Dilimizin ətir saçan sözləri

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu əməkdaşlarının “Azərbaycan dilinin böyük frazeoloji lüğəti” çap olunub.

Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, mərhum professor Bayram Əhmədov və baş elmi işçi Nəriman Seyidəliyevin müəllifləri olduqları lüğət institutun Elmi şurasının qərarı ilə çap olunub. Toplunun elmi redaktoru professor Nadir Məmmədli, redaktorları professorlar İsmayıl Məmmədli, Sevinc Əliyeva və dosent Gülarə Əmirova, rəyçilər isə professorlar Sevil Mehdiyeva, Gülnarə Sadıqova, Abbas Abbasov, dosentlər Fidan Salayeva, Amil Cəfərov və Aqil Cəfərovdur.

Ana dilimizin bu yeni frazeoloji lüğətindən orta və ali məktəb müəssisələrində, kurslarda, tədqiqatlarda dəyərli bir vəsait kimi istifadə oluna bilər. Bununla yanaşı, frazeologiyalar toplusu geniş oxucu kütləsi üçün də faydalıdır.

Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. 20 min 500-ə qədər frazeoloji vahidin izahının verildiyi lüğət “Elm və təhsil” nəşriyyatında çap olunub.

XQ

Mədəniyyət