“İmarət”– dünənə ehtiram, sabaha inam abidəsi

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması qərara alınıb.

Xatırladaq ki, Qarabağ işğaldan azad olunandan sonra xarici mütəxəssislərin iştirakı ilə bu ərazilərdəki digər tarixi-mədəni və dini abidələrlə yanaşı, “İmarət”də də restavrasiya və arxeoloji tədqiqat işlərinə start verilmişdi. Vəhşi erməni vandalizminə məruz qalmış kompleksə, o cümlədən Pənahəli xanın imarətinə, İbrahimxəlil xanın türbəsinə və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinə də ikinci həyat bəxş edilməyə başlamışdı. Ötən il sentyabrın 19-da isə dövlətimizin başçısı XVIII əsrə aid olan bu tarixi kompleksin bərpadan sonra açılışında iştirak edib. İndi isə 20 fevral 2025-ci il tarixli sərəncamla burada “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması rəsmiləşdi.

Qarabağın mərkəzində yerləşən, adının mənası günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev olan Ağdam özünün XIV–XVII əsrlərdən soraq verən Üzərliktəpə, Qutlu Musa oğlu günbəzi, Xanoğlu və digər türbələri, Şahbulaq qalası, daş abidələri, qədim məscidi ilə bərabər, Pənahəli xanı və nəslinin imarəti ilə məşhur bir diyardır.

Azərbaycanın 3 əsrlik yaşı olan tarixi incisi – “İmarət” kompleksi xan nəslinin ilk mülklərindəndir. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və burada müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları “İmarət” kompleksində yerləşir. Şöhrətli xanların nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər.

Kompleksin ərazisi 3,3 hektardır. Bura imarət, türbələr, qəbiristanlıq və mərasim yerləri, eləcə də Qarabağ atlarının təqdimatı və satışı üçün atçılıq parkından ibarətdir. 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb.

Qarabağ tarixinin bir çox məqamları barədə jurnalist tədqiqatlarının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev tarixi mənbələri araşdırmaqla “İmarət” barədə yazılıb-deyilənlərə xeyli dürüstlük gətirib:

– “İmarət”in ərazisi orta əsrlərdən Cavanşirlər nəslinə məxsus olub. Nadir şah öləndən sonra Qarabağa qayıdan Pənahəli ata mülkündə müxtəlif bağlar saldırıb. Bunlardan biri onların nəsil qəbiristanlığı olan ərazidəki “Barlı bağ” olub. Xan bu bağın məhsulunu ehtiyacı olanlara payladarmış. Şuşadan tez-tez Ağdama enən xan burada da özünə bir iqamətgah tikdirir və bu tikili xan sarayı, xan imarəti adı ilə tanınır.

Ata-babaların xatirəsini əziz tutan Pənahəli vəsiyyət edir ki, öləndə onu bu halal mülk yerlərində, ulu babalarının məzarlığında dəfn etsinlər. Beləliklə, bu yer Cavanşirlər nəslinin yeni məzarlığı kimi ikinci həyat qazanır. İlk türbədə Pənahəli xan, ikinci türbədə İbrahim xan, üçüncüdə isə Mehdiqulu xan dəfn olunub. Xan qızı Natəvan da ata-babaları kimi, məhz burada torpağa tapşırılmasını vəsiyyət edib və atasının türbəsinin yanında dəfn edilib.

Həmkarımızın dediyinə əlavə olaraq qeyd edək ki, “Cıdır düzü” şuşalılar üçün nə olubsa, “İmarət” də ağdamlılar üçün həmişə eyni dəyər daşıyıb. Lakin mənfur qonşularımız 1993-cü il iyulun 23-də gözəlliklər diyarının böyük hissəsini işğal edərək yaman günə qoymuşdular. 27 il sonra Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan tamamilə düşmən tapdağından azad olundu. Son 4 il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdama səfər edərək, həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olub, bir çox açılış və mərasimlərində iştirak edib, “İmarət” tarixi kompleksinə də baş çəkiblər. Elə bir neçə gün əvvəl dövlətimizin başçısı və xanımı Qarabağa növbəti səfərlərində Ağdamda da sosial layihələrin həyata keçirilməsi ilə tanış olublar.

Dünən isə, möhtərəm Prezidentimiz Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə sərəncam imzalayıb. Bu sənədlə Nazirlər Kabinetinə muzey kompleksinin və oraya daxil ediləcək digər dövlət əmlakının Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Ağdam İmarət Kompleksi artıq ötən ildən ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər buradakı park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilirlər. Yeni sərəncamla isə artıq “İmarət” tarixi kompleksi yeni və daha böyük statusla fəaliyyət göstərəcək, “İçərişəhər”, “Şirvanşahlar”, “Naxçıvanqala”, “Şəki xan Sarayı” kimi, beynəlxalq turizm xəritələrində layiqli yerini tutacaq. Yenə də burada şöhrəti dünyanı dolaşan Qarabağ atlarının auksionları keçiriləcək, eyni zamanda, atçılıq parkında köhlənlərin iştirakı ilə təlim və şou-proqramlar təşkil olunacaq.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət