Yeni əsrdə informasiya texnologiyalarında baş verən sürətli dəyişikliklər dünyada sosial, iqtisadi və mədəni sahələri də əhatə etməsi ilə diqqət çəkir. Bu qaçılmaz texnoloji mənzərələr mədəniyyət sferasından kənarda çox solğun görünərdi. Buna görə də hazırda inkişaf etmiş və edən ölkələrdə mədəni mirasın müasir texnoloji-kiber vasitələrin köməyi ilə qorunması və gələcək nəsillərə etibarlı çatdırılması zərurətinə ciddi önəm verilir.
Bəs Avropa və Asiyanın qovuşuğunda yerləşən, minillikləri əhatə edən zəngin tarixi və mədəni irsi olan Azərbaycanda bu sahədə vəziyyət necədir? Doğrudur, idarəetmədə, iqtisadiyyatda, ekologiyada – “yaşıl” ətraf mühit yaradıcılığında, onlayn-distant təhsildə böyük uğurlar qazanılır. “Ağıllı” texnologiyalar, robot texnikaları və s. bacarıqla tətbiq olunur. Amma hələlik nağıl və dastanlarımız, digər folklor nümunələrimiz, xalq və klassik musiqimiz, teatr və kinomuz sənayeləşmə dalğalarında etibarlı təkamül mərhələsindən, radikal dəyişikliklərdən uzaqdır. Mədəniyyət sahələrində elektron platformalar, resurslar yox dərəcəsindədir. Bu vacib transformasiya, yumşaq desək, ləngiyir.
Bir zamanlar səhnə və ekran milli mədəniyyətimizin yeganə aynası idi. Orada xalq özünü tanıyır, ağlayır, gülür, dərdini və arzusunu ifadə edirdi. Amma bu gün o ayna, sanki, dəyişən dünyanın ritmini tutmaqda çətinlik çəkir. Yeni yanaşmalar gərəkdir. Mirzə Ələkbər Sabirin sözü olmasın, “Əcnəbi göydə balonlarda gəzir, biz hələ...”
Milli mədəniyyətin virtual mühitdə ifadəsinin çox az gözə çarpması düşündürücüdür. Niyə də qədim əlyazmalar, musiqi nümunələri, teatr tamaşaları və sənət əsərləri rəqəmsallaşdırılmasın, ya da müasir, keyfiyyətli formatda təqdim edilməsin? Uzağa getməyək, YouTube, Spotify, Netflix kimi platformalara baxaq: Azərbaycan mədəniyyətinə dair kontentlər çox zəif yüklənib, cüzi saydadır. Əsryarımlıq yaşı olan milli teatrımızın hamamı da, tası da çoxdankı deyilmi? Kökə bağlılıq, ənənəyə sadiqlik yaxşı haldır, amma sabaha da boylanmaq lazımdır, axı. Hanı yeni dramaturgiya, repertuar, çağdaş canlanma? 44 günlük Vətən müharibəsində Böyük Zəfərdən sonra sərhədlərimizdən o üzə aşa bilən sənədli dram janrında pyeslər yoxdur, immersiv (psixoloji ruhi hissi axın da demək olar) tamaşalar azdır. Kinomuzda müstəqil çəkilən, bir növ məhdud auditoriya üçün nəzərdə tutulan filmlər – “art-haus”lar varmı? Sonra da gileylənirik ki, dəbdəbəli premyeraları saymasaq, teatra, kinoya gedən yoxdur, tamaşaçı sayı azdır... Bəlkə də gənc yazarların, rejissorların önə çıxması üçün sistemli təşviqi gücləndirmək lazımdır.
Yeri gəlmişkən, inişil ölkəmizdə ədəbiyyat, teatr, kino forumları keçirilib, işgüzar müzakirələr aparılıb. Təkliflərin, təşəbbüslərin ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” strateji Dövlət Proqramında əksini tapacağı bildirilib. Müsbət nəticələrin olacağına ümid edirik.
Bir məsələ də var ki, müasir texnologiyalara təqdiredici meyil göstərən gənclərimizin arasında klassik mədəniyyətə maraq azalıb. Çünki muğam, aşıq sənəti, xalq oyunları və s. yeni nəsillər üçün cəlbedici formada təqdim olunmur. Ənənəvi mədəniyyətin çağdaş formalarla (rəqəmsal incəsənət, installasiya, elektron musiqi) sintezi zəifdir. Ən yaxşı səviyyədə olsa belə, incəsənət nümunələri ən müasir, modern texnologiyalara uyğunlaşdırılmalıdır ki, intellektual ictimai maraq kəsb edə bilsin. Mədəniyyət Nazirliyinin alqışalayiq təşəbbüsləri olur – danmaq insafsızlıqdır – amma istifadə edilən köhnə texnologiyalar, konseptual yanaşmanın zəifliyi fonunda bunlar bəzən fraqmental və təsirsiz görünür.
Əlbəttə, demək olmaz ki, bizim milli kinomuz inkişaf etməyib. Kinomuzun təşəkkül tapdığı vaxtdan ötən 127 ildə çoxsaylı gözəl bədii filmlərimiz olub, hətta dünyanı gəzənləri də var. Elə indi də sanballı ekran əsərləri yaranır, bunlardan beynəlxalq festivallarda təqdir olunanları da az deyil. Amma hələ kommersiya və festival uğuru arasında gərəkli balans tapılmayıb, rəqəmsallaşma istənilən səviyyədə deyil. Müstəqil filmlər maliyyə çatışmazlığından əziyyət çəkir. Dövlət sifarişləri üzrə çəkilənlər çox vaxt sənətkarlıq baxımından keyfiyyətsiz olur. Sözsüz ki, gənc yazarların, rejissorların önə çıxması üçün sistemli təşviqi gücləndirmək lazımdır.
Yeri gəlmişkən, 5 ilə yaxın vaxt keçsə də, etiraf edək ki, “Dəmir yumruq” qüdrətini dünya səviyyəsində əks etdirən film çəkilməyib. Doğrudur, dövlət səviyyəsində bununla bağlı lazımi tapşırıqlar verilib, lakin hələ də ortada ciddi iş gözə dəymir. Amma məğlub Ermənistan kinematoqrafçılarının Qarabağ mövzusunda filmləri (hadisələri öz xeyirlərinə təhrif etsələr də) Kann festivalına qədər gedib çıxıb. Görünən budur ki, onlar reklamı daha yaxşı bacarırlar, müasir texnoloji imkanlardan daha səmərəli bəhrələnirlər. Bizsə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərin qanlı izlərini, onların faşist vandalizmini çəksək də, dünyada təbliğ edə bilmirik. Buna bir səbəb beynəlxalq kino gildiyaları ilə əməkdaşlığın zəifliyidirsə, digər səbəb, əlbəttə, elə rəqəmsallaşmanın, elektronlaşmanın da lazımi səviyyədə olmamasıdır.
İstəsək də-istəməsək də, dünya yeni mərhələyə daxil olub. Ayaqlaşmaq üçün, milli-mədəni miraslarımızı “korroziya” və “erroziya”ya məruz qoymamaq üçün rəqəmsal arxivləşdirməni adi normaya çevirməliyik. Çünki bu, sabaha aparan ən etibarlı körpüdür. Yönsüz keçid isə dirçəliş hədəfli, uğur amallı ola bilməz.
Ə.DOSTƏLİ
XQ