Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.
Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli” olan 2025-ci il də uğurlarla və qürur mənbəyi olan hadisələrlə zəngin keçdi. Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü inamla deməsi, milli maraqların ardıcıl şəkildə müdafiəsi və ölkənin dünya tərəfindən sülhsevər və güclü bir dövlət kimi qəbul olunması məhz Sizin siyasi iradəniz nəticəsində reallaşmışdır.
Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyinin qeyd olunduğu bu il Azərbaycan xalqının yaddaşına bir sıra mühüm uğurlarla həkk olundu. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, müxtəlif ölkələrin dövlət başçıları ilə keçirilən mühüm görüşlər, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı üçün atılan addımlar və s. bu uğurlara nümunədir.
Diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işləri də xüsusi qeyd etmək istərdik. Belə ki, xarici ölkələrdə yaradılan yeni həftəsonu məktəbləri gənclərimizin milli ruhda yetişdirilməsində mühüm rol oynamışdır. Diaspor nümayəndələri və digər qurumlarla birlikdə təşkil olunan mədəni proqramlar və digər tədbirlər müxtəlif xalqların Azərbaycan mədəniyyəti və reallıqları barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratmış, ölkəyə marağı artmışdır. Bütün bunlar məhz Sizin xaricdə yaşayan həmvətənlərlə bağlı siyasətinizin bəhrələridir.
Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-ci ilin də zəfər, sülh, nailiyyət, firavanlıq ili kimi yadda qalmasını diləyirik.
Hörmətlə,
Ben Sion Şmoelov
İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin
Mədəniyyət Mərkəzinin rəhbəri

