"Şüuraltı kölgələr"

post-img

Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” adlı psixodramatik tamaşanın premyerası baş tutub.

Qeyd edək ki, tamaşa 2025-ci ilin aprel ayından etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xalq teatrlarında, daha sonra isə Naxçıvan Dövlət Milli Dram Teatrında davam etdirilən “Aktyor məşqləri” layihəsinin yaradıcılıq nəticəsi kimi ərsəyə gəlib.

Layihənin ideya müəllifi İsmayıl Mirzəcanov, tamaşanın quruluşçu rejissoru və təlimçisi isə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərovdur.

“Şüuraltı Kölgələr” psixodramatik tamaşası Stella Adlerin “Təsəvvür və təxəyyül”, Vsevolod Meyerholdun “Biomexanika” və Konstantin Stanislavskinin “Sistem”i əsasında formalaşdırılan aktyor məşqlərinin səhnə həllinə çevrilməsi ilə hazırlanıb. Tamaşada insanın daxili aləmi, şüuraltı qorxuları, psixoloji gərginlikləri və daxili mübarizəsi plastik ifadə vasitələri və dramatik struktur üzərindən tamaşaçıya təqdim olunur.

Tamaşada iştirak edən gənc aktyorların fərdi və kollektiv plastik həlləri vahid bədii forma və ali məqsəd ətrafında birləşdirilərək dinamik, emosional və fəlsəfi səhnə dili yaradılıb. Söz və hərəkətin sintezi əsasında qurulan tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“Şüuraltı Kölgələr” tamaşası Naxçıvan teatr məkanında eksperimental və psixodramatik janrın inkişafına xidmət etməklə yanaşı, gənc aktyorların peşəkar səhnə təcrübəsinin formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilir.

XQ









Mədəniyyət