Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib

post-img

Dekabrın 19-da parlamentdə Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib.

XQ xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Milli Məclis Aparatının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndələri, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının rəhbərləri, Qida Təhlükəsizliyi Agentliyinin, Gəncə Dövlət Aqrar Kollecinin və digər əlaqədar qurumların əməkdaşları iştirak ediblər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahədə həyata keçirilən layihələrin, görülən işlərin əhəmiyyəti, əldə olunan nailiyyətlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafı barədə danışıb. O, bu sahədə kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rolu barədə fikirlərini bölüşüb.

Sonra tədbirdə ADAU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov slaydların müşayiəti ilə bu universitetin ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında rolu, maddi-texniki bazası, bu təhsil ocağının inkişaf strategiyası, orada təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi sahələrində görülən işlər, mütərəqqi modellərin tətbiqi, ADAU və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən ikili diplom proqramının uğurları barədə geniş məlumat verib. Rektor universitetin beynəlxalq rəqabətliliyinin artırılması, orada beynəlxalq təcrübəli alimlərin elmi seminarlarının keçirilməsi, aqrar sahədə aparılan elmi tədqiqatların əhəmiyyəti, universitetin nəzdindəki Gəncə Dövlət Aqrar Kollecinin kadr hazırlığı sahəsindəki fəaliyyəti barədə danışıb.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək, ADAU-nun yaranma tarixi, onun keçdiyi inkişaf yolu, universitetin potensial imkanları və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu təhsil ocağına ölkəmizdə aqrar sahədə kadr hazırlığı işində uğurlar arzulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqraryönümlü ali təhsil müəssisələrinin ölkəmiz üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir müavini bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin ADAU ilə sıx əməkdaşlığı, ərzaq təhlükəsizliyinin təmin olunmasının önəmi, ölkəmizdə digər universitetlərdə kənd təsərrüfatı üzrə kadr hazırlığı ilə məşğul olan fakültələrin əhəmiyyəti barədə danışıb.

Mövzu ərafında aparılan müzakirələrdə çıxış edən Milli Məclisin deputatları Fariz İsmayılzadə, Fatma Yıldırım, Razi Nurullayev, Jalə Əliyeva, Mehriban Vəliyeva, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Aydın Hüseynov, Naqif Həmzəyev, Əkinçilik Elmi-tədqiqat institutunun direktoru Faiq Xudayev, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova rəy və təkliflərini səsləndiriblər.

Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova tədbirdə səsləndirilən fikirlərə münasibətini bildirib.

İctimai dinləməyə yekun vuran komitə sədri Tahir Rzayev bu tədbirin aqrar sektorda ixtisaslı kadrların hazırlanmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

İqtisadiyyat