“Altmışıncılar nəsrinin poetikası”

post-img

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası Azərbaycan ədəbiyyatında mühüm bir mərhələnin – 1960-1990-cı illər dövrünün bədii nəsrinin, xüsusilə də povest janrının elmi-nəzəri baxımdan dərin təhlilinə həsr olunmuş əhəmiyyətli tədqiqat əsəridir. Müəllif monoqrafiyada “altmışıncılar” kimi tanınan ədəbi nəslin yaranmasını, inkişaf yollarını, bədii-estetik prinsiplərini və Azərbaycan nəsrinə gətirdikləri yenilikləri sistemli şəkildə araşdırır.

Cahangir Məmmədli “altmışıncılar” anlayışını dövrün ictimai, mədəni və estetik reallıqları kontekstində təqdim edir, xüsusilə povest janrının bu dövrdəki inkişafını detallı şəkildə analiz edir. Monoqrafiyada müəllif ədəbi-tarixi və poetik analiz metodlarından istifadə edərək dövrün povestlərini təkcə mətn səviyyəsində deyil, həm də sosial-mədəni kontekstdə təhlil edir. Professor altmışıncıların yaradıcılığını sovet ideologiyası çərçivəsindəki ziddiyyətlər fonunda dəyərləndirir və onların yazı üslubunda bu ziddiyyətlərin necə poetik ifadə tapdığını göstərir.

“Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası Azərbaycan ədəbiyyatında mühüm mərhələlərdən birinin – sovet dövrünün son otuz ilində formalaşan yeni bədii düşüncə tərzinin sistemli və obyektiv tədqiqinə mühüm töhfə verir. Cahangir Məmmədlinin bu əsəri, yalnız ədəbi tənqid və elmi araşdırma üçün deyil, həm də Azərbaycan ədəbiyyatını öyrənən tələbə və müəllimlər üçün qiymətli bir mənbədir.

Nəfis tərtibatlı monoqrafiya “Mumta Yayımları”nın nəşridir. Kitaba AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov və dosent Ələmdar Cabbarlı rəy verib.

XQ

Mədəniyyət