Özbək qardaşlara kitab hədiyyəsi

post-img

Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının rəhbərləri arasında görüş keçirilib.

Kitabxananın direktoru Ümidə Teşaboyeva qonaqları salamlayaraq bildirib ki, Özbəkistanda 12000 kitabxana var və bunlardan 200-ü kütləvi kitabxanadır. Milli Kitabxana mərkəzləşmiş 14 vilayət kitabxanaları ilə sıx əməkdaşlıq edir.

Milli Kitabxananın AMM ilə sıx əməkdaşlığını, iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə mühüm töhfə verdiyini də qeyd edən direktor bildirib ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə burada fəaliyyət göstərən Azərbaycan guşəsi özbək oxucularına qardaş ölkə, onun mədəniyyəti, incəsənəti, tarixi ilə daha da yaxından tanış olmaq imkanı yaradır.

AMM-nin direktoru Akif Marifli Azərbaycan xalqının qədim zamanlardan yüksək kitabxana işi və kitab oxuma mədəniyyətinə malik olduğunu, onu qiymətli sərvət kimi qoruduğunu qeyd edib. O, bu gün də Azərbaycanda əlyazma nümunələrinin toplanması, saxlanması, öyrənilməsi və təbliğinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Görüşdə sıx əməkdaşlığa dair layihələrin həyata keçirilməsi, fondların zənginləşdirilməsi müzakirə edilib. Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Milli Kitabxanaya Azərbaycan mədəniyyəti, dili, tarixi, ədəbiyyatı və s. mövzularda 500-dən çox kitab hədiyyə edilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Mədəniyyət