Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsi və Qax Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Qax rayonundan olan şair və yazıçılarla görüş keçirilib. Qax RİH başçısı Elvin Paşayevin də qatıldığı tədbirdə şəhid ailələri, rayon ziyalıları və ictimaiyyəti, xüsusilə mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışan ziyalılar iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli Qax rayonunda ilk dəfə belə geniş tərkibdə görüş keçirildiyini qeyd edib. Azərbaycanda həmişə saza, sözə, şair və yazıçılara dövlət qayğısı olub. Bu gün təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət uğurla davam etdirilir.
Bölmə sədri bildirib ki, bu gün yubileyi qeyd olunanlar arasında 65 yaşını tamamlayan Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar birliklərinin üzvü, tərcüməçi-jurnalist Giya Paçxataşvili də var. O, gürcü millətinin nümayəndəsi olmasına baxmayaraq, Azərbaycan dilini daha yaxşı bildiyinə görə ana dilimizdən digər dillərə şeirlər tərcümə edir. Mən onu həmişə böyük azərbaycanlı adlandırıram. İkinci yubilyarımız yazıçı-dramaturq, rejissor, şair, 70 yaşlı Osman Ümmandır. Bu məclisdə onun yenicə işıq üzü görmüş “Sev Qadını” şeirlər kitabını da oxuculara təqdim edirik. Üçüncü yubilyarımız 60 yaşlı Pərvanə Həşimova isə Tasmalı kənd tam orta məktəbində dərs hissə müdiri, tanınan ədəbiyyatçıdır. Dördüncü yubilyarımız isə 60 yaşlı Sevinc Sabirqızıdır, BDU-nun biologiya fakültəsini bitirməsinə və bu sahədə işləməsinə baxmayaraq, şeir yazmaq həvəsi onda uşaqlıqdan olub. “Bir kəndim vardı mənim” adlı ilk şeirlər kitabını bu gün oxucularımıza təqdim edirik.
Daha sonra yubilyarların həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edilib. Onların şeirlərinə bəstələnmiş mahnıların, qiraətçilər Sevinc Abakarova və Aytən Ziyadovanın ifasında şeirlərin səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.
Qax RİH başçısı Elvin Paşayev yubilyarları təbrik edərək Azərbaycanda həmişə söz adamlarına, şair və yazıçılara xüsusi diqqət və qayğının olduğunu vurğulayıb. Sonda yubilyarlara fəxri fərman və hədiyyələr verilib.
XQ

