Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi, özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan azərbaycanşünaslıq mərkəzi açılıb. Burada Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanışlıq, elmi müzakirələr və birgə layihələr həyata keçiriləcək.
Mərkəzin açılış mərasimində Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov bildirib ki, Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. Həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr etmiş və türkoloji elmin inkişafına mühüm töhfələr vermiş alimlərdən biridir.
Görkəmli alimin irsi Türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir.
Yeni türkoloji ocaq Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, fotomateriallar və müxtəlif tədris vəsaitləri ilə təmin olunub.
XQ

