə Ermənistan öz gələcəyini təmin edə bil­məz.

30 il ərzində Ermənistan suverenlik, ərazi bütövlüyü ifadəsini eşitmək belə istəmirdi.

Biz Ermənistanın siyasətində ardıcıl­lıq görmürük. Baş nazir bir şey deyir, di­gər rəsmilər tamam ayrı şeydən danışır. Gah deyirlər ki, Laçın yoluna BMT mis­siyası getməlidir, gah da deyirlər ki, yox, Ermənistan Laçın yolu ilə məşğul olma­yacaq. Gah deyirlər ki, 1991-ci il Almatı Bəyannaməsi iki ölkə arasında delimita­siyanın əsasını təşkil etməlidir, gah da iddia edirlər ki, anklav kəndlərin hüquqi əsası yoxdur. Gah da Ermənistan lideri BMT tribunasından deyir ki, Azərbaycan xəritədə bizə göstərsin ki, Ermənistanın əraziləri hansıdır.

– Qarabağda yaşayan erməni sa­kinlərlə təmaslar barədə nə deyərdi­niz?

– Qarabağda yaşayan erməni sa­kinlər son 30 ildə Ermənistanın və qa­nunsuz rejimin girovu olub. 30 illik işğal faktı bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa ha­zır olduğunu bildirib. Son vaxtlar xaric­dən ixrac olunmuş “Ruben Vardanyan” layihəsi ilə Qarabağda yeni reallığın yaradılmasına, vəziyyətin 1988-ci ilə gətirilməsinə, yeni status-kvonun yara­dılmasına cəhdlər edilirdi.

Bildiyiniz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Martın 1-də Xocalıda ilkin təmaslar aparılıb. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqla­malarının şahidi olduq. Lakin biz bu tə­masları davam etdirməkdə qərarlıyıq.

Bizim fikrimizcə, martın 5-də Ermə­nistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribat həm də erməni sakinlərlə təmaslara mane olmağa he­sablanıb. Biz Azərbaycanın suveren əra­zilərinə silah daşınmasını Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən təcavüz və terror siyasəti hesab edirik. Ermənistan nədən başqa ölkənin suve­ren ərazisinə silah-sursat göndərməkdə davam edir? Gərginliyə görə bütün mə­suliyyət Ermənistanın hərbi-siyasi rəh­bərliyinin üzərinə düşür.

Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi, beynəlxalq mexanizmin yaradılması ilə şərtləndirməsi tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Bu, faktiki olaraq İkinci Qarabağ mü­haribəsindən əvvəl “öz müqəddəratını təyin etmə”, “müstəqillik” nağıllarının indi başqa ad altında davam etdirilməsi anlamına gəlir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı zamanı vurğuladı ki, Ermənistanla sülh sazişinə Qarabağ məsələsi daxil edilməyəcək.

– Laçın yolunda yaranmış vəziyyət barədə nə deyərdiniz?

– Azərbaycanın Rusiya sülhməramlı­larının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarı­na etiraz olaraq dekabrın 12-dən bəri La­çın-Xankəndi yolunda vətəndaş cəmiy­yətinin nümayəndələri, ekofəallar aksiya keçirirlər. Cənab Prezidentin dediyi kimi, bu şərəfli bir missiyadır. Qarabağdan təbii sərvətlərimiz talan olunub gözümü­zün qabağında Ermənistana daşınırdı. Hansı suveren ölkə buna dözər?

Bu, dinc bir aksiyadır, ora qatılanların avtomatı, topu-tankı yoxdur və qanuni tələblər irəli sürürlər.

Amma Ermənistan indi də yeni bir narrativ ortalığa atıb. Guya Laçın yolu “blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “geno­sid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yük­lər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3600-dən çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?

Ermənistan bu tipli narrativlərlə bey­nəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbay­canın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ də var: “Qarabağ bütün dünyadan təc­rid olunub”. Bu adamlar başa düşmür ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt de­yil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur.

Hesab edirəm ki, 5 martda Ermə­nistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsin­də, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurul­ması labüddür. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi.

– Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız keçən il Qərbi Azərbay­can İcması yaratdılar. Bununla bağlı nə deyərdiniz?

– Qərbi azərbaycanlılar XX əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar. 1991-ci ildə qərbi azərbaycanlıların Er­mənistandan qovulması prosesi tam başa çatdırılıb. Ermənistanda bütün mədəni irsimiz dağıdılıb, mənimsənilib. Yalnız İrəvanda Göy Məscidi saxlayıblar, onu da fars məscidi kimi qələmə verirlər.

2020-ci ildə Qarabağ və Şərqi Zən­gəzurun işğaldan azad edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızı da ruhlandırdı. Onların qayıdış arzusu daha da gücləndi. 2022-ci ildə onlar təşkilatla­naraq Qərbi Azərbaycan İcması yaratdı­lar. Dekabrın 24-də Prezident İlham Əli­yev icma ilə görüşdə faktiki olaraq Qərbi Azərbaycan mövzusunu millətimizin yeni strateji hədəfi kimi müəyyən etdi.

