“Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu müdrik sözlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, xüsusi qayğı göstərib.
Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilinin son əsrin 30 ildəki inkişafı öncə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərin, təxminən, üçdəiki hissəsi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə düşür. Ulu öndərin Azərbaycan dili və ümumiyyətlə, dil siyasəti, əsasən üç prinsip üzərində qurulmuşdur: demokratiklik, dəqiqlik və uzaqgörənlik, obyektivlik. Bundan başqa, Ulu öndərin dil siyasəti iki istiqamətdə özünü qabarıq şəkildə göstərir. Birincisi, milli dil sahəsindəki siyasət ilk gündən ana dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi, dünya meridianlarına çıxması ideyaları ilə bağlı olmuşdur. İkincisi, Heydər Əliyevin başqa dillərə münasibətdə yürütdüyü dil siyasəti öz demokratikliyi, uzaqgörənliyi və obyektivliyi ilə fərqlənir.
Ümummilli lider dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi. Təsadüfi deyil ki, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı mahiyyətcə, dövlətin gələcək inkişaf fəlsəfəsi haqqında strateji manifest idi. Prezidentin səsləndirdiyi fikirlər bugünkü dəyişkən mühitdə Azərbaycanın yeni siyasi və iqtisadi modelinin ideoloji əsaslarını formalaşdırır. Çıxışdan açıq şəkildə görünür ki, Azərbaycanın gələcəyi elm, bilik və milli ruh üzərində qurulmalıdır. Prioritet sahələrdən biri isə Azərbaycan dilinə qayğı, onun yad ünsürlərdən qorunması, milli kimliyimizə hörmət edilməsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına, Azərbaycan mediasının nümayəndələrinə geniş müsahibə verməsi çox dəyərli bir ənənənin davamıdır. Ötən ilə yekun vurmaq, yeni başlanan il üçün nəzərdə tutulanlar barədə fikir bölüşmək baxımından cənab Prezidentin bu müsahibələri xüsusi məna, müstəsna əhəmiyyət daşıyır. Aydındır ki, Prezident İlham Əliyevdən müsahibə almaq, ona suallar vermək hər jurnalistin arzusudur. İlin başlanğıc günlərində belə bir imkanı qazanmaq hər bir televiziya işçisinin ürəyindən idi.
Müsahibədən sonra televiziya və radio kanallarında, sosial mediada və saytlarda paylaşılan materiallar misilsiz reaksiyalar yaratdı. Dünya mətbuatında canlanan yazılar isə daha böyük maraq doğurdu.
Prezidentin jurnalistlərin suallarına verdiyi cavablara uyğun olaraq, xüsusilə, dil məsələləri ilə əlaqədar ölkəmizin müvafiq qurumlarında aparılan tədbirlərlə paralel Azərbaycan Milli Elmlər Akademiyasının da ayrı-ayrı strukturlarında akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər planının daxilində, təbii ki, Nəsimi adına Dilçilik İnstitutunun kollektivi – xüsusilə dilçi alimlər geri qalmır. İnstitutun direktoru professor Nadir Məmmədlinin mətbuata verdiyi açıqlamaları, televiziya və radio kanallarında, həmçinin müxtəlif saytlarda və sosial mediada olan çıxışları maraq doğurur.
Yanvar ayının 8-də adıçəkilən institutun direktor müavini Baba Məhərrəmlinin AZƏRTAC-a verdiyi müsahibə, konkret olaraq, Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuşdur.
Alimin sözlərinə görə, Azərbaycan xalqının genetik yaddaşını, milli stereotiplərini və etnik psixologiyasını yaşadan ana dilimizi qorumaq hər bir vətəndaşın, hər bir ziyalının mənəvi borcudur. Bu gün televiziya ekranlarında, mətbuatda, reklamlarda, afişalarda və ictimai iaşə obyektlərinin adlarında ədəbi dil normalarının pozulması yolverilməzdir. Televiziya aparıcılarının nitqinə nəzarət gücləndirilməlidir.
Bəzən televiziya verilişlərinin aparıcıları qardaş Türkiyə türkcəsinin orfoepiya normalarına uyğun tələffüzə yol verirlər (məsələn, filan əvəzinə falan, digər əvəzinə diyər). Hətta türk dilinin qrammatik formaları süni şəkildə Azərbaycan dilinə gətirilir (gəlib də, gedib də, gəldiyimdə və s.). Halbuki Türkiyə türkcəsi ilə Azərbaycan dilinin ortaq tarixi olsa da, hər iki dil müstəqil ədəbi dillər kimi formalaşıb və birinin elementlərini süni şəkildə digərinə köçürməyə ehtiyac yoxdur.
B.Məhərrəmli qeyd edib ki, Azərbaycan ədəbi dilinin saflığı problemi hələ yüz il əvvəl ziyalılarımızı düşündürürdü. Vaxtilə televiziya məkanında formalaşmış peşəkar diktor məktəbi bu sahədə etalon rolunu oynayırdı. Təəssüf ki, bu gün bəzi özəl kanallarda qeyri-peşəkar aparıcılar ədəbi dil normalarını pozur, süni dil elementləri yaradırlar. Halbuki, televiziya və radio dili cəmiyyət üçün nümunə olmalıdır.
