Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın solo fortepiano üçün bəstələdiyi “Diabelli üçün vals” əsəri Polşada keçirilən “Diabelli recomposed 2.0” beynəlxalq qadın bəstəkarlarının layihəsi çərçivəsində səsləndirilib.
Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
“Diabelli üçün vals” 22 ölkədən 53 qadın bəstəkarın əsərləri arasından seçilərək ən yaxşı bəstələrdən biri kimi qiymətləndirilib. “Furore-Verlag”ın nəşr etdiyi antologiyada 50 seçmə əsər arasında yer alıb.
Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova Almaniyada ilk dəfə beynəlmiləl tərkibli "Bridge of Sound" orkestrinin və "Harmony of Sound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəridir. 2024-cü ildə Almaniyada "İlin ən yaxşı bəstəkarı" adına və “Artist in Residence" nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır. Əsərləri dünyanın bir çox ölkəsində konsertlərdə, festivallarda ifa edilir.
Qeyd edək ki, soydaşlarımızın bu cür uğurları ölkəmizin mədəniyyət dəyərlərinin təbliği yolu ilə Azərbaycanın mədəni təsir vasitələrinin formalaşdırılması baxımından olduqca faydalıdır.
P.ƏMİRCANOV
XQ