Çox ağırdı, şərəflidi bizim döyüş yolumuz,
Düşməndi sağ-solumuz,
Yenə də heç qorxmayırıq,
Mübariztək oğullardı bizim simvolumuz.
Bu misraların müəllifi Vətən müharibəsi şəhidi Orxan Ömərovdur. Şərəfli ölümündən sonra qohumlarının təşəbbüsü ilə haqqında çap olunan “Şəhid şair” kitabındakı şeirdən seçdiyimiz bu bir parça belə onun necə vətənpərvər oğul olduğunu göstərir.
Orxan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsəd aparırdı, onun şərəfli döyüş yolunu özünə örnək seçmişdi. Özü də bilmədən həmin taleyi yaşadı və şəhadətə ucaldı.
Bacısı Albina Ömərova deyir ki, Orxan qohum-qardaşın, dostlarının toy və digər şənliklərinin bəzəyi idi, bədahətən meyxana və şeir deməyi bacarırdı. Amma o bütün bunlara bir həvəs kimi baxırdı, əsas arzusu vətənə qulluq etmək idi.
Qubanın Qonaqkənd qəsəbəsində doğulan Orxan Ömərov 2013-cü ilin mart ayından Daxili İşlər Nazirliyinin Zaqataladakı Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmətə başlayıb. Vətən müharibəsi başlananda xüsusi təyinatlı hərbi hissənin çavuşu kimi ön cəbhəyə yollanıb. Əsasən, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Daşaltı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Neçə erməni əsgərini əsir tutub, müqavimət göstərənlərini yerindəcə məhv edib. Cəbrayılda yaralansa da, yenidən döyüş mövqelərinə gedib, zəfər yürüşünü davam etdirib. Orxan atıcı çavuşu olduğu qoşun növünə də şeir həsr edib:
Qoru öz millətini, dövlətini, bayrağını,
Bitsin torpaq həsrəti, dağıt bu qəm dağını,
Qarabağda dalğalandır üçrəngli bayrağını
Varlığını eylə bəyan, ey xüsusi təyinatlı,
Səni qorusun yaradan, ey xüsusi təyinatlı!
2020-ci il noyabr ayının 7-də, ermənilərin kapitulyasiyasına 3 gün qalmış Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Orxan atasını uşaqlıqdan itirib, anasının yeganə oğul övladı, 2 bacının tək qardaşı idi.
Vətən yolunda canını əsirgəməyən Orxan Ömərov 2020-ci il noyabr ayının 11-də Qonaqkənddən olan digər şəhidlər - Sadiq Azayev və Cəmil Məmmədovla eyni qəbiristanlıqda torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əcəl öz nəfsini çəkib üstümdən,
Kədər libasını söküb üstümdən.
İllərin dərdini töküb üstümdən
Qaçıram həyatın xoş tərəfinə...
Amma torpaq həvəsli, şair nəfəsli Orxanı Əzrayıl gözündən qaçırmadı. Ondan yadigar, isti, həzin xatirələri, bir də şeirləri qaldı.“Ana can” şeirində bu müqəddəs varlığa sevgilərini, görün, necə sadə dillə ifadə edib:
Məni əzizləmisən, hər an qayğıma qalmısan,
Gecələr yatmamısan, sübhəcən layla çalmısan.
Ağarıb qara saçların, nə yaman qocalmısan?
Mən böyüdüm, sənisə qocaltdı dövran, anacan!
Kim istəyər ki, həyatda tez itirsin anasın?
O canından çox istəyir axı körpə balasın.
Mənim ömrümdən kəsib sənin ömrünə calasın
Ömrünü uzun eyləsin xaliqi-sübhan, anacan!
Vermərəm zərrə aman ürəyinə dərdlər salasan,
Oğul olmam o zaman gözləri yaşla dolasan,
Hələ mən ölməmişəm, ay ana, tənha qalasan,
Qoymaram gözlərində yurd sala hicran, anacan!
Anası Rəna xanım deyir ki, balam bu vədinə xilaf çıxdı. “Vətəni ana qədər sevdi və bu uğurda canını qurban verdi. Həmişə Orxanımla fəxr eləmişəm. Çətindir. Mən onun yoxluğu ilə deyil, varlığı ilə yaşayıram. Müharibədən əvvəl bir dəfə Zaqatalaya onun yanına getmişdim, Əsli xalanın evində kirayə qalırdı. Elə bilirəm ki, Orxanım yenə də ordadır...”
Şəhid şairi mübarək Ramazan günlərində yad edirik. Bu yerdə onun “Oruc tutsun ki, vacidbir” rədifli qəzəlini yada salmamaq olmur. Həmin qəzəldən bir neçə beyt:
Kimin sağlamdırsa canı, oruc tutsun ki, vacibdir,
Nə qədri vardır imkanı, oruc tutsun ki, vacibdir.
Ramazanda yatan varsa, əziyyət çək, çağır gəlsin,
Dəyərləndirsin hər anı, oruc tutsun ki, vacibdir.
Günahım var hüzurunda, ər Rəhmani-Rəhim Allah,
Qalib et ki nəfsə Orxanı, oruc tutsun ki, vacibdir.
Dostu Balayar Aslanovun dedikləri: “Orxan gözəl dost idi, hər kəsə can yandırırdı. Mənim toyumdan əvvəl gəlib evimin təmirinə kömək elədi ki, izi qalsın... Onu tanınmış şair kimi görəcəyimizə inanırdıq. O isə çox erkən olaraq şəhid şair kimi əbədiyyətə qovuşdu. Daim qəlbimizdədir”.
Ə.DOSTƏLİ
XQ