Alim son illər bədii tərcümələrdə və film dublyajlarında da dilimizin leksik-semantik sisteminə zidd ifadələrin artdığını bildirib. Onun fikrincə, müxtəlif dövlət qurumlarında dilçi kadrların fəaliyyətinə böyük ehtiyac var və dövlət dilinin düzgün tətbiqinə nəzarət gücləndirilməlidir.
Azərbaycan xalqının milli varlığının, mənəvi irsinin və dövlətçilik ənənələrinin təməl daşı olan ana dili müasir dövrdə təkcə ünsiyyət vasitəsi deyil, həm də milli təhlükəsizlik və strateji özünümüdafiə məsələsidir. Prezident İlham Əliyevin dilimizlə bağlı səsləndirdiyi fikirlər bu sahədə yeni bir ideoloji yol xəritəsinin cızıldığını göstərir. Bu fikirləri “AZƏRTAC”-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova söyləyib.
Xədicə Heydərova dövlət başçısının bu konseptual yanaşmalarını təhlil edərək, dilin saflığının qorunmasının müstəmləkə təfəkküründən tam azad olmaq və gələcək nəsillər qarşısında mənəvi borc kimi qiymətləndirir. Prezident İlham Əliyev dili dövlətçiliyin ən mühüm atributu və milləti millət edən əsas amil kimi xarakterizə edir. Onun fikrincə, milli kimliyimiz birbaşa dilə bağlıdır; dil pozularsa, milli kimlik və dövlətçilik də təhlükə altına düşər.
Alim bildirir ki, dövlət başçısı xalqın əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, öz dilini qoruya bilməsini böyük tarixi nailiyyət və “xalqın böyüklüyü” kimi qiymətləndirir: “Prezident əcnəbi sözlərin dilə daxil olmasını “zənginləşmə” deyil, “pozulma” hesab edir. O, xəbərdarlıq edir ki, xarici kəlmələr milli kimliyi “damcı-damcı” sarsıdır. Dövlət başçısı Azərbaycan dilini dünyadakı 50 milyon azərbaycanlını birləşdirən ortaq dəyər kimi görür. Xaricdə yaşayan soydaşlarımızın ana dilini sadəcə “məişət səviyyəsində” deyil, mükəmməl dərəcədə mənimsəməsini strateji hədəf kimi müəyyənləşdirir.
İlham Əliyev dilin qorunması missiyasında əsas yükü jurnalist və ziyalıların çiyinlərinə qoyur; çünki geniş kütlələrə təsir edən efir məkanı dilin ən çox “sınağa çəkildiyi” və örnək təşkil etdiyi yerdir. Prezidentin bu fikirləri göstərir ki, onun dil siyasəti filoloji yanaşmadan daha çox, strateji və ideoloji mahiyyət daşıyır.
Müasir dünyada “qapalı məkanda yaşamağın qeyri-mümkünlüyünü” etiraf edən dövlət başçısı internet və sosial şəbəkələrin dilə təsirini bir növ “yumşaq güc”lə mübarizə meydanı kimi görür. Onun “Nə üçün mübarizə?” sualına verdiyi cavab, əslində, mədəni assimilyasiyaya qarşı bir müdafiə doktrinasıdır. Onun fikrincə, müsahibədəki “müstəmləkəçilik psixologiyasının fəsadları” ilə bağlı fikir olduqca dərindir. Dilin təmizlənməsi həm də təfəkkürün müstəmləkə qalıqlarından təmizlənməsi deməkdir.
Öz ana dilində danışmaqdan utanmaq və ya xarici dildə danışmağı “ağıllı görünmək” vasitəsi hesab etmək Prezident tərəfindən milli natamamlıq kompleksi kimi rədd edilir. “Əcdadlarımızın əmanəti” ifadəsi ilə İlham Əliyev dil məsələsini mənəvi bir borc müstəvisinə keçirir. Bu, gənc nəslə ötürülən bir mesajdır: müstəqil dövlətin vətəndaşı öz dilini müstəmləkə dövründəki atalarından daha yaxşı qorumalıdır.
Prezident İlham Əliyevin cavablarında maraqlı bir məqamla rastlaşırıq: “Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik. İkincisi, biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir, təkcə ona görə yox ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan eşitmişəm ki, doğrudan da çox zəngin və gözəl dildir. Mən düşünürəm və əminəm ki, Azərbaycan xalqı bu fikirləri tamamilə bölüşür. Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?”.
Prezident İlham Əliyevin nəinki dilçilərimiz, yazarlarımız, ümumiyyətlə xalq qarşısında qoyduğu məsələlər olduqca əhəmiyyətlidir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğu haqqında ideya istiqaməti bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi müasir siyasi baxışlara uyğun səviyyədə aparılır.
Prezident İlham Əliyevin ana dilinin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir. Ölkə rəhbərinin jurnalistə verdiyi cavabında deyilir: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır.
Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən.
Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən – istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm. Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var”.
Nəticə olaraq, İlham Əliyevin yanaşması Azərbaycan dilini sadəcə keçmişin mirası deyil, gələcəyin müstəqillik qarantı kimi təqdim edir. Bu, hər bir vətəndaşın, xüsusən də ictimai rəyə təsir edən şəxslərin üzərinə böyük məsuliyyət qoyur.
Fizuli MUSTAFAYEV,
AMEA-nın baş elmi işçisi, filologiya elmləri doktoru