İcma bu yaxınlarda qayıdış konsep­siyasını hazırlayıb. Onlar sülh yolu ilə öz dədə-baba torpaqlarına geri dön­mək, dinc yanaşı yaşamaq istəyirlər. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır. İcma həm də hesab edir ki, Qərbi Azərbaycana qayı­dış məsələsi Ermənistanın öhdəliyi kimi Azərbaycan-Ermənistan sülh müqavilə­sində təsbit olunmalıdır.

Ermənistanın qərbi azərbaycanlıların dinc qayıdışını özünün ərazi bütövlü­yünə təhlükə kimi görməsi bir daha onun qeyri-konstruktivliyini və etnik nifrət si­yasəti yürütdüyünü göstərir.

Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiya­nı əbədi olaraq davam etdirə biləcəklər. Bir şey aydındır ki, Ermənistan Azərbay­canın ərazi bütövlüyünü tanımasa və ya kağız üstündə tanıyaraq öz dağıdıcı əməllərini davam etdirərsə, o zaman Azərbaycan da rəsmi şəkildə Ermənis­tanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistan Azərbaycanın Qara­bağ bölgəsində yaşayan erməni sakin­lər üçün hansısa “status” tələb etməyə davam edərsə, o zaman Azərbaycan da Ermənistandan didərgin düşmüş qərbi azərbaycanlılara Ermənistanın status verməsi məsələsini qaldıracaq.

– Avropa İttifaqının (Aİ) Ermənis­tandakı missiyasına dair fikirlərinizi də almaq istərdik.

– 2022-ci ilin oktyabr ayında Praqa danışıqları zamanı razılaşdırılmış məqamlardan əlavə Aİ missiyasının mandatına yeni məqamların daxil edil­məsi bizim üçün gözlənilməz oldu və bu bizdə, açığı inamsızlıq yaratdı. Bundan əlavə, iki aylıq müddət bitdikdən sonra tələm-tələsik yeni missiya, özü də bu dəfə ikiillik müddətə təsis edildi.

Əlbəttə, Ermənistan öz ərazisinə nəinki Aİ-nin missiyasını, digər ölkələri də çağıra bilər. Amma Aİ missiyası Azər­baycanla sərhəddə yerləşdiyi üçün Azər­baycanın mövqeyi, narahatlığı nəzərə alınmalıdır. Özü də bu missiya iddia edildiyi kimi, mülki missiya deyil, onun tərkibində keçmiş hərbçilər, polis əmək­daşları yer alıb.

Bizim təxminlərimiz özünü doğrult­du. Ermənistan missiyadan sui-istifadə edir. Son vaxtlar Ermənistan ordusu şərti sərhəddə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin açıqlaması ilə yəqin ki tanış olmusunuz, orada deyilir ki, Er­mənistan bununla Azərbaycanı cavab atəşi açmağa təhrik edir. Məqsəd Aİ mis­siyasında yanlış rəy formalaşdırmaq və vəziyyəti süni olaraq gərginləşdirməkdir. Ermənistan düşünür ki, Aİ missiyasının gəlməsi ilə onun təhlükəsizliyi təmin olu­nub və indi diqqətini Qarabağda pozucu­luq əməllərini davam etdirməyə yönəldə bilər.

Biz hesab edirik ki, Cənubi Qafqaz regionu geopolitik rəqabət məkanı olma­malıdır.

Amma Ermənistan fərqli mövqedədir.

– Ermənistanın Kollektiv Təhlükə­sizlik Müqaviləsi Təşkilatı ilə münasi­bətləri gündən-günə soyuqlaşır.

– Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın əra­zilərini işğalda saxlamasına kömək et­məlidir. Amma həmin ölkələr Ermənis­tanın bu avantürist siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hör­mətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əs­lində bütün KTMT üzv ölkələrinin təhqir olunması idi.

Son vaxtlar Ermənistan öz ərazisin­də KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq Baş katibin müa­vini kvotasından imtina ediblər.

Hayastan Respublikası hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Və əsassız iddiaları qə­bul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər.

– Biz Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsində də maraqlı olmadığını görürük.

– Bəli, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-əqədər soydaşımızın taleyinin müəyyən­ləşdirilməsi üçün əməkdaşlıq etmir, on­ların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.

Bizim bu məsələdə Beynəlxalq Qır­mızı Xaç Komitəsinə də müəyyən sual­larımız var. BQXK itkin düşmüş azərbay­canlılarla bağlı demək olar ki heç bir iş görmür.

Bundan əlavə, BQXK-nın Xankəndi Ofisi hələ də Bakı Ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabe olmaqda davam edir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdi­rilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq.

Müsahibə