Naxçıvanda Xalq artisti Mənsum İbrahimovun yubiley konserti keçirilib

post-img

Naxçıvanda Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli xanəndə, professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.  

Konsert proqramında dövlət, hökumət rəsmiləri, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər, mədəniyyət və incəsənət xadimləri, Yazıçılar Birliyinin əməkdaşları və digər təşkilatlar, ziyalılar və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.

Əvvəlcə Xalq artisti Mənsum İbrahimovun həyatı və səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimovu 65 illik yubileyi münasibəti ilə təbrik edib, sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən söz açıb.  Görkəmli sənətkara Universitetin Elmi Şurasının qərarı ilə “Fəxri professor” diplomunun təqdim olunduğunu diqqətə çatdırıb. Elbrus İsayev yubilyara görüşdən xatirə plaketi və NDU-nun Konservatoriyasının “Qədim musiqi alətləri emalatxanası”nda hazırlanan qədim “Çovur” musiqi alətini hədiyyə edib.

Xalq artisti Mənsum İbrahimov  muğam sənətinin inkişafında və təbliğində göstərilən dövlət dəstəyindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Konsert proqramının bədii hissəsində tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədovun  müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artistləri Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova və həmin müsabiqənin laureatı Gülzar Fərəcovanın ifasında musiqi nömrələri dinlənilib. Eləcə də NDU-nun gənc və istedadlı müəllimləri zərb alətlərində Nəcəf Hacılı, nağarada Munis Əliyev və sintezatorda Səxavət Rəhimovun müşayiəti ilə sənətkar Mənsum İbarhimovun repertuarında yer alan xalq mahnıları və muğamlardan ibarət parçalar alqışlarla qarşılanıb. 

Tədbir çəçivəsində Naxçıvan ziyalıları adından çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, çıxış üçün Naxçıvan musiqiçiləri adından söz verilən Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədli Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək onun həyat və yaradıcılığından, muğamlarımızın inkişafındakı xidmətlərindən, yaratdığı ölməz obrazlardan söz açıblar.

Konsert proqramı sonda Xalq artisti Mənsum İbrahimovun təkrarsız ifası və tanınmış muğam ifaçıları ilə birgə səsləndirilən “Yaşa mənim xalqım” mahnısının sədaları altında yekunlaşıb. 

Səbuhi HƏSƏNOV

XQ

 

 









Mədəniyyət