Zeydulla Ağayev – 80
Ömrünün 69-cu ilində haqqın dərgahına qovuşmuş yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev yeri görünən vətənpərvər ziyalılarımızdandır. Onun istedadını, zəhmətsevərliyini təkcə ölkəmizdə deyil, geniş ədəbi əlaqələr qurduğu xarici həmkarları da yüksək qiymətləndirirdilər.
1989-cu ildə Zeydulla müəllim ABŞ-da uzunmüddətli elmi-pedaqoji ezamiyyətdə olarkən dünya şöhrətli azərbaycanlı Ayzek Əzimov, eləcə də Artur Heyli, Stiven Kinq kimi yazıçılarla sıx ünsiyyətdə olmuşdu. Zeydulla müəllim görkəmli fantast yazıçı Ayzek Əzimovun Nyu-Yorda qonağı olmuş, ondan maraqlı müsahibə də götürmüşdü. Ayzek Əzimov Zeydulla müəllimə əslən Azərbaycanın Quba rayonundan olduğunu söyləməklə həmyerlimiz olduğunu özü bir daha təsdiqləmişdi.
Azərbaycan–ABŞ ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı kimi və bu sahədə xidmətlərinə görə Zeydulla Abdulla oğlu Ağayev Luiziana ştatının fəxri vətəndaşı adına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyətdə olan alim 2 il Vaşinqton və Kaliforniya universitetlərində çalışaraq ciddi elmi araşdırmalar aparmışdı. Soydaşımız dünya ali təhsil ocaqları arasında yüksək reytinqə sahib olan Los-Anceles Universitetində mühazirələr oxumuşdu.
Zeydulla müəllim Allahın ona bəxş etdiyi istedadla yanaşı, səmimi, qədirbilən, dostcanlı, alicənab ziyalı idi. Heç vaxt başqalarına əlindən gələn köməyi əsirgəməzdi. Sanki, Allah-təala onun çöhrəsini nura, qəlbini mərhəmət və sevgiyə qərq etmişdi. Bir dəfə Nəriman Həsənzadə ilə Zeydulla müəllim haqqında söhbətimizdə Xalq şairi demişdi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi. Abbas Səhhətin "məsləkim – tərcümeyi-halımdır" məşhur deyimi Zeydulla Ağayevin də varlığına biçilmişdi.
Azərbaycanın adını onun hüdudlarından uzaqlarda ucaldanlardan olan Zeydulla Ağayev 80 il əvvəl Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı o da Şır-şır bulağın dişgöynədən suyundan içmiş, yaşıdları ilə Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Oradan palıd meşələrini, qıvrıla-qıvrıla axıb dənizə can atan Viləşçayın gözoxşayan mənzərələrini seyr etmişdi. Bəlkə də elə o vaxtdan dünyaya çıxmaq arzusu yaranmışdı onda.
Masallı şəhərində orta təhsilini başa vurandan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub, ali təhsilini 1968-ci ildə uğurla bitirmişdi. Doğma təhsil ocağında 15 ilədək çoxtirajlı “Bilik” qəzetinə redaktorluq etmişdi. Sonrakı 10 ildə tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, professoru olmuş, elmi işlər üzrə prorektorluğa qədər yüksəlmişdi. Daha sonra o, Azərbaycan Universitetində kafedra müdiri vəzifələrində çalışmışdı.
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü olan Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi. Bu əsərlərdə yazıçının toxunduğu məsələlər indi də öz aktuallığını itirməyib.
Orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Yazıçı-tərcüməçi bu sahədə də uğurlara imzasını atmış, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, Elton Sinkler, Con Sommerfild, Artur Heyli kimi dünya şöhrətli yazıçıların roman, povest və hekayələrini dilimizə çevirərək nəşr etdirmişdi. Tanınmış ABŞ yazıçısı Artur Heylinin 1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən tərcümə edilmiş ilk əsər olmuşdu.
Zeydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını da (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etmişdi. Tərcümədən söz düşəndə deyərdi ki, tərcüməçi əsər müəllifinin tale ortağıdır. Müəllif tərcüməçiyə də şöhrət gətirir, tərcüməçi isə əsərə yeni oxucular qazandırır.
Bədii ədəbiyyat tərcüməsində kamilləşən Zeydulla müəllim Azərbaycan yazıçılarının da hekayə və pyeslərini ingilis dilinə çevirərək “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003) adı ilə kitab halında çap etdirmişdi. Bu topluya İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindən nümunələr daxil edilmişdi. Erməni millətçiliyinin iç üzünü tutarlı faktlarla ifşa edən Samyel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabı (Bakı, Azərnəşr, 2004) professor Zeydulla Ağayevin təşəbbüsü və rəhbərliyi ilə ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş və MDB məkanında geniş yayılmışdı.
20 il əvvəl Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərilmişdi. Bu səhnə əsərini tamaşaçılar və teatr mütəxəssisləri rəğbətlə qarşılamışdılar. “Haray” tamaşası İkinci Dünya müharibəsinə həsr olunsa da, xalqımızın Qarabağsız çağları ilə səsləşirdi. Əsərin “Qara bağrımız nə vaxt nicat tapacaq?” - deyə haray çəkən qadın qəhrəmanı, sanki, igid oğullarımızı erməni faşizminin işğalı altında olan Qarabağı azad etməyə çağırırdı... Müəllif həmin səhnə əsərində baş verən hadisələrin Qarabağın taleyi ilə səsləşməsinə məharətlə nail olmuşdu.
45 yaşı olanda “Qala” qəzeti üçün aldığım “Dünya vaxt girincidir” adlı müsahibəni belə bir sualla başlamışdım: “Dünyanın düz vaxtı” kitabının müəllifi dünyanın əndişəli çağında nə fikirləşir?”. Zeydula müəllim cavabında demişdi: “Dünya yaranandan düz vaxtı olmayıb! Hətta tarixçilərin dediyinə görə, müharibəsiz, qansız-qadasız dünya cəmi-cümlətanı 280 gün “ömür” sürüb. Dünyanı əndişəli eləyən insandır. İnsan yer üzünün məhsuludur. Yer üzü nahamardır, girintili-çıxıntılıdır. İnsan da öz təbiəti etibarı ilə yer kürəsinə bənzəyir. Baxın, kosmosu insan kəşf edir, yerin təkini insan öyrənir, gəl ki, heç vaxt özünü öyrənib qurtara bilmir və görünür bilməyəcək də... Bir mahnıda deyildiyi kimi: Dünya köhnə dünyadı... Təzələnənsə insanlardı, yaşayış tərzimiz, sosial qayğılar, ədəbi mühitimiz, maddi və mənəvi durumumuzdu”.
Zeydulla müəllimin vaxtsız ölümü hamını, o cümlədən, onun alim dostlarını, dərs dediyi tələbələri, qohum-qardaşını, ən çox da ailəsini yandırıb-yaxdı. Tələbəsinin ölüm xəbərindən sarsılan görkəmli ədəbiyyatşünas, professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə yazmışdı: “Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir.”
Zeydulla müəllimin tələbəsi olmuş tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli isə yazır ki, belə bir şəxsiyyətin Azərbaycan ədəbiyyatı, tərcümə sənəti, elmi qarşısında böyük xidmətlərini heç kəs dana bilməz... Təbii, insan o zaman unudulur ki, onun özünü və əməllərini xatırlayan kimsə olmasın.
Bu günlərdə Nizami Kino Mərkəzində mərhum professor Zeydulla Ağayevin 80 illik yubileyi ilə əlaqədar “İntizarın səssiz sədası” adlı xatirə gecəsi keçiriləcək. Əminik ki, mübarək Ramazan günlərinə təsadüf edən xatirə gecəsi professor Zeydulla Ağayevin ölməz ruhuna töhfə olacaq.
Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist