Bakıda növbəti kitab bayramı

post-img

Dünən Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlanıb. Elmlər Akademiyasının parkında reallaşacaq festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunacaq.

Təntənəli açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, qardaş ölkələr arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən bəhs edib. Xalq yazıçısı əsrlər boyu kitabın insanların ilk və ən yaxın sirdaşına çevrildiyini, onun yetişməsində, kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşündə, hərtərəfli inkişafında əvəzsiz rol oynadığını bildirib. AYB sədri festivalın əsas məqsədinin iştirakçılar arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, insanların kitaba marağını daha da artırmaq olduğunu söyləyib, tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara təşəkkür edib.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli festivalın türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Milli Məclis Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva isə Türk dünyasının ədəbi zənginliyindən danışıb, festivalın türk tarixi və mədəniyyətinin təbliğinə xidmət etdiyini diqqətə çatdırıb.

Beynəlxalq Türk Akademiyasının təmsilçisi Aynur Mayemerova, millət vəkili Elçin Mirzəbəyli çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar. Festivalın açılış günü Qırğızıstan ədəbiyyatına həsr edilib. Sərgi ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Azərbaycanın Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və digər qurumların təşkilati dəstəyi ilə keçirilən festival mayın 31-dək davam edəcək. Bir həftəlik kitab bayramında şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan məclislər də təşkil olunacaq. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim ediləcək.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